İran generallarının Bakıdakı təmaslarının pərdəarxasında nələr var?

İran generallarının Bakıdakı təmaslarının pərdəarxasında nələr var? İran ordusunun Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri kürd separatizminə qarşı sərt münasibəti ilə tanınır

Xəbər verdiyimiz kimi, yanvarın 16-da İran ordusunun Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri Azərbaycana iki günlük səfərə gəlib. İranlı general Azərbaycan prezidenti, baş nazir və parlament sədri ilə görüşüb.

Səfərlə bağlı yayılan məlumatda qeyd olunur ki, general Baqeri səfər çərçivəsində müdafiə sahəsində Bakı – Tehran arasında mövcud olan əlaqələr və əməkdaşlıq, sərhəd əməkdaşlığı, terrorizmlə mübarizə və regional hadisələr haqqında fikir mübadiləsi aparacaq. Həmçinin bu səfərin sonunda iki ölkə arasında hərbi – müdafiə sahəsində anlaşma memorandumunun imzalanması gözlənilir.

General Baqeri Bakıda isti mesajlar verib. Yanvarın 16-da prezident İlham Əliyevin qəbulunda olan zaman deyib ki, “İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

Baş Qərargah rəisi bildirib ki, İran bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək: “Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”.

 İran generallarının Bakıdakı təmaslarının pərdəarxasında nələr var?


M.Baqerinin Azərbaycan müdafiə naziri general Zakir Həsənovla görüşü zamanı Azərbaycan və İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, terrorizmlə mübarizə, regional təhlükəsizlik, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İran ordusunun baş qərargah rəisinin Bakı səfəri böyük maraq doğurub. Üstəlik Azərbaycan əsilli general (Baqeri türkdür, əslən Təbrizdəndir – K.R. ) Bakıda isti mesajlar verib, Azərbaycana tam dəstəyini ifadə edib. Digər tərəfdən son dövrlərdə Azərbaycan və İran arasında hərbi sahədə əməkdaşlığın inkişaf etməsi müşahidə olunur. Ötən bir ildə İran müdafiə naziri, Sərhəd Qoşunları komandanı kimi yüksək rütbəli hərbçiləri Bakıya rəsmi səfər edib.

 İran generallarının Bakıdakı təmaslarının pərdəarxasında nələr var?


Yeri gəlmişkən, ötən ilin fevralında Bakıya gələn İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəmi iki günlük səfəri zamanı yüksək səviyyəli görüşlər keçirmiş, Azərbaycanda isti mesajlar vermişdi.

İndi daha çox İran generallarının Bakıya artan səfərlərinin səbəbləri diqqət mərkəzindədir. Əcəba İran generallarını Azərbaycan nədən bu qədər maraqlandırır? Bu səfərlərin arxasında hansı səbəblər dayana bilər?

Təbii ki, söhbət qarşılıqlı maraqlardan gedir. Səfərin məqsədlərində də qeyd olunduğu kimi, bu səfərlər zamanı hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, terrorizmlə mübarizə, regional təhlükəsizlik, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və sair kimi mövzular müzakirə olunub.

Məlum olduğu kimi, son illərdə Azərbaycan və İran arasında hərbi əməkdaşlıq sahəsində əlaqələr inkişaf edib. İran silah sənayesini ildən ilə gücləndirir, xüsusən də atəş silahları, artilleriya qurğuları və onun üçün lazımı avadanlıqlar istehsalında xeyli irəliləyib. Azərbaycan öz ehtiyacları üçün İrandan daha uyğun qiymətlərlə silah və texnika tədarük edə bilər. Eyni zamanda son bir ildə ABŞ-ın kəskin sanksiyalarına məruz qalmış İran hərbiyyəsi bir sıra hərbi istehsal avadanlıqlarını Bakı üzərindən əldə edə bilər və ya birgə istehsalını həyata keçirə bilər.

Bundan başqa İran ordusu hazırda dünyada aktiv hərbi əməliyyatlar aparan, səhra əməliyyatları təcrübəsi olan ordulardan biridir. Xüsusən də Yaxın Şərq regionunda İran hərbiyyəsinin az qala 40 ilə çatan əməliyyat təcrübəsi var. Son illərin hadisələri göstərdi ki, savaşların taleyini məhz çevik əməliyyat qüvvələri həll edir. Bu mənada hərbi təhsil, səhra əməliyyatı təcrübəsi kimi sahələr Azərbaycan üçün maraq doğura bilər.

İranlı generalların Azərbaycana səfərlərinin əsas səbəbləri sırasında ABŞ-ın nüvə anlaşmasından sonra İrana qarşı elan etdiyi qeyri-rəsmi savaşdır. Məlum olduğu kimi, Vaşinqton rəsmən olmasa da, İranda hakimiyyət dəyişikliyi, ölkədə silahlı qarşıdurmaların baş verməsini dəstəkləyən kursu götürüb. Ötən ilin əvvəlində İranda baş verən etirazlara ABŞ prezidentinin açıq dəstəyi, Trampın təhlükəsizlik üzrə müşaviri Con Boltonun ötən ilin yanvarında Parisdə İran hakimiyyətinin əsas silahlı müxalifəti hesab olunan “Xalqın Mücahidləri” Təşkilatının qurultayında iştirak etməsi və burada növbəti bir ildə (bu il fevralın 11-də İranda İslam inqilabının 40 illiyi tamam olur – K.R.) Tehrana qalib kimi daxil olacaqlarını bəyan etməsi Vaşinqtonun İranla bağlı planlarının açıq ifadəsi kimi qəbul olunur. Bundan başqa iki il əvvəl Tehranda, ötən ilin sentyabrında isə ərəblərin sıx yaşadığı Əhvazda baş verən terror hücumları İran hakimiyyəti tərəfindən xaricdən dəstəklənən hərəkat adlandırılmışdı.

 İran generallarının Bakıdakı təmaslarının pərdəarxasında nələr var?


Bu səbəbdən də indi İran üçün əsas təhdidlərdən biri də xaricdən idarə olunan silahlı qrupların ölkədə yenidən baş qaldırmasıdır. Yeri gəlmişkən, bu günlərdə məlum olub ki, “Xalqın Mücahidləri” qruplaşması yenidən İraqa qayıdıb orda keçmiş düşərgələrini bərpa etməyə hazırlaşır. Belə bir vaxtda Tehran qonşularla hərbi məsləhətləşmələri, təhlükəsizlik sahəsində etibarlı əlaqələr yaratmağa çalışır. Çünki daxildə baş qaldıracaq istənilən silahlı hərəkat (kürd və ya ərəb separatçıları, bir də Pakistanla sərhəddə bəluclar – K.R.) xaricdən dəstək almasa uzun müddət davam gətirə bilməz. Bu səbəbdən də indi Tehrana sərhədlərin etibarlı müdafiəsi çox mühümdür. Hər nə qədər İran azərbaycanlıları indi mərkəzi hakimiyyətə qarşı silahlı hərəkata isti yanaşmasa da, Azərbaycan əraziləri İran üçün həddən artıq həssas bir bölgədir.

Yeri gəlmişkən, Baqeri kürd separatizminə qarşı sərt münasibəti ilə tanınır. General Baqeri İranda inqilabdan sonra kürd üsyanının yatırılmasında iştirak edib. 2017-ci ildə İraq kürd muxtariyyətinə qarşı uğurlu Kərkük əməliyyatının İran tərəfdən təşkilatçısı Baqiri idi. Bununla bağlı Ankara və Bağdada səfər edərək əməliyyatı koordinasiyasını hazırlamışdı.

Göründüyü kimi, əslində iranlı generalın səfəri ilə bağlı xeyli səbəblər var. Biz, sadəcə, fərziyyələri yazdıq. Ümumi qənaətimizə əsasən hazırda iki ölkə arasında xüsusən də iqtisadi əməkdaşlıq, nəqliyyat sahəsində əlaqələr inkişaf edir. İndi hər iki tərəf əlaqələrin inkişafında maraqlı olduğunu hər addımda büruzə verməyə çalışır. Bu baxımdan generalın səfərinin əməkdaşlıq və koordinasiyanın yaradılması məqsədinə xidmət etməsi ehtimalı daha yüksəkdir. Bütün bunların fonunda Bakı Ermənistanla münaqişədə həssas önəmə sahib İranla, xüsusən də əsasən azərbaycanlıların daha aktiv olduğu İran hərbiyyəsi ilə əlaqələrin inkişaf etdirilməsi Bakı üçün də maraqlıdır.

Oxşar xəbərlər