Təhsil, savadla silahlanan qadınlar ölkənin ictimai-siyasi, iqtisadi-mədəni inkişafına əvəzsiz töhfələrini vermişlər

Təhsil, savadla silahlanan qadınlar ölkənin ictimai-siyasi, iqtisadi-mədəni inkişafına əvəzsiz töhfələrini vermişlər Türk tarixinin qədim dövrlərindən günümüzə qədər nəzər salsaq, türklərin qadına verdiyi dəyərin nə qədər böyük olduğunu görə bilərik. Əlbəttə ki, türk qadını bu hörməti səbəbsiz yerə qazanmayıb. İlk başda zərif tərəf kimi qəbul edilən qadının əslində necə güclü, ağıllı ola biləcəyini sübut edəcək nə çox “zərif”lərimiz var.

Azərbaycan qadını “Dədə Qorqud”da haqqı tanrı haqqına bərabər sayılan, oğuz igidləri ilə birlikdə at çapan, qılınc oynadan, doğma elinin-obasının şərəf və ləyaqətini qorumaqdan ötrü oğul dağına sinə gərməyi gözə alan qadındır. Azərbaycan qadını sarayları tərk edib Çənlibeli özünə ev seçən, Koroğlu kimi mərd adama yol göstərən, yeri gələndə eyiblərini üzünə deyən qadındır. Fars hökmdarına qan içdirən Tomiris, Azərbaycanın ilk diplomat qadını sayılan Sara xatun və digərləri tarix boyu torpaqlarımızı düşmənlərdən qorumaq üçün kişilərlə mübarizə aparmış, nə qədər cəsarətli, müdrik olduqlarını bəyan etmişlər. Soykökümüzdə güclü qadınların olması Azərbaycan qadınına olan inam və hörməti ön plana çıxarmışdır. Əbəs yerə deyil ki, Şərqdə qadınlara seçmək və seçilmək hüququnu tanıdan ilk dövlət də Azərbaycan Xalq Cümhuriyyəti olmuşdur.

Qadınların maariflənməsi, qız məktəblərinin açılması, qızların təhsilə cəlb olunması onları bu cəmiyyətin önəmli şəxsiyyətinə çevirmişdir. Sevindirici haldır ki, qadınlara bu cür şəraiti yaradan insanlar da Azərbaycanın maarifpərvər, açıqfikirli ziyalıları olmuşlar. Hacı Zeynalabdin Tağıyev: “Bir kişinin(və ya oğlan uşağının) təhsil alması sadəcə bir nəfərin təhsil almasına bərabərdirsə, bir qadının(və ya qız uşağının) təhsil alması bir nəslin təhsil almasına bərabərdir” fikri ilə qadınların təhsil almasına nə qədər önəm verdiyi göstərmiş olmuşdur. Təhsil, savadla silahlanan qadınlar ölkənin ictimai-siyasi, iqtisadi-mədəni inkişafına əvəzsiz töhfələrini vermişlər.

Azərbaycan qadını o qədər güclüdür ki, müharibələr belə onu qorxutmayıb. İstər ön, istərsə də, arxa cəbhədə müharibə zamanı Vətən naminə fədakarlığını göstərib, qorxmadan ön cəbhəyə də atılıbdır. Qadın şəhidlərimiz Arəstə Baxışova, Salatın Əsgərova cəsur Azərbaycan qadınlarına ən gözəl nümunədirlər. Azərbaycan qadını çəkdiyi iztiraba, acıya baxmayaraq, güclü olmağı bacarandır. Oğul tabutunu çiyinlərində aparan ana-Azərbaycan qadını güclüdür. Deyə bilərik ki, torpaqlarımızın düşmən işğalından təmizlənməsində əsas qəhrəmanlarımız analarımızdır. Çünki onlar bu illər ərzində ürəklərində vətən məhəbbəti ilə övladlarını, şagirdlərini vətənpərvərlik ruhunda böyütmüşlər. Bir an olsun belə düşmənin törətdiyi faciələri onlara unutdurmamışdılar. Laylasından vətən sevgisi əksik olmayan analar günümüzün qəhrəmanlarını boya-başa çatdırmışdılar. Övladları şəhid olarkən isə Vətən sağ olsun! deyib məğrurluğunu itirməmişdir. Bundan sonra da yenə övladlar: oğullar və qızlar vətən sevgisi ilə böyüdüləcək.

