Azərbaycan əhalisi ən çox nə yeyir? – Bu sahədə dünyada birinciyik

Azərbaycan əhalisi ən çox nə yeyir? – Bu sahədə dünyada birinciyik Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, orta hesabla əmək qabiliyyətli əhali 150 kiloqram, pensiyaçılar 109 kiloqram, 0-14 yaşlı uşaqlar 98 kiloqram çörək və çörək məhsulları istehlak edirlər.

Bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Bu statistikaya əsasən, bir azərbaycanlı gün ərzində təxminən 330 qram çörək yeyir.

Tədqiqatçıların bildirdiyinə görə, insan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək istehlak edir.

Avropada çörəyin ən çox istifadə edildiyi ölkələrin siyahısına 1 vətəndaşı illik 104,3 kiloqram çörək yeməklə Türkiyə başçılıq edir. 2-ci yerdə adambaşına ildə 95,2 kiloqram çörək tükətməklə Bolqarıstan qərarlaşıb. 3-cü sırada ildə adambaşına 88,9 kiloqram çörək istehlakı ilə Ukraynadır. Yunanıstan illik adambaşına 68 kiloqram çörək tükətməklə 4-cü, Hollandiya 62,1 kiloqramla 5-ci, Fransa 57,1 kiloqramla 6-cı, Almaniya 55,7 kiloqramla 7-ci, Belçika 55, 3 kiloqramla 8-ci, Rusiya 54,8 kiloqramla 9-cu, İtaliya isə 52, 7 kiloqram çörək tükətməklə 10-cu yerdə qərarlaşıb.

Yuxarıda qeyd etdiyimiz statistikayla Azərbaycan illik adambaşına düşən çörək istehlakına görə, bütün Avropa ölkələrini geridə qoyur.

Maraqlıdır ki, tərkibində insan orqanizmi üçün vacib element-zülal olan ət və ət məhsulları istehlakı olduqca aşağıdır. Belə ki, orta hesabla il ərzində əmək qabiliyyətli əhali 30 kiloqram, pensiyaçılar 19,2 kiloqram, 0-14 yaşlı uşaqlar 25 kiloqram ət istehlak edirlər. Orta hesabla il ərzində bir azərbaycanlı 25 kiloqrama yaxın ət və ət məhsulları ilə qidalanır.

Modern.az bildirir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, azərbaycanlılar çörək yeməkdə dünyada birinci yeri tutur:

“Hətta xalqımız dünya ölkələrini çörək yeməyə görə 2-3 dəfə qabaqlayır. Ona görə də təsadüfi deyil ki, beynəlxalq təşkilatlar bu yaxınlarda ölkəmizdə unun tərkibinin zənginləşdirilməsi layihəsinə start verəcəklər. Unun tərkibinə müxtəlif vitaminlər, dəmir elementləri, sink qarışdırılacaq ki, insanların sağlamlığı yüksəlsin. Çünki çörək azərbaycanlıların qida rasionunda birinci yerdə dayanır. Maraqlıdır ki, Azərbaycan aclıq, qıtlıq içərisində yaşayan ölkə olmasa da, bu qidaya tələbat həddindən artıqdır. Azərbaycanda çörək Qurandan irəli gələrək müqəddəs sayılır. Müqəddəslik həmişə tələbat yaradır. Amma bizdə çörəyin çox yeyilməsi artıq vərdişə çevrilib. Əhali bilməlidir ki, böyük iştahla yediyimiz isti təndir çörəyi orqanizm üçün həddindən çox zərərlidir”.
AİB sədri qeyd edib ki, Azərbaycan qida rasionuna daxil edilən digər qidaların istehlakında geri qalır:
“Ümumdünya Səhiyyə Təşkilatının bütün normativlərindəki göstəricilərdən geri qalırıq. Xüsusilə ət və ət məhsulları, balıq, süd və süd məhsulları, kərə yağı istehlakında çox geridəyik. Yeganə qida çörəkdir ki, onun istehlakına görə dünya ölkələrini dəfələrlə qabaqlayırıq. Eyni zamanda, bizimkilər çox israfçıdırlar. Bəzi vətəndaşlar çörəyə and içir, “Qurani-Kərimə” bərabər tutulduğunu deyir, amma çörəyi zibilə atır”.
Nazirlər Kabinetinə istinadən Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi haqqında məlumatları təqdim edirik:

Ərzaq məhsullarının adı Ölçü vahidi İstehlakın həcmi(orta hesabla adambaşına bir ildə)
əmək qabiliyyətli əhali pensiyaçılar uşaqlar0-14 yaş
Çörək və çörək məhsulları (una çevirməklə) kq 150 109 98
Kartof kq 46.7 36.5 40.2
Tərəvəz və bostan məhsulları kq 95.7 85.5 101.2
Meyvə və giləmeyvə kq 38 38 76
Ət və ət məhsulları kq 30 19.2 25
Süd və süd məhsulları (südə çevirməklə) kq 193.6 223.1 247.5
Balıq və balıq məhsulları kq 5 5 5
Yumurta ədəd 135.0 91.0 169.0
Şəkər və qənnadı məmulatları (şəkərə çevirməklə) kq 16.3 14.6 19.5
Bitki yağı, marqarin və digər piylər kq 11 7.9 8.3
Mal-qara yağı kq 8 5.5 6
Digər məhsullar (çay, duz) kq 3.6 2.8 3.3

Oxşar xəbərlər