Rus biznesinə öldürücü zərbə - Rusiya təklənir

Rus biznesinə öldürücü zərbə - Rusiya təklənir Qərb dünyası Putinə qarşı birləşdi - sensasion gəlişmə, özəl bilgilər; Britaniyadakı zəhərlənmə olayı böyüyür

SSRİ Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq casusu Sergey Skripal və qızı Yuliyanın Londonda zəhərlənməsi olayı sürətlə böyüyür. Olay az qala, Rusiya ilə Qərb arasında yeni və böyük siyasi qalmaqala çevrilməkdədir. Qalmaqaldan ən böyük itki ilə isə, belə görünür, elə Rusiya çıxmalı olacaq. Çünki İngiltərənin mövqeyini və ittihamlarını ABŞ, Fransa, Almaniya, Yaponiya və digər nüfuzlu dövlətlər, hətta BMT də bölüşür, insidentə görə Rusiyanı suçlu bilirlər.

“Yeni Müsavat” xatırladır ki, Skripal və qızını martın 4-də, London parklarının birində sinir sistemini iflic edən naməlum toksik qazla (“Noviçok”) zəhərləyiblər. Onları bağda huşsuz vəziyyətdə tapıblar. Xəstəxanada isə hər ikisi komaya düşüb.

Britaniya hökuməti Skripal və qızının zəhərlənməsində Rusiya kəşfiyyatının əli olduğunu bəyan edib. Baş nazir Tereza Mey martın 12-də verdiyi açıqlamada Skripal və qızının SSRİ-də istehsal edilmiş kimyəvi silahla zəhərləndiklərini bildirib. Hadisə ilə əlaqədar Rusiyanı ittiham edən T.Mey bunu Böyük Britaniyaya qarşı akt kimi qiymətləndirib. Martın 14-də T.Mey Rusiyaya qarşı sanksiya xarakterli qərarları açıqlayıb. Bu qərarlara əsasən Rusiya ilə rəsmi səviyyədə təmaslar dayandırılıb və 23 rus diplomatı ölkədən qovub.

Az sonra Rusiya analoji addım ataraq 23 ingilis diplomatı ölkədən çıxarıb. Rusiya Xarici İşlər Nazirliyi Sankt-Peterburqdakı Britaniya Konsulluğunun bağlanacağı və Böyük Britaniyanın Sankt-Peterburqda ümumi konsulluq açmaq üçün icazəsinin ləğv ediləcəyini də bəyan edib.

Rusiya və Böyük Britaniya arasında ile ilgili görsel sonucu

*****

Bu da hamısı deyil. Gündəmə həmçinin, Rusiyada bu ilin yayında keçiriləcək futbol üzrə Dünya Çempionatının boykotu məsələsi gəlib. “DÇ-nın boykotu açıq-aşkar variantlardan biridir”, - deyə “The Times” nəşri yazıb. Nəşrin ehtimalına görə, boykot ideyasını bir çox ölkələr dəstəkləyə bilər.

Rusiyaya qarşı başqa, iqtisadi-maliyyə xarakterli cəzalar da yavaş-yavaş işə düşür.

“Yeni Müsavat”ın özəl və mötəbər qaynaqlara istinadən əldə elədiyi bilgilərə görə, artıq dünəndən etibarən Böyük Britaniyada Rusiya vətəndaşlarına məxsus daşınmaz əmlaklara inzibati həbslərin qoyulmasına başlanılıb. Hökumətin emiqrasiya qurumları isə İngiltərədən deportasiya ediləcək rus vətəndaşların siyahısını hazırlayır.

Rus biznesinə öldürücü zərbə - Rusiya təklənir


Deportasiyaya ilk növbədə rusiyalı məmurların Böyük Britaniyada təhsil alan uşaqları və həyat yoldaşlarına şamil ediləcək. Bu xüsusda maraqlı fakt: tanınmış rus biznesmenlərindən birinin İngiltərədə oxuyan 13 yaşlı oğluna elə beləcə də deyiblər ki, “ölkədən çıxacaqsan”.

Bundan əlavə, məlumatlara görə, Səudiyyə Ərəbistanı banklarının nümayəndələri aktivlərin dondurulması və Rusiyaya köçürülməsi mövzusunda məsləhətləşmələr aparır (Hazırda pul çıxarışının əsas axını Səudiyyə vasitəsilə həyata keçirilir). Bu arada Cənubi Kipr (yunan) hökuməti də bəyan edib ki, Rusiyaya qarşı Britaniyanın istənilən addımını dəstəkləyəcək. Söhbət investisiya proqramları əsasında Kipr vətəndaşlığı almış (qanun buna icazə verir) Rusiya oliqarxları və məmurlarının Kipr vətəndaşlığından məhrum olunmasından, həmçinin, Kipr banklarındakı bu vəsaitlərin mənbəyini araşdırmaq təşəbbüsündən gedir.

Rus biznesinə öldürücü zərbə - Rusiya təklənir


Maraqlıdır ki, dünən ABŞ prezidenti Donald Trampın yanında təcil müşavirə keçirilib və həmin müşavirəyə təcili qaydada bir sıra ölkələrin nümayəndələri gəlib. Bunlar Böyük Britaniya, İsrail, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Almaniya, İsveçrə, Norveç, Kanada, Kipr (yunan), İtaliya, Yaponiya, Hollandiya, İsveç və BMT təmsilçiləridir.

Gələn məlumatlarda o da bildirilir ki, Rusiyanın Müdafiə Nazirliyi, həmçinin internetə qoşulan bir sıra hökumət serverləri dünən kiber-hücuma məruz qalıb.

*****

Beləcə, “Rusiya barmağı”nın heç bir şübhə doğurmadığı zəhərlənmə insidenti həqiqi mənada bumeranq effekti ilə Rusiyaya qayıtmaqdadır. Özü də Moskva üçün ən həssas istiqamətlərdə. Gələn informasiyalara görə, ümumiyyətlə, harada Rusiya vətəndaşı var, - əsasən Qərb ölkələrindən söhbət gedir, - onun biznesinə, mülkünə əl qoyulması prosesi başlayıb.

Bütün bunlar isə Rusiyanın onsuz da zəif olan iqtisadi-biznes, maliyyə göstəricilərini daha da pisləşdirməklə yanaşı, Rusiya oliqarxiyasının prezident Putindən narazılığının artacağı, ölkənin getdikcə daha təklənmiş və dünyadan təcrid olunmuş duruma düşəcəyi deməkdir.

Diqqətçəkici məqamlardan biri də baş verənlərin Rusiyada dünənki prezident seçkisi ərəfəsinə təsadüf eləməsi çəkir. Bunu növbəti 6 ilə prezident olacağı şübhə doğurmayan V. Putun üçün “seçki sürprzi”, yaxud “seçki zərbəsi” də adlandırmaq olar. Belə görünür ki, bunlar, hələ “jurnal”dır. “Kino” isə qabaqdadır...

Oxşar xəbərlər