AŞPA Qarabağla bağlı qətnamə qəbul etdi

AŞPA Qarabağla bağlı qətnamə qəbul etdi “Münaqişənin dinc yolla həll edilməsinin alternativi yoxdur”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Qarabağ probleminin dinc yolla həll edilməsinə dair yazılı qətnamə qəbul edilib.

Bu barədə AŞPA-nın rəsmi saytında yerləşdirilmiş yazılı bəyanatın mətnində deyilir.

AŞPA-nın 44 deputatı tərəfindən imzalanan sənəddə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativin olmadığına əminlik bildirilib və vasitəçilərin daimi çağırışlarına hörmətlə yanaşmağa, onların mandatlarını pozmamağa və danışıqlar prosesini mürəkkəbləşdirməməyə çağırılıb.

“Biz bütün tərəfləri həmsədr ölkələr olan Fransa, ABŞ və Rusiyanın 2009-cu ildən bəri prezidentlər səviyyəsində edilən beş bəyanatda öz əksini tapmış təkliflər əsasında sülh danışıqları yolu ilə nizamlanmaya nail olmaq üçün qəti addımlar atmağa və lazımi siyasi iradə göstərməyə çağırırıq”, - sənəddə deyilir.

Bəyanatda münaqişə zonasında gərginliyin artması ilə bağlı narahatçılıq bildirilib.

“Top və raket qurğuları kimi ağır silahlardan istifadə edilməsi qəbuledilməzdir və bu mülki əhali üçün ciddi təhlükə yaradır. Biz mülki şəxslər də daxil olmaqla, insan ölümünə görə dərindən təəssüflənirik”, - qətnamədə deyilir.

AŞPA deputatları əmindirlər ki, “atəşkəs rejiminin pozulması hallarının tədqiq edilməsinə dair mexanizmlərin yaradılması və ATƏT-in Minsk qrupu həmsədrlərinin digər təklifləri gərginliyin azalmasına və sülh danışıqlarının aparılması üçün daha əlverişli şəraitin yaranmasına kömək edəcək”.

Oxşar xəbərlər