Müzəffər Ordunun qalibiyyətli yürüşü nəticəsində sinəsi yaralı yurdumuz-Xocalı öz azadlığına qovuşmuşdur

Müzəffər Ordunun qalibiyyətli yürüşü nəticəsində sinəsi yaralı yurdumuz-Xocalı öz azadlığına qovuşmuşdur
O müdhiş gecənin açılan səhəri dan yerini qırmızıya boyamışdı.Qanlı düşmən insanlığa qarşı alçaq rəftarının nümayişinin gizli qalacağınımı düşünürdüvə ya törətdiyi əmələ görə alacağı cəzanın çox gec gələcəyinimi,bilmirəm.Bircə onu bilirəm ki,tarixin ən amansız soyqırımı baş vermişdi və o gün tarixə yazılmışdı-1992-ci ilin 26 fevralı...
Xocalı soyqırımını faktlarla araşdıran xarici media mənsubları,beynəlxalq korrespondensiya əsrin qanlı aktını bütün detalları ilə dünya ictimaiyyətinə çatdırdı.
London dərgisi olan “Faynenşl Tayms” 9 mart 1992-ci ildə yazırdı:”Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər.Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar”.
Yenə də Londonda dərc edilən “Sandi Tayms”ın 1 mart buraxılışında erməni əsgərlərinin yüzlərlə ailəni məhv etdiyi barədə məlumat gedir.
“İzvestiya”(Moskva) qəzetinin 4 mart 1992-ci il nömrəsində oxuyuruq:”Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi.Bir qadının sifətinin yarısı kəsilmişdir.Kişilərin skalpları götürülmüşdür.”
Paris nəşri “Le Mond” qəzeti,14 mart:Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş,dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər.Bu azərbaycanlıların təbliğatı deyil,bu reallıqdır.”
Əcnəbi telereportyorlar bu amansız qətliamın bütün gizli məkrini açmışdılar.Livanlı jurnalist öz ölkəsindəki erməni icmasının Qarabağa silah və yaraqlı adamlar göndərdiyini təsdiqləmişdi.
Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Xocalının işğalı zamanı ermənilər istifadəsi qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan da istifadə ediblər. Bu məlumat Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin açıqlamasında da öz əksini tapıb. Bütün faktlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını kobud şəkildə pozaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini təsdiqləyir.
Xocalı soyqırımının şahidi olmuş müxtəlif xarici ölkə jurnalistləri onu bəşəriyyətin böyük faciəsi adlandırıblar. Fransadan olan jurnalist Jan-İv Yunet yazır: "...Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə həlak olmuş dinc əhalinin - qadınların, kişilərin, qocaların və Xocalı müdafiəçilərinin meyitlərini gördük. Bizə helikopter verdilər, biz quş uçuşu hündürlüyündən Xocalı ətrafında nə gördüksə, hamısını çəkdik. Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı barədə çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini öldürərək onları geridə qoymuşdular".
İngiltərəli jurnalist Rori Patriks qeyd edir: "Xocalıdakı faciənin miqyasını dünya ictimaiyyətinə anlatmaq çox çətindir. Biz jurnalistlər helikopterlə çətinliklə də olsa, ermənilərin məskunlaşdığı Naxçıvanik kəndinin yaxınlığına gələ bildik. Burada onlarla eybəcər hala salınmış meyit gördük. Onlar Xocalını müdafiə edən döyüşçülər deyildi, bu, Azərbaycan şəhərinin dinc əhalisi - qatillərin güllələdikləri uşaqlar, qadınlar, qocalar idi".
Tomas Qolts 27 fevral 1992-ci ildə yazırdı ki, Stepanakertin (Xankəndinin) şimal-qərbində yerləşən və 6.000 nəfər əhalisi olan Xocalı şəhərindən olan qaçqınlar hücum zamanı qadın və uşaqlar daxil olmaqla 500 nəfərin öldürüldüyünü dedilər. Ağdam məscidinin axundu Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri buraya 477 meyit gətiriblər. Bu gün məsciddə gördüyümüz 7 cənazədən ikisi uşaq, üçü qadın idi. Ağdam xəstəxanasında müalicə olunan digər 120 qaçqın ağır yaralardan əziyyət çəkirdi. Sağ qalanların sözlərinə görə, erməni əsgərləri 450-dən çox azərbaycanlıya atəş açmış və süngüdən keçirmişlər. Onların çoxu uşaq və qadınlar idi. Yüzlərlə, bəlkə də minlərlə insan itkin düşmüş və ermənilər tərəfindən öldürülmüşdü. İşğalçılar qadın və uşaqları müdafiə edən əsgərləri və könüllüləri də güllələmişdilər. Sonra onlar qorxudan əsən qaçqınlara atəş açmışdılar. Sağ qalanlardan bir neçəsi baş verənləri belə təsvir etdi: "Elə əsl qırğın belə başladı. Ermənilər dayanmadan atırdılar. Sonra onlar içəri daxil oldu, bıçaq və süngü ilə adamları doğramağa başladılar".
Stefan Bentura, 3 mart 1992-ci il tarixdə yazırdı ki, ermənilərin Qarabağa hücumundan xilas olarkən qırğına məruz qalan azərbaycanlıların təhqir edilmiş cəsədləri soyuqdan qurumuş, hücumdan təxminən bir həftə sonra qarla örtülmüş yamaclara yapışmışdı. Ağdamdan helikopterlə əraziyə gələn jurnalistlər 31 cəsəd saydılar, onların bir çoxuna yaxın məsafədən baş hissəsinə atəş açılıb, bəzilərinin isə başının dərisi soyulub. Ölmüş kişi, qadın və uşaqların bəzilərinin barmaqları qoparılıb. Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu zamanı 1000-dən çox insanın ölməsi ilə bağlı ittihamları fonunda, jurnalistlər Əsgəran tərəfdə yerləşən təpələrdə meyitlər görmüşlər. Ermənistan onun silahlıları tərəfindən qarla örtülmüş dağ yollarında qətliamdan xilas olmağa çalışan kişi, qadın və uşaqları qətlə yetirdiyini danmaqda davam edir. Lakin qətliam yerlərində səpələnmiş onlarla meyit qırğın ilə bağlı Azərbaycanın məlumatlarının doğru olduğunu göstərir. Gözləri yarım açıq şəkildə qalan və ölmüş uşağını sinəsinə sıxan bir qadının cəsədi jurnalistləri müşayiət edən Azərbaycan hərbçilərinin göz yaşlarına səbəb oldu...
Bəli, Azərbaycan əsgəri illər sonralar da göz yaşı axıtdı,ancaq bu dəfə böyük Zəfərdən doğan göz yaşı idi bu.Müzəffər Ordunun qalibiyyətli yürüşü nəticəsində sinəsi yaralı yurdumuz-Xocalı öz azadlığına qovuşmuşdur.

Zabrat qəsəbəsi, 192 saylı tam orta ümumtəhsil məktəbinin
tarix müəllimi Elxan İsmayılov


Oxşar xəbərlər