Dövlət Departamenti Azərbaycan hakimiyyətinin addımlarını alqışlayır

Dövlət Departamenti Azərbaycan hakimiyyətinin addımlarını alqışlayır Vaşiqton bizim ölkənin ərazi bütövlüyünü dəstəkləyir

ABŞ Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Cənub qaz dəhlizi”nin yaradılması işində lider ölkələrdən biri kimi baxır.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin çərşənbə günü Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ilə dövlət katibi Con Kerri arasında baş tutan görüş haqqında məlumatında qeyd olunub.

Kirbinin sözlərinə görə, Kerri ABŞ-ın Azərbaycanın regional ticarət mərkəzinə çevrilmək istiqamətində səylərini dəstəklədiyini ifadə edib.

“Katib Kerri, həmçinin prezident Əliyevə Azərbaycanın NATO və Əfqanıstandakı missiyalara verdiyi töhfələr, onun sülhməramlı əməliyyatlara göstərdiyi dəstək və terrorçuluqla mübarizədə mühüm roluna görə minnətdarlığını bildirib. Kerri demokratiya və insan haqları məsələlərinin müzakirəsi zamanı Azərbaycanın son vaxtlar bu istiqamətdə atdığı müsbət addımları alqışlayıb”.

Kirbinin sözlərinə görə, həmçinin tərəflər arasında “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylər” müzakirə olunub.

“Dövlət katibi Kerri Birləşmiş Ştatların Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edib və qeyd edib ki, biz təmas xəttində və sərhəddəki gərginlikdən narahatıq. O, bizim münaqişənin tərəflər arasında beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki yekun aktı prinsipləri əsasında hərtərəfli nizamlanmasına nail olunması üzərində işə sadiq olduğumuzu qeyd edib”, - ABŞ dövlət Departamentini nümayəndəsi Con Kirbinin bəyanatında deyilir.

Oxşar xəbərlər