Elxan Hüseynov: Əziz Tələbələr Sizləri daima Sumqayıt Dövlət Universitetinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrinizi verməyə çağırıram

Elxan Hüseynov: Əziz Tələbələr Sizləri daima Sumqayıt Dövlət Universitetinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrinizi verməyə çağırıram Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi insandır. Bu şəxs kimidir?

Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.

Qanuninfo.az-ın əməkdaslarının araşdırması nəticəsində şəhər sakinləri haqqında sorğu keçirdik. Bir ağızla dedilər: Ölkə Prezidentinin sərəncamı və regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadr ehtiyacını təmin etmək məqsədini hədəf tutan Sumqayıt Dövlət Universiteti öz nailiyyətləri ilə nəinki regionun, həmçinin ölkənin nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir. Sevindirici haldır ki, universitetin əldə etdiyi nailiyyətlər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində həyata keçirilən ən böyük layihələrdən biri universitetin 1 saylı tələbə yataqxanasının əsaslı təmiri idi. Universitetin hər iki yataqxanasında 1992-ci ildən etibarən məcburi köçkün ailələri məskunlaşmışdır. Qaçqın və məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin gördüyü işlər çərçivəsində Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni qəsəbə salındı və universitetin 1 saylı tələbə yataqxanasında məskunlaşmış ailələrin yeni evlərə köçürülməsi təmin edildi. Tam yararsız vəziyyətə düşmüş həmin yataqxana müasir standartlara uyğun layihələndirildi və tələbələrin rahatlığını təmin etmək məqsədilə hər cür şərait yaradılır. Artıq universitetin 1 saylı yataqxanasında təmir işləri başa çatmaq üzrədir.

SDU-nun rektoru birinci kurs tələbələri ilə görüşdü

Elxan Hüseynov: Əziz Tələbələr Sizləri daima Sumqayıt Dövlət Universitetinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrinizi verməyə çağırıram


Sentyabrın 29-da Sumqayıt Dövlət Universitetində ənənəvi tədrisin başlanması münasibəti ilə rektor qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələri ilə görüş keçirdi.
Əvvəlcə rektor professor Elxan Hüseynov və yüksək bal toplamış birinci kurs tələbələri universitetin foyesində Ulu Öndər Heydər Əliyevin büstünü və universitetin həyətində Şəhidlərin şərəfinə ucaldılan abidə kompleksini ziyarət etdilər, əklil və gül dəstələri düzdülər.
Sonra rektor auditoriyalarda birinci kurs tələbələri ilə görüşdü, şanlı qələbəli 2021/2022-ci tədris ilinin başlaması münasibətilə professor-müəllim heyətini və tələbə adını qazanmış gəncləri təbrik etdi, onlara təhsildə və əmək fəaliyyətlərində uğurlar arzuladı. Qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti yeni tədris ilini yüksək texnologiyalarla, İKT-nin son nailyyətləri ilə təchiz olunmuş auditoriyalar və müasir avadanlıqlarla təmin olunmuş laboratoriyalarla, zənginləşdirilmiş Elmi kitabxana, idman kompleksi, futbol meydançası, qəhrəman məzunlarımızın xatirəsinə ucaldılan abidə kompleksi və ən asası isə “QARABAĞ AZƏRBAYCANDIR!” nidası, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli Azərbaycan ordusunun iradəsi ilə Şuşa qalasında, Xüdafərin körpüsündə dalğalanan üç rəngli, hilallı-ulduzlu Bayrağın qüruru ilə qarşılayır. Bildirdi ki, uzun müddətdir COVID-19 infeksiyası ilə mübarizənin davam etməsi səbəbindən tədris prosesi əsasən məsafədən həyata keçirilirdi nəhayət ki, ənənəvi tədris bərpa olundu, professor-müəllim və tələbə heyətini universitetdə görmək, əvvəlki həyatımıza qayıtmaq çox sevinclidir. Əminəm ki, bu tədris ili Sumqayıt Dövlət Universiteti kollektivinin hər bir üzvü üçün uğurlar, yeni başlanğıclar və əhəmiyyətli nailiyyətlər ilə yadda qalacaqdır. Birgə səylərimiz yeni tədris ilində Sumqayıt Dövlət Universitetinin müasirləşdirilməsi və yeni dövrün tələblərinə uyğun modernləşdirilməsi istiqamətində daha ciddi nəticələrin əldə olunmasına imkan verəcəkdir. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu müasir, qüdrətli, müstəqil Azərbaycanımızda təhsilə xüsusi diqqət və qayğı göstərilir. Rektor onu da diqqətə çatdırdı ki, universitetlər öz siması ilə tanınır. İndi Sumqayıt Dövlət Universiteti yalnız elm və təhsil müəssisəsi kimi deyil, həm də şəhərin zəka ocağı və mədəniyyət mərkəzi kimi öz fəaliyyətini bütün sahələrdə davam və inkişaf etdirir. Əbəs yerə deyil ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamda “Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır” - qeyd edilmişdir. Bu universitetimizə verilən ən ali qiymətdir. SDU-da aparılan yenidənqurma və abadlıq işləri onun görkəmini tamamilə dəyişmişdir.
Rektor çıxışının sonunda fədakar alimlərimizi, təkcə ziyalı deyil, əsl Vətəndaş yetişdirən müəllimlərimizi, Zəfər sevinci ilə universitetimizə qədəm qoyan tələbələrimizi yeni tədris ilinin başlanması münasibəti ilə bir daha təbrik etdi, uğurlar və cansağlığı arzuladı.
Sonra qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri təqdim edildi. Çıxış edən tələbələr SDU-ya qəbul olunduqlarına görə sevinc hissi keçirdiklərini, gələcəyin peşəkar ixtisaslı kadrı olmaq üçün elmin sirlərinə həvəslə yiyələnəcəklərini qeyd etdilər.
Qeyd edək ki, universitetdə hər bir əməkdaşın və tələbənin şəxsi gigiyena qaydalarına əməl edilməsi və dezinfeksiya tədbirlərinin görülməsi istiqamətində Sumqayıt Dövlət Universitetinin bütün tədris binalarında: dəhlizlərdə, auditoriya və laboratoriyalarda, mərkəzlərdə, ictimai-iaşə obyektlərində və sanitar qovşaqlarında dezinfeksiya işləri aparılıb. Həmçinin məlumatlılığın artırılması məqsədilə dəhlizlərə maarifləndirici stendlər vurulmuş, əməkdaş və tələbələrin yoluxma riskini azaltmaq məqsədilə xüsusi dezinfeksiyaedici aparatlar quraşdırılmışdır. Bu istiqamətdə rəhbərlik tərəfindən universitetin hər üç tədris binasında nəzarətçilər təyin edilib. Bundan əlavə, termovizorlar – hərarəti özü ölçən cihazlar vasitəsi ilə universitetin inzibati binasına daxil olan bütün əməkdaş və tələbələrin hərarəti ölçülür.
Tədrisin karantin rejimi qaydalarına əsasən təşkili məqsədilə dərslərdə auditoriyaların tutumunun 70%-dək tələbənin iştirakı təmin olunub.

SDU-nun rektoru professor Elxan Hüseynovun 2021-2022-ci tədris ilində tələbə adı qazanan gənclərə təbriki

Əziz birinci kurs tələbələri! 2021-2022-ci tədris ilinin başlanması münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir və SDU-nun tələbələri olaraq təhsilinizdə uğurlar arzulayıram. Sizləri daima Sumqayıt Dövlət Universitetinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrinizi verməyə çağırıram.
Əziz tələbələr! Siz bu gündən həyatınızın mühüm bir mərhələsinə qədəm qoyursunuz. Bu illər ərzində ömrünüzün ən mənalı dövrünü yaşayacaq, bunu sonralar dəyərləndirəcək, xatirələrinizdə canlandıracaqsınız. Çalışın universitetdə sizin üçün yaradılan şəraitdən səmərəli istifadə edərək Sumqayıt Dövlət Universitetinin adına hər zaman şərəf və şöhrət gətirəsiniz.
Tələbəlik illəri insan ömrünün ən unudulmaz dövrüdür. Bu illər ərzində universitet kollektivi olaraq çalışacağıq ki, üzünüzə elmin qapılarını açaraq, sizləri yüksək səviyyəli mütəxəssislər kimi yetişdirək. Bunun üçün universitetə yeni, müasir laboratoriyalar alınmış, elektron elmi kitabxana, tələbələrimizin praktiki biliklərini möhkəmləndirmək üçün açıq səmada elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlikli yarımstansiya – Tədris poliqonu yaradılmışdır. Son bir neçə il ərzində tələbələrimizin bir qrupunun beynəlxalq müsabiqə və elmi konfranslarda iştirak etmək üçün dünyanın bir sıra universitetlərinə göndərilməsinə nail olunmuşdur. Tələbələrin semestr və kurs imtahanlarında əldə etdikləri nəticələr göstərir ki, zəhmətimiz hədər getməyib.
Hər bir uğurlu kadr həm də təhsil aldığı universitetin səfiri, elçisidir. Ümid edirəm ki, qarşıdakı illərdə əldə edəcəyiniz nailiyyətlər universitetin şərəf kitabına yazılacaq. Siz qürurla Sumqayıt Dövlət Universitetini seçdiyiniz kimi, biz də tələbələrimiz olaraq sizinlə fəxr edəcəyik.
Əziz tələbələr! Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ölkə Prezidenti, yenilməz sərkərdə cənab İlham Əliyevin siyasi müdrikliyi və qətiyyətli iradəsi, əsgər və zabitlərimizin mərdliyi və igidliyi, xalq-iqtidar-ordu birliyi sayəsində dədə-baba torpaqlarımız düşmən işğalından azad edildi. Yüksək fəxarət hissi ilə qeyd etmək istərdim ki, erməni əsarətindən qurtulmuş əzəli torpaqlarımızda üç rəngli Zəfər bayrağını ucaldanlar sırasında dogma universitetimizin tələbə-məzunları da vardır. Qazanılan Qələbə təkcə 2020-ci ilin deyil, son əsrlərin ən möhtəşəm zəfəri oldu! Bu Zəfər döyüşündə Sumqayıt Dövlət Universitetinin də onlarla məzunu, tələbəsi, işçisi onların ailə üzvləri qəhrəmanlıqla döyüşdü, şücaət göstərdi, qalib əsgər adını qazandı. Vətən müharibəsində qazanlan Qələbə həm də minlərlə şəhidlərimizin qanı bahasına başa gəldi. Şəhidlərimizin ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyir, onların əziz xatirəsini birlikdə anırıq.
Zəfər ilində tələbə adını daşımaq hər bir kəs üçün şərəflidir. Əziz tələbələr! Siz sabahın peşəkar mütəxəsisləri, müstəqil dövlətimizi möhkəmləndirəcək, xalqımızın parlaq gələcəyini təmin edəcək ölkə vətəndaşlarısınız.
Bu çətin günlərdə – pandemiya dönəmində təntənəli “Bilik günü” keçirə bilməsək də, sevincinizə şərik olaraq sizə can sağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. Əminəm ki, xalqımızın birliyi nəticəsində biz pandemiya sınağından da üzüağ çıxa biləcəyik və yenidən tələbələrimizi doğma universitetimizdə qarşılayacağıq.
Sonda sizləri bu çətin pandemiya günlərində digər insanlara nümunə olmağa çağırıram və sizi, sizin simanızda tələbə adını qazanan bütün gəncləri, onların valideynlərini, müəllimlərini təbrik edir, möhkəm can sağlığı, uğurlar arzu edirəm. Qoy ulu tanrı hər zaman sizə yar olsun.

Oxşar xəbərlər