8 Mart – Beynəlxalq Qadınlar Günü dünyada qadınların hüquqlarının, cəmiyyətdəki rolunun və nailiyyətlərinin qeyd olunduğu mühüm bir gündür. Azərbaycan qadını da tarix boyu ölkənin ictimai, siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamış, milli dəyərlərin qorunmasında və cəmiyyətin inkişafında böyük xidmətlər göstərmişdir. Qadınlar ailənin, cəmiyyətin və dövlətin möhkəm təməlini təşkil edən əsas qüvvələrdən biri hesab olunur.Azərbaycan tarixində qadınların rolu hər zaman yüksək qiymətləndirilib. Xüsusilə maarifçilik dövründən başlayaraq qadınların təhsil alması və ictimai həyatda fəal iştirakı daha da genişlənmişdir. Azərbaycan Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk ölkələrdən biridir. Bu fakt qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması istiqamətində ölkəmizin tarixən qabaqcıl mövqedə olduğunu göstərir.
Müstəqillik dövründə qadın hüquqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşularaq qadın hüquqlarının təmin edilməsini daha da gücləndirmişdir. 1995-ci ildə Azərbaycan BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşulmuşdur. Bundan əlavə, 2006-cı il 10 oktyabr tarixində qəbul edilən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasına və qadınlarla kişilərə bərabər imkanların yaradılmasına xidmət edir.
Ölkəmizdə qadın siyasətinin formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük rolu olmuşdur. Onun 6 mart 2000-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı qadınların idarəetmə və rəhbər vəzifələrdə daha geniş təmsil olunmasına şərait yaratmışdır. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkədə gender siyasətinin həyata keçirilməsində mühüm rol oynayır.
Bu gün Azərbaycan qadınları ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərirlər. Statistik göstəricilərə görə, ölkə əhalisinin 50 faizdən çoxunu qadınlar təşkil edir və onların əmək bazarında, sahibkarlıq fəaliyyətində, dövlət idarəçiliyində və yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi ildən-ilə artır.
Bu gün Azərbaycan qadınının beynəlxalq arenada ən parlaq siması Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycan qadınının həm idarəçi, həm də xeyirxah ana obrazını bütün dünyaya tanıdır.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edir, onlara xoşbəxtlik və uğurlar arzulayırıq.
Maştağa qəsəbəsi, 128N-li tam orta ümumtəhsil məktəbinin
Fransız dili müəllimi Günel Zərdablı