İlham Əliyev beynəlxalq sülh mükafatına layiq görüldü

İlham Əliyev beynəlxalq sülh mükafatına layiq görüldü Birləşmiş Ərəb Əmirliklərinin təşkil etdiyi Zayed İnsan Qardaşlığı Mükafatının qalibləri müəyyən olub.

modern.az xəbər verir ki, 2026-cı ilin qalibləri arasında Azərbaycan və Ermənistan liderləri də yer alır.

Təşkilat buna səbəb kimi Azərbaycanla Ermənistan arasında 8 avqust tarixli Vaşinqton görüşündə əldə edilən tarixi sülh razılaşmasını göstərib.

Təşkilatın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev mükafata görə minnətdarlığını bildirərək, Cənubi Qafqazda və dünyada sülhün bərqərar olması səylərinin yüksək qiymətləndirildiyini qeyd edib. Prezident İlham Əliyev mükafatın Şeyx Zayed bin Sultan Əl-Nəhyanın adını daşımasının, həmçinin Papa Fransisk və Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayebin dəstəyinin bu tanınmanı “ikiqat şərəf”ə çevirdiyini vurğulayıb.

Xatırladaq ki, 2026-cı ilin laureatları müstəqil qlobal münsiflər heyəti tərəfindən seçilib. Komitədə Avropa Şurasının keçