Azərbaycan əhalisinin gəlirlərində kreditlər üzrə faizlərin ödənilməsinə sərf olunan vəsaitin xüsusi çəkisi artıb.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) xəbər verir.
Belə ki, bu ilin ilk 4 ayında Azərbaycan əhalisi gəlirlərinin 372 milyon 317 min manatını kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib. Bu da ölkə əhalisinin cəmi gəlirlərinin 2,7%-nə bərabərdir.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkə əhalisi gəlirlərinin 2,1%-ni və ya 265 milyon 635 min manatını kreditlər üzrə faizlərə xərcləyib.
Xatırladaq ki, bu ilin yanvar- aprel aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9% artaraq 13 milyard 789,5 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 1436,1 manat və ya ayda 359 manat olub.