Azərbaycan xanımlarının bacarığı, potensialı onların xalqa xidmətinin əvəzsiz təminatçısı olmuşdur. Bu qadınların həmişə öndə olmasını istəyən öndərimiz Heydər Əliyev ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoymuşdur. Azərbaycan qadınlarının hüquqları Ümummilli Liderimiz tərəfindən xüsusilə qorunurdu. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1995-ci ilin iyun ayında verdiyi fərmanla Azərbaycan BMT-nin «Qadınlara qarşı hər cür ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» Konvensiyasına qoşulmuşdur. Bu konvensiya görə, “qadınlara qarşı ayrı-seçkilik” qadınların ailə vəziyyətindən asılı olmayaraq kişi və qadınların hüquq bərabərliyi əsasında və siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya hər hansı digər sahədə insan

hüquqlarının və əsas azadlıqlarının tanınmasının, istifadə edilməsinin və ya həyata keçirilməsinin əngəllənməsinə və ya heçə endirilməsinə səbəb olan və ya bu məqsədi daşıyan, cinsi əlamətə görə hər hansı fərqləndirmə, istisna, yaxud məhdudiyyət deməkdir.” Belə bir konvensiyaya qoşulmağımız ölkəmizdə qadın hüquqlarının qorunmasını təmin etmişdir. Qadınlar hüquq və vəzifələrinə hakim olaraq ölkənin, millətin rifahı, gələcəyi üçün çalışmışlar. Qadınlar öz bilik və bacarıqlarını müxtəlif sahələrdə sınamağa başlamışlar. Bununla da ölkə həyatının bütün sahələrində qadınların fəaliyyəti, şəxsiyyət kimi inkişafı təmin olunmuşdur. Bu kimi daha bir neçə qanun və fərmanların qəbulu qadınların cəmiyyətdəki rolunu xüsusilə artırmağa xidmət göstərmişdir.

Dövrümüzdə də Azərbaycan qadını cəmiyyətdəki uğurlu mövqeyi ilə seçilərək sadəcə ana statusu ilə kifayətlənmir. Ölkənin mühüm aparıcı sahələrində öz sözünü deyə bilən, ağlı, dərrakəsi, uzaqgörənliyi ilə diqqəti cəlb edən qadın cəmiyyətin inkişafında əvəzsiz xidmət göstərir. Məhz Mehriban xanım Əliyevanın timsalında da Azərbaycan qadınının bu gün layiq olduğu mövqeyə yüksəldiyini deyə bilərik. Mehriban xanımın istər ictimai, istərsə də siyasi sahədə göstərdiyi fəaliyyəti Azərbaycan qadınının necə böyük işlərə imza ata biləcəyini sübut edir.

Onun təşəbbüsü ilə yaradılan xeyriyyə fondu insanların ümid yerinə çevrilmiş, probemlərini həll etmək üçün mükəmməl bir vasitə olmuşdur. Xeyriyyə fondu çərçivəsində görülən işlər olduqca təqdirə layiqdir. Eyni zamanda Mehriban xanımın UNESCO kimi beynəlxalq qurumlarda xoşməramlı səfir olması, Azərbaycanın maraqlarını müdafiə etməsi Azərbaycanın həm də beynəlxalq müstəvidə nüfuzunu artırmışdır.

Azərbaycan qadını bir incidir. Daxilən zərif və qiymətli, eyni zamanda zərbələrə tab gətirəcək qədər güclü, möhkəm və mətanətlidir. Azərbaycan qadını millətinin gələcəyi üçün özünü belə fəda etməyə hazır olan bir qüvvədir.

Ramana qəsəbəsi, 137 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Hacıyeva

Oxşar xəbərlər