Sosial siyasətin bir hissəsi olan demoqrafik siyasət ölkəmizdə xüsusi önəm daşıyır. Demoqrafik siyasət əhalinin say və struktur dinamikası meyillərini dəyişdirmək və ya saxlamaq üçün əhalinin təkrar istehsalı prosesinin tənzimlənməsi sahəsində dövlət orqanlarının və sosial institutların məqsədyönlü fəaliyyətidir. Başqa sözlə, bu, doğum, ölüm, nikah, boşanma proseslərinə və əhalinin yaş strukturuna təsir edən siyasətdir. Demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail olmaq və demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədilə 1999-cu ildə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” qəbul edilmişdir. Bu sənədin əsasında ölkə Prezidentinin 11 noyabr 2004-cü il tarixli sərəncamı ilə “Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” təsdiq olunmuşdur. 18 il əvvəl həyata keçirilməyə başlayan, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının da bir nailiyyəti məhz odur ki, bu gün ölkəmiz demoqrafik problemlərdən uzaqdır. Bu vəziyyət isə istənilən ölkədə sosial, iqtisadi, siyasi, ekoloji vəziyyətlə birbaşa bağlıdır. Demoqrafiya sosial-iqtisadi vəziyyətin göstəricilərindən biridir. Bəli Cənab Prezidentimizin vurğuladığı kimi : “Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Müstəqillik dövründə əhali 7 milyondan 10 milyona çatıbdır. Bu,ölkədə gedən müsbət meyillərin təzahürüdür, sabitliyin,əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür.” Hər bir ölkənin demoqrafiyası onun sosial-iqtisadi vəziyyətinin güzgüsüdür. Doğumun və ölüm səviyyəsinin göstəriciləri, miqrasiyanın saldosunun müsbət, yaxud mənfi olması sıradan bir faktlar deyil. Bunlar şərhə ehtiyacı olmayan dəlil-sübutdur. Azərbaycanda demoqrafik vəziyyət müsbət olaraq qalır, əhalimiz getdikcə artır və dövlətimiz buna paralel olaraq öz iqtisadiyyatını inkişaf etdirir. Prezident İlham Əliyev ölkəmizdə demoqrafik vəziyyətin müsbət olduğunu dəfələrlə vurğulamışdır. Əhalinin sayının artmasını ümumi iqtisadi inkişafın təzahürü kimi dəyərləndirən dövlət başçısı, eyni zamanda, bununla bağlı qarşıda böyük vəzifələr dayandığını qeyd etmişdir. Gələcəkdə bizə yeni məktəblərin, uşaq bağçalarının, iş yerlərinin lazım olacağını nəzərə çatdırmışdır: “Görün, müstəqillik illərində əhalimiz nə qədər artıb. Bu, bizim gücümüzdür, gücümüzü artırır. Eyni zamanda qarşımıza vəzifələr qoyur”.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Nəzakət Əzizzadə
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Nəzakət Əzizzadə