Azərbaycanda qorxulu xəstəliyin müalicəsi mümkündür – Vətəndaşlara müraciət

Azərbaycanda qorxulu xəstəliyin müalicəsi mümkündür – Vətəndaşlara müraciət Azərbaycan həkimləri insanları İİV-ə yoluxmaqdan qorumağa qadirdirlər, lakin çox adam bunu bilmir. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, İİV-ə yoluxduğu andan keçən 72 saat müddətində hər bir adam sağlamlığını xilas edə bilər: “Post-kontakt (təmasdan sonrakı) profilaktikası üçün həkimə müraciət etmək lazımdır ki, o, antiretrovirus preparatlar təyin etsin. Bu halda müalicə kürsü 28 gün davam edəcək”.

“Təəssüf ki, çoxu belə bir imkanın olduğunu bilmir. 2018-ci ildə cəmi 15 nəfər post-kontakt terapiya alıb. Onlar da tibb işçiləri olub” – deyə Zülfüqarov bildirib.

Şöbə müdiri qeyd edib ki, həmin tibb işçiləri, əsasən İİV-ə yoluxmuş xəstəyə iynə vurduğu şprisə səhvən toxunan tibb bacıları olub: “Bəzən QİÇS-lə Mübarizə Mərkəzinə oynayarkən küçəyə atılmış şprislərə toxunan uşaqların valideynləri də müraciət edirlər”.

Bütün bunlarla yanaşı, həkim bildirib ki, Azərbaycanda hər il bir neçə yüz yeni xəstə qeydə alınır: “İl ərzində onların sayı 580-630 nəfər ətrafında dəyişir. Bir çoxları hesab edirlər ki, rəqəmlər dəyişməz qalır və bunun da səbəbi bizim insanları daha az yoxlamağımızdır. Halbuki bu, belə deyil. Misal üçün, biz əvvəllər 400 nəfəri yoxlayırdıq, indi isə 750-dən artıq adamı yoxlayırıq”.

N.Zülfüqarov əlavə edib ki, hazırda Azərbaycanda İİV-lə yaşayan adamların sayı 6,193 nəfərdir: “1987-ci ildən indiyə qədər ölkəmizdə bu virusa yoluxmuş 969 nəfər xəstə ölüb. Həkimə tez-tez müraciət edən və qanında İİV tapılan əsas risk qrupu inyeksiya yolu ilə narkotik maddə qəbul edənlərdir. Onların 44%-ə qədərinə virus ümumi istifadə edilən şprislərdən yoluxur”.

Müsahibimizin dediyinə görə, hazırda ölkəmizdə İİV xəstəsi olan 4,980 nəfər (70%) antiretrovirus terapiyasına qoşulub. QİÇS-lə Mübarizə Mərkəzinin planlarına görə, 2020-ci ilə qədər bu statistika 90%-ə çatacaq.

Oxşar xəbərlər