8 Mart – Beynəlxalq Qadınlar Günü təkcə qadınlara gül təqdim olunan bir gün deyil. Bu tarix qadının cəmiyyətdəki mövqeyinin, əməyinin, zəhmətinin və mübarizəsinin dəyərləndirildiyi xüsusi gündür. Azərbaycan qadını tarix boyu ailənin mənəvi dayağı olmaqla yanaşı, ictimai və siyasi həyatın da fəal iştirakçısı olmuşdur. Onun rolu sadəcə ana və tərbiyəçi kimi deyil, həm də maarifçi, diplomat, elm və mədəniyyət xadimi kimi formalaşmışdır. Tariximizə nəzər saldıqda görürük ki, qadınlarımız dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynamışlar. XX əsrin əvvəllərində qadın hüquqları sahəsində mühüm bir addım atılmış, 1918-ci ildə qadınlara seçki hüququ verilmişdir. Bu fakt sübut edir ki, ölkəmizdə qadına dəyər və hörmət tarixi ənənəyə əsaslanır.
Müstəqillik illərində qadın hüquqlarının qorunması daha sistemli xarakter almışdır. Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlara
malik olduğunu təsbit edir. Qanun qarşısında hamının bərabərliyi prinsipi dövlət siyasətinin əsasını təşkil edir. Bununla yanaşı, Ailə, Mülki, Cinayət və İnzibati
Xətalar məcəllələrində qadınların hüquqlarını qoruyan müddəalar mövcuddur. Gender bərabərliyi siyasəti ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilir.
Dövlət qadınların təhsildə, əmək bazarında və idarəetmə strukturlarında iştirakını genişləndirmək üçün müxtəlif proqramlar reallaşdırır. Bu siyasətin əsas məqsədi
qadınların potensial imkanlarının üzə çıxarılması və onların qərarvermə prosesində rolunun artırılmasıdır.
Azərbaycan qadın hüquqlarının müdafiəsi sahəsində beynəlxalq sənədlərə də qoşulmuşdur. 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulması bu istiqamətdə mühüm addım olmuşdur. Eyni zamanda “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında”
konvensiyanın qəbul edilməsi milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət etmişdir. Bu gün Azərbaycan qadını fəal vətəndaşlıq mövqeyi sərgiləyir. O, müəllim, həkim, alim, jurnalist, hərbçi və sahibkar kimi cəmiyyətin müxtəlif sahələrində uğurla
təmsil olunur. Milli Məclisdə qadınların təmsilçiliyi də artmaqdadır ki, bu da gender bərabərliyinin real göstəricisidir.
Nəticə olaraq, 8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycan qadınının tarixi xidmətlərinin və müasir nailiyyətlərinin dəyərləndirilməsi baxımından mühüm
əhəmiyyət daşıyır. Qadınların hüquqlarının qorunması və onların cəmiyyətdə fəal iştirakı dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta ümumtəhsil məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi Fidan Soltanova