Borcunuz var, fitrəyə pulunuz yoxdur? - Elə isə oxuyun

Borcunuz var, fitrəyə pulunuz yoxdur? - Elə isə oxuyun Ramazan ayının başa çatması münasibətilə fitrə zəkatı hər il çıxarılsa da, insanların "kimlərə fitrə düşür", "nə qədər hesablanır", "nə vaxt verilməlidir" kimi sualları hələ də davam edir.

“Qafqazinfo”nun əməkdaşı bu suallara cavab almaq üçün Cümə məscidinin axundu Hacı Surxay ilə əlaqə saxlayıb. Hacı bildirib ki, fitrə zəkatı vacib amillərdən biri, Allahın insan üzərinə qoyduğu öhdəlikdir. Bu, oruc tutan və ya tutmayan bütün müsəlmanların üzərinə düşən bir yardımlaşmadır.

Fitrə zəkatı necə müəyyənləşdirilməlidir?

“Fitrə zəkatı Qafqaz Müsəlmanlar İdarəsinin bayram öncəsi artıq verdiyi bir qərarla hesablanır.

Qərara əsasən fitrə çıxan şəxs adambaşına minimum 5 manat, yuxarı da imkanından asılı olaraq 10-15 manat çıxarda bilər. Yəni gəliri orta səviyyədə olan insanlar adambaşına 5 manat çıxarmaqla boynundan o öhdəliyi götürə bilər”.

Nə vaxt çıxarılmalıdır?

“Fitrə zəkatı bayram axşamı çıxarılır. Yəni, iyunun 25-i fitrə verilməlidir. Onu öncədən vermək icazəli deyil. Öncədən çıxarılsa sədəqə kimi qiymətləndiriləcək. Bayram günü günortaya qədər ehtiyacı olan insanlara verilməlidir”.

Kimlər verməyə bilər?

“Əslində, bu fitrə zəkatı möhtac olan insanlara aid deyil. Məsələn, əgər bir insanın borcu, maddi sıxıntısı varsa, ailəsinin maddi durumunu güclə ödəyə bilirsə, bu baxımdan onların fitrə zəkatı verməsinə ehtiyac yoxdur. Bu zaman da onlarda bir sual yaranır ki, verə bilmədikləri təqdirdə nə etsinlər? Həmin şəxs ya 3 kilo buğda, ya 3 kilo xurma, düyü və yaxud un məmulatlarından fitrə çıxara bilər”.

Bəs kimə verilməlidir?

“O ki qaldı, sosial şəbəkələrdə keçirilən yardım aksiyalarına, insanlar bayram günü həmin aksiyalarda da iştirak edə bilər. Bu, icazəlidir. Fitrə zəkatı ilk növbədə qonşuya verilir. Fitrə zəkatı verən şəxs ədəb qaydalarına xüsusi diqqət etməlidir. Bu zaman fitrə verən şəxsləri aşağılamaq, dəyərlərini aşağı salmaq, kiçiltmək olmaz. Bayram payı kimi gözəl bir şəkildə təqdim olunmalıdır. Ya da fitrə alan şəxs özünü pis hiss etməməlidir. Bütün bu sadaladığımız nüanslara diqqət yetirilsə, çıxarılan fitrələr Allah tərəfindən bəyənilər”.

Oxşar xəbərlər