Şəmkirin başıbəlalı icra başçısı haqda bu günədək ayrı-ayrı mətbu orqanlarda silsilə tənqidi açıqlamalar işıq üzü görüb, rayonu ağuşuna alan çoxsaylı problemlərin varlığı və digər olaylar barədə məlumatlar, hər kəsin diqqətinə də çatdırılıb. Ümumiyyətlə, Alimpaşa Məmmədovun 08 oktyabr 2015-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı “post”una təyinatı və onun vəzifəsinin icrasına başladığı vaxtlardan sonra atdığı addımlar, zaman-zaman müəyyən söz-söhbətə də səbəb olub. İcra başçısının iş prinsipi haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbə bildirir ki, bu şəxsin adı daha çox iclasbaz vəzifə sahibi olaraq hallanmaqdadır. Çünki, o, iclaslar keçirən zaman saatlarla danışır və danışdıqca da sanki özü üçün həzz alır. İcra başçısının qəbul günlərində vəziyyət daha dözülməz olur. Çünki, keçmişdə tamadalıq edən və ifaçılığa xüsusi həvəsi olan bu şəxs, icra başçısı “post”una təyinatından sonra da, adət etdiyi vərdişindən heç cür əl çəkmir. Belə olan halda rayon sakinləri, qəbuluna gəldiyi vəzifə sahiblərini saatlarla gözləməli olurlar. Son anda da həlli vacib olan problemlərin üstünə yeni-yeni problemlər gəlir ki, bunun da zərbəsini daha çox sadə sakinlər çəkirlər. Alimpaşa Məmmədov icra başçısı vəzifəsinə təyinatından əvvəl, vergilər nazirliyinin müxtəlif strukturlarında mühüm vəzifələr daşıyıb. Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsi daşıyan zaman, onun Fazil Məmmədovun “vuran əli” hesab olunduğu da bildirilir. Sumqayıtda çalışarkən isə, “sahibkarların qənimi” imicini qazanan Alimpaşa Məmmədov, az sonra Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsini daşıyır. Bir sözlə, onun bu nazirliyin müxtəlif strukturlarında çalışması və zaman-zaman da Fazil Məmmədov tərəfindən himayə olunması da danılmaz həqiqətdir. Əslən Salyan rayonundan olduğu bildirilən bu şəxsin vəzifə pilləsinə yüksəlişinin xüsusi özəllikləri də olub. Müxtəlif mənbələrə və ayrı-ayrı xəbər portallara istinadən verilən məlumatlarda bildirilir ki, Alimpaşa Məmmədov bir neçə il bundan əvvəl keçirilən toy şənliklərinin birində tamadalıq və ifaçılıq edərkən, məclisdə Vergilər Naziri də iştirak edir. Həmin məclis, məhz onun vəzifə kürsüsünə yüksəlməsinə də səbəb olur. Belə ki, verilən məlumatlarda o da vurğulanır ki, toy şənliyində fürsəti əldən verməyən bügünkü icra başçısı Fazil Məmmədova yaxınlaşaraq onda iş istəyir və belə bir yolla da onun iş məsləsinin əsası qoyulur. Məlumatli mənbə onu da bildirir ki, bu gün Fazil Məmmədov vaxtilə atdığı addımına görə peşmandır. Çünki, səs-küylü idarəçilyi ilə vergilər nazirinin etimadını itirən icra başçısının, hal-hazırda öz ətrafı və digər vəzifə sahibləri ilə də yaxşı münasibətdə olmadığı bildirilir. Onun başçı təyinatından sonra bir-birinin ardınca yol verdiyi “qrex”ləri isə, olan-qalan nüfuzunun itməsi ilə nəticələnməkdədir. Alimpaşa Məmmədovun atdığı “müştəbeh addımlar”, təqribən 220 mindən çox əhalisi olan Şəmkir sakinlərini çoxsaylı problemlərlə də üz- üzə qoyub. Adicə bir faktı misal çəkək. Hələ bir müddət bundan əvvəl, ölkənin müdafiə naziri Zakir Həsənovla icra başçısının arasında ciddi problem əmələ gəlir ki, həmin vaxt da müdafiə naziri ona yerini göstərir. Hələ bu azmış kimi, Şəmkirə yeni polis rəisi təyin olunan vaxtlarda, icra başçısı ilə polis rəisi arasında yaşanan qarşıdurma, xeyli müddət ərzində müzakirə mövzusuna da çevrilir. Belə ki, müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlara görə, yeni polis rəisi Cəmil Əmirovun təqdimatından sonra, Alimpaşa Məmmədovun sədrliyi ilə toplantı keçirilir. Toplantı başlanmazdan öncə yeni polis rəisi xəbər tutur ki, iclas zamanı sədarətdə yalnız başçının özü oturmaq istəyir. O, icra başçısının belə bir addımına qəti etirazını bildirir və son anda da istəyinə nail olur. Yaşanan olayla bağlı məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbə bildirir ki, yeni rəis vəzifəsinin icrasına başladıqdan sonra, Alimpaşa Məmmədovun işə yol polislərinin müşayiəti ilə gedib-gəlməsi qəti qadağan olunur. Hələ bu azmış kimi icra başçısının kortejinə aid olan maşınlardakı xüsusi siqnallar da sökülür. Yəqin ki, baş verən belə bir olaylardan Fazil Məmmədov xəbərdar olur və polis rəisinin atdığı addımlara “yaşıl işıq” da yandırılır. Yoxsa, inanmaq mümkün deyil ki, belə bir “yaşıl işıq” yanmadan, polis rəisi ölkə rəhbərinin sərəncamla təyin etdiyi kadra qarşı ciddi addımlarını atsın. Bu ilin may ayında baş verən hadisə isə, icra başçısının dayaqlarını itirməsinə bir işarədir. Belə ki, “Gündəm Xəbər”I məlumatlandıran mənbə onu da bildirir ki, may ayında Şəmkirin yol polisi əməkdaşları xüsusi “reyd” keçirirlər. Çox keçmir ki, “reyd” zamanı rayon ərazisində "avtoş”luq edən şəxsi yol polisi əməkdaşları saxlayırlar. Həmin an bəlli olur ki, “avtoş”luq edən Əliyev Asif Sakit oğlu adlı şəxsdir. O, saxlanılan zaman icra başçısının xanım müavini Sona Əliyevanın qardaşı olduğunu bildirsə də, yol polisləri ona güzəştə getmirlər. Hətta, icra başçısı məsələyə müdaxilə etsə də, heç bir nəticəsi olmur. Nəticə o olur ki, “avtoş”luq edən Asif Əliyev Şəmkir rayon Məhkəməsinin qərarı ilə 3 sutka müddətinə həbs olunur. Bu da onu söyləməyə tam əsas verir ki, icra başçısı dayaqlarını itirdiyindən, onun məsələlərə müdaxiləsi nəticəsiz qalır. Son olaraq onu da vurğulamaq istəyiri ki, Alimpaşa Məmmədov icra başçısı təyin olunduğu gündən indiyə kimi, ən çox tənqid olunan və narazılıq hissi yaradan icra başçılardan biridir. Rayon rəhbərliyinə təyinatından sonra, onun İH Aparatına və digər əhəmiyyət kəsb edən sahələrə iş bacarığı və lazımi savadı olmayan şəxsləri gətirməsi, həddi-hüdudu bilinməyən narazlıq hissinin də baş qaldırmasına səbəb olub. Belə bir səbəblər üzündən də, o, yuxarı dairələrin gözündən də düşüb. Onu qoruyan “görünməz əllər”, hələlik icra başçısının başı üzərindəki qara buludları qovmağa müvəffəq olur. Yəqin ki, belə bir addımlar, heç də uzun davam edə bilməyəcək. Mövzu diqqətimizdədir.