II Qarabağ müharibəsindən sonra Kəlbəcərdə quruculuq prosesi sürətlə inkişaf edir

II Qarabağ müharibəsindən sonra Kəlbəcərdə quruculuq prosesi sürətlə inkişaf edir 2020-ci il noyabrın 10-da imzalanan üç tərəfli sazişə əsasən noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcərin işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Prezident İlham Əliyev Kəlbəcərin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır”. Bundan sonra rayonda bərpa və quruculuq işlərinin planlı şəkildə icrasına başlanılmışdır.
Bərpa-quruculuq prosesində həyata keçirilən möhtəşəm infrastruktur layihələr, xüsusən də yol-nəqliyyat infrastruktu, yeni inşa edilən çoxşaxəli və müxtəlif istiqamətli avtomobil yolları, strateji əhəmiyyətli tunellər xüsusi əhəmiyyət kəsb edir. Bu müddət ərzində həmçinin 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrin, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməlqoyma və açılış mərasimləri keçirilib. Qeyd etmək lazımdır ki, sərhədlərin yeni yaradılan hərbi hissələrlə möhkəmləndirilməsi də dinc quruculuq işlərinin güvənliyini xeyli artırır.
Eyni zamanda relyefi dağlıq olan rayon ərazisi faydalı qazıntılarla zəngindir. Qızıl, civə kimi yeraltı sərvətlərin, mərmərin çıxarılması və emalı sənayesinin təşkili, xalçaçılığın genişləndirilməsi də ölkə iqtisadiyyatına böyük fayda gətirəcək.
Murovdağ silsiləsinin əhatəsində yerləşən Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Kəlbəcər rayonu həm də turistlərdə maraq yaradacaq bir çox tarixi abidələrlə zəngindir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidir və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu. Qürur hissi ilə deməliyik ki, ötən iki il ərzində Kəlbəcərdə həyata keçirilən bütün möhtəşəm layihələrin həm təməlqoyma həm də açılış mərasimlərində möhtərəm cənab Prezident İlham Əliyev şəxsən iştirak edib və bugün də bu işlər davam edir. Bugünlərdə Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə Böyük Qayıdış İkinci Dövlət Proqramı imzalanmışdır. 2026-ci ilədək dövrü əhatə edən bu mükəmməl sənəd işğaldan azad edilmiş torpaqlarımızı dünyanın ən gözəl bölgəsindən biri edəcək.

259 nömrəli tam orta məktəbin kimya müəllimi Aytən Babaşova

Oxşar xəbərlər