Ən azı 100 deputat yenilənəcək – parlament seçkisi ilə bağlı yeni iddialar

Ən azı 100 deputat yenilənəcək – parlament seçkisi ilə bağlı yeni iddialar Seçkilərin gələn ilin əvvəlində keçiriləcəyi qeyd olunur; YAP parlament seçkilərində yaşlı namizədlər irəli sürməyək

Azərbaycan Milli Məclisi ətrafında gəzən söz-söhbətlər səngimək bilmir. Ölkə başçısı İlham Əliyevin 15 oktyabrda keçirdiyi iqtisadi müşavirədən sonra iddialar daha da artıb. Prezidentin yaşlı məmurlara ünvanladığı “gedin” mesajının qanunverici orqanda təmsil olunan qocaman deputatlara da şamil olunduğu bildirilir.

Artıq Azərbaycan hökumətinin yaşlılarla sağollaşmaq fikrində qətiyyətli olduğu son günlərdə bir neçə qərarda özünü büruzə verdi. Hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində yaşlı namizədlər irəli sürməyəcəyi iddia edilir. Əslində bu seçkilərlə bağlı da müəyyən söz-söhbətlər dolaşır. Seçkilərin vaxtından əvvəl, gələn ilin əvvəlində keçiriləcəyi qeyd olunur. Bu proseslərdə parlamentin tərkibinin hətta 90 faiz (ən azı 100 deputat yeri) dəyişə biləcəyi vurğulanır. “Lal”, qocaman, məmurlara yaxın mandat sahibləri üçün qanunverici orqanın qapılarının bağlanacağı barədə fikirlər də səslənir. Tərkibdə orta və gənc nəslin daha çox təmsil olunacağı deyilir. Ölkə iqtidarının gələcək üçün kadr bazasını Milli Məclis üzərində qurmaq fikrində olduğu söylənilir. Əslində bunun mesajları 2018-ci ilin aprelindəki prezident seçkilərindən sonra verilmişdi. Seçkilərdə qalib gələn İlham Əliyev təyinatlarda parlament deputatlarına üstünlük vermişdi, yəni onları yüksək vəzifələrə təyin etmişdi.

Müxalifətlə bağlı da müəyyən fikirlər dolaşır. Parlament partiyalarının bəzilərinin bu dəfə qanunverici orqandan kənar qalacağı ehtimal edilir. Onları başqa siyasi qurumların əvəzləyəcəyi bildirilir. Milli Məclisdə təmsil olunan partiyaların sayının da artırılacağı söylənilir.

Keçmiş maliyyə naziri Fikrət Yusifov da Milli Məclisin yenilənməsini arzu edir: “Azərbaycanda hakimiyyətin bu qanadının zəifliyi cəmiyyətdə əsas tənqid hədəfində olan mövzulardan biridir. İnsanlar arasında keçirilən sorğular göstərir ki, onların çoxu öz deputatlarını tanımırlar. Əgər seçici səs verdiyi deputatın adını belə bilmirsə, bu seçicinin günahı deyil – deputatın günahıdır. Deputat xalqın sözünü deyən, onu aidiyyəti yerə çatdırmalı olan birisidir. Bizim deputatların böyük bir hissəsi parlamentdə praktik olaraq söz sahibi deyillər. Yəni onlar parlamentdə ”danışmaq gümüşdürsə, susmaq qızıldır” prinsipinə söykənib, passiv mövqedə dayanmağa üstünlük verirlər. Kifayət qədər məlumatlar var ki, bu sıradan olan deputatların əksəriyyəti seçiciləri ilə də demək olar ki, görüşmürlər və onların problemlərinin həlli üçün heç nə etmirlər. Danışmayan, lakin həmişə seçicilərinin yanında və dəstəyində olan bir-iki deputat var. Deputat seçicilərinin içərisində olmalıdır və təbii ki, onların problemlərini təmsil olunduğu məclisdə qaldırmalı və bu problemlərin həllinə nail olmalıdır. Növbəti parlamentdə daha aktiv fəaliyyət göstərə biləcək deputatların olmasını arzu edirəm. Bu sırada daha çox iqtisadçıların və hüquqşünasların olması dövlətçiliyimiz üçün olduqca önəmlidir”.



Sabiq dövlət müşaviri Qabil Hüseynli parlamentin tərkibinin yenilənməsinin vacibliyinə toxundu: “Kadr siyasətinin mahiyyətinə parlamentin deputatları da daxil olmalıdır. Düzdür, onlar seçkili orqanların nümayəndələridir. Bu gün durub desək ki, onların ən passivini, yaxud yaşlısını fəaliyyətindən kənarlaşdırmaq lazımdır, bu düzgün olmazdı. Biz parlamentin fəaliyyətinin son günlərini gözləməli, üzümüzə gələn seçkiləri nəzərdə tutub danışmalıyıq. Sözsüz ki, Milli Məclisə seçilən adamın yaşı çox əhəmiyyətlidir. Yaş 70-dən yuxarıdırsa, bu adamın ictimai-siyasi fəallığı aşağıdırsa, ictimai intellektinin kəsərliyi yaxud yüksəkliyi ilə fərqlənmirsə, fəal siyasətçi, ictimai-siyasi xadim deyilsə, belə şəxslərin parlamentə seçilməsinə hər bir partiya imkan verməməlidir. Düzdür, seçkilərdə əsas rol xalqa məxsusdur. Amma seçicilər də maarifləndirilməli və onlara izah edilməlidir ki, Milli Məclisə ictimai-siyasi fəallar, intelektuallar, dünya siyasətini yaxşı bilən hazırlıqlı insanlar seçilməlidir. Onların yaş meyarları da mütləq nəzərə alınmalıdır. Amma bunu mütləqləşdirməyin tərəfdarı deyiləm. Birinin yaşı 70-dən yuxarı ola bilər, amma onun intellektual göstəriciləri yuxarıdırsa, fəal ictimai-siyasi xadimdirsə, ona meydan vermək mümkündür. Çünki siyasətçilər adətən kamil çağlarına yaşlaşanda çatırlar. Burada çox böyük yaşı nəzərdə tutmuram. Gənc nəsillə yaşlı təbəqə arasında qırılmaz nəsil əlaqəsi yaradılmalıdır. Gənc deputat olmalıdır deyib parlamenti tam şəkildə gəncləşdirmək də olmaz. Burada kamil siyasətçilərə yer verilməlidir deyib, Milli Məclisin qapılarını onların üzünə tam açmaq da olmaz. O kəslər parlamentə namizədliklərini verməlidir ki, deputat kimi yüksək funksiyasının öhdəsindən gələ biləcəklərini anlasınlar.

Bu işə özlərini hazır hesab etdikdən sonra deputatlığa namizəd ola bilərlər. Xalqın onlara olan etimadını doğrulda biləcəklərinə də əmin olmalıdırlar. Əlbəttə, xalq da aldanmamalı, hər şeyi götür-qoy edib seçimini etməlidir. Seçki marafonu olur. Bu marafonda insanlara seçki platformasını təqdim etmək, onlar arasında təbliğat aparmaq, əhali ilə görüşmək, KİV-lər vasitəsilə özünü təqdim etmək kimi imkanlar açılır. Bununla da insanlar namizədin hansı keyfiyyətlərinin olduğunu öyrənmək imkanı qazanırlar. Xalqımız düşünüb, daşınıb gənc, enerjili, yüksək keyfiyyətlərə malik olan, vətənpərvər, səhəri gün onun hüquqları uğrunda mübarizə apara biləcək insanlara səs verməyi hədəfləməlidir. Parlament düşüncə parlamenti olmalıdır. Orada işləyən şəxslər təmsil olunmalıdır. Qanunlar hazırlayan, büdcənin hazırlanmasına töhfə verən insanlar mandat qazanmalıdır. Təsadüfi adamların, o qədər də cəlbedici göstəricilərə malik olmayan insanların heç bir halda deputat olmalarına yol vermək olmaz. Çünki qanunverici orqan hər bir hakimiyyət üçün böyük rol oynayan qurumdur. Bu orqanın yaxşı qanunlar hazırlaması, müsbət təşəbbüslərlə çıxış etməsi üçün oraya seçilən adamların mənəvi, əxlaqı keyfiyyətləri və digər insanı tərəfləri ciddi surətdə nəzərə alınmalıdır. Zənnimcə, belə olduqda parlament daha yüksək iş əmsalına sahib ola bilər”.

Oxşar xəbərlər