Raqub Məmmədovun qardaşı həbs olundu: SABİQ İCRA BAŞÇISININ YAXINI UÇAN KÖRPÜNÜN "ALTINDA QALDI"

Raqub Məmmədovun qardaşı həbs olundu: SABİQ İCRA BAŞÇISININ YAXINI UÇAN KÖRPÜNÜN Məlum olduğu kimi, Göyçayda körpünün uçması ilə əlaqədar bir qrup şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı rəsmi məlumat yayılıb. Baş Prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar, Ekologoya və Təbii Sərvətlər nazirliklərinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunur ki, 2018-ci il iyun ayının 2-də Göyçay rayonu ərazisində baş vermiş güclü leysan zamanı Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçaraq yararsız vəziyyətə düşmüş, nəticədə dövlətə 3 milyon manatdan artıq ziyan dəyib.

Savash.org xəbər verir ki, bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılıb. Müəyyən edilib ki, son dövrlər bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş standartlar, normativlər, qaydalar və lisenziyalaşdırma şərtləri kobud surətdə pozulduğundan ətraf mühitə, infrastruktur obyektlərə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükə yaranmış, çay məcraları kəskin eroziyaya məruz qalıb.

İstintaq araşdırmaları göstərmişdir ki, karxanalardan 14-ü lisenziya və digər müvafiq sənədlər olmadan qanunsuz şəkildə qum-çınqıl istehsalı ilə məşğul olmuş, daha 41 karxana yataqların istismarının dayandırılması barədə Nazirlər Kabinetinin qərarına zidd olaraq fəaliyyətini davam etdirmiş və nəticədə dövlətə 16 milyon manatdan çox ziyan vurulub.

Hüquqazidd əməllərə yol verdiklərinə görə "ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov, "Azpod” MMC-nin qum-çınqıl zavodunun direktoru Nəcməddin Əliyev, "Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev, "Titanik-5” MMC-nin təsisçisi və faktiki rəhbəri Şahin Məmmədov, fiziki şəxslər Natiq Zakirov, Nazim Qasımov, Nəriman Yəhyayev Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olunublar. "Azəraqrartikinti” ASC-nin Göyçay qum-çınqıl filialının istehsalat rəisi Allahverdi Allahverdiyev və "Gülövşə” MMC-nin təsisçisi Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. "Attinak” MMC, "Bayburt Qrup” Anonim Şirkəti, habelə bir sıra digər hüquqi və fiziki şəxslər barəsində araşdırmalar davam etdirilir.

Savash.org-un araşdırmalarından sonra isə bəlli olub ki, həbs olunmuş 7 şirkət rəhbərindən biri, "Titanik-5” MMC-nin təsisçisi və faktiki rəhbəri Şahin Məmmədov Ağdam rayon icra hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun qardaşıdır.

Oxşar xəbərlər