Azərbaycana raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilib.Prezident İlham Əliyev Milli Məclisin fevralın 13-də qəbul etdiyi Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
İndiyə qədər qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilirdi.
Yenilənmiş qanunlara əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcəkdir:
idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;
idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.
Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.
***
Azərbaycana müvafiq təsdiqedici sənəd əsasında təsdiq ediləcək siyahı üzrə (həmin siyahı xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə təsdiq ediləcək) incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı ƏDV-dən azad edilib.
Prezident İlham Əliyev Milli Məclisin fevralın 13-də qəbul etdiyi Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
ƏDV-dən azadolma bu əşyaların idxalçılarının xərclərini optimallaşdıracaq, nəticədə bu sahədə idxalın yüksəlməsinə, mədəniyyət obyektlərinin, muzeylərin eksponatlarla zənginləşdirilməsinə, beynəlxalq mədəni inteqrasiyanın güclənməsinə, pul, antik əşya və incəsənət əsərləri kolleksiyaçılarının dəstəklənməsinə xidmət edəcək.
Bir sıra inkişaf etmiş ölkələrin təcrübəsində də bu cür əşyaların idxalından vergilərin tutulmaması praktikası mövcuddur.