Azərbaycanlı “qanuni oğru”ların savaşı başladı

Azərbaycanlı “qanuni oğru”ların savaşı başladı Abxaziyada “Rəşad Gəncinski”nin güllələnməsi kriminal aləmdə yeni qarşıdurma yaradıb; “Lotu Quli” və digərləri tərəfini seçdi

Musavat.com xəbər verir ki, Azərbaycanlı “qanuni oğru”, “Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılovun avqustun sonunda Abxaziyada güllələnməsi kriminal aləmdə yeni savaş yaradıb. Məlum olduğu kimi, “Gəncinski” Abxaziyanın Qudauti şəhərinə Azərbaycanın ən titullu “qanuni oğru” Nadir Səfilovun (“Lotu Quli”) tapşırığı ilə gedibmiş. Səfərdə əsas məqsəd isə “Quli”yə yaxın olan “Nika Qaqrinski” ləqəbli “qanuni oğru” Nikolay Dqebuadzeyə dəstək vermək olub.

Qudautiyə gələn “Rəşad Gəncinski” şəhərdəki restoranların birində “Nika” ilə düşmən olan “qanuni oğru”, “Pıza” ləqəbli Raul Bartsba silaha əl atıb. Nəticədə azərbaycanlı “qanuni oğru” və “Nika Qaqrinski” güllə yarası alıblar. Rusiya mətbuatı yazır ki, “Gəncinski” ayağından yaralanıbmış və xəstəxanadan müalicəsini yarımçıq qoyaraq yoxa çıxıb. İddia olunur ki, “Rəşad Gəncinski” hazırda sağalıb və internetlə kriminal aləmdəki dostları ilə əlaqə saxlayır. Onun Moskvaya qayıtdığı xəbərlərini yaxın ətrafı təsdiq etmir. Çünki Moskva polisi bir müddət əvvəl onun adamlarını ələ keçirib. Həmin şəxslər reketlik, adam oğurluğu və digər cinayətlərdə ittiham edilirlər. Onların ilkin ifadələrindən sonra hüquq-mühafizə orqanları “Raşad Gəncinski” barəsində axtarış elan edib.

“Qanuni oğru”nun güllə ataraq “həmkarını” yaralaması isə kriminal aləmdə geniş rezonans doğurub. Çünki bu, kriminal aləmdə qəbuledilməzdir. “Rosbalt” yazır ki, “Pıza” öz əməlini belə izah edib ki, onun oturduğu restorana gələnlər özlərini “qanuni oğru” kimi deyil, xuliqan kimi aparıblar. “Pıza” əlavə edib ki, “Nika Qaqrinski”nin “oğru” statusu sual altındadır, “Rəşad Gəncinskini” isə sifətdən tanımayıb. Bu səbəbdən də silaha əl atıb. Rusiya mediası iddia edir ki, bu izahat “Gəncinskini” Abxaziyaya göndərən “Lotu Quli”ni təmin etməyib və o, “Pıza”nı cəzalandırmağa qərar verib. “Rosbalt” bunu “Pıza”nın sonu kimi qiymətləndirir. Bildirilir ki, amma abxaz “qanuni oğru”nu aradan götürmək o qədər də asan olmayacaq, çünki o, Abxaziyadan kənara çıxmır.

Daha bir xəbər odur ki, “Pıza” artıq yunan mafiyasından etdiyi əmələ görə dəstək alıb. Bu yaxınlarda “Quli”yə qarşı qruplaşma yaradan azərbaycanlı “qanuni oğru”ların da “Pıza” ya dəstək verəcəkləri deyilir. Söhbət Rafiq Eyvazov (“Rafiq Masallılı”), Cavid Məmmədov (“Dato Ağcabədili”), Emin Əhmədov (“Emin Hacıqabullu”) və Ceyhun Əsgərov (“Ceyhun Gəncəlidən”) gedir. Bu isə kriminal aləmdə yeni savaşın anonsu deməkdir.

Yada salaq ki, “Rəşad Gəncinski”nin “Quli”nin klanına qoşulduğu barədə məlumatlar hələ bir neçə ay əvvəl yayılmışdı. Məlumatlarda deyilirdi ki, “Quli” “Rövşən Lənkəranski”nin qətlindən sonra güclənərək bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətinə alıb. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə o zaman bildirmişdi ki, “Rəşad Gəncinski” qanqsterlər arasındakı söhbətlərdən birində “Lənkəranski”ni onun əmri ilə “o biri dünyaya göndərdiklərini” deyibmiş. “Rəşad Gənsinski” bildirib ki, “Lənkəranski”nin qətlinin motivi onun yaxın dostu, “göyərti kralı” kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir. Amma daha maraqlısı bundan sonra baş verdi. Rusiya hüquq-mühafizə orqanları “Rəşad Gəncinski”ni Canbulat Şamiloğlunun qətlinin sifarişçisi kimi axtarışa verdi.
Rusiya mətbuatı yazırdı ki, azərbaycanlı “qanuni oğru” qətl göstərişini hazırda həbsdə olan “Şakro Molodoy” kimi tanınan Zaxari Kalaşovdan alıb və killer axtarışına çıxıb. 2016-cı ildə Moskvanın yol polisi əməkdaşları təsadüf nəticəsində bir nəfəri saxlayıblar və ondan Canbulat Şamiloğlunun qətlə yetirildiyi silah tapılıb. Sonra araşdırma nəticəsində killerin telefonundan “Rəşad Gəncinski” ilə zəngləşməsi və yazışmaları tapılıb. Tapılan yazışmada söhbət Canbulatın öldürülməsindən gedirmiş. Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb, amma “Rəşad Gəncinski”nin bu məsələyə görə axtarışa verildiyi dəqiq bilinmir.

Məlumat üçün deyək ki, “Rəşad Gəncinski” 1978-ci ilin 16 martında Gəncədə anadan olub. “Qanuni oğru” adını isə 2013-cü ildə alıb.

Oxşar xəbərlər