Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin 70 nəfərlik qərargah heyəti münaqişə bitdikdən sonra könüllülərin qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi üçün hazırlıq işlərinə başlayıb.Məlumatı Böyük Britaniya Müdafiə Nazirliyi açıqlayıb:
"Ukrayna üçün çoxmillətli qüvvələrin yaradılması çərçivəsində 70 nəfərlik qərargah fəaliyyət göstərir. Britaniya qoşunlarının yerləşdirilməsi üçün hazırlıqlar hökumətin 200 milyon funt sterlinq (270 milyon dollar – red.) maliyyəsi ilə dəstəklənir".
Nazirlik qeyd edib ki, fevralın 24-də Böyük Britaniyanın Baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makronun sədrliyi ilə "könüllülər koalisiyası"na üzv dövlətlərin videokonfransı keçiriləcək. Bu arada, Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper Kiyevə səfər edəcək və Böyük Britaniyanın müdafiə naziri Con Healey Ukrayna Yunan Katolik Kilsəsi ilə əlaqəli olan Londonun Müqəddəs Ailə Katedralında mərasimdə iştirak edəcək.
2025-ci ilin iyul ayında Starmerin ofisi əvvəlcə Parisdə yerləşəcək, bir il sonra Londona köçəcək "könüllülər koalisiyası" qərargahının yaradılması planlarını açıqlayıb. Yanvarın 6-da Parisdə keçirilən "könüllülər koalisiyası"nın iclasında münaqişədən sonra Ukraynaya yerləşdirilə biləcək çoxmillətli hərbi qüvvə yaratmaq niyyətini, eləcə də silah və avadanlıq təchizatı da daxil olmaqla, Ukrayna Silahlı Qüvvələrinə uzunmüddətli dəstəyi davam etdirmək öhdəliyini əks etdirən bəyannamə qəbul edilib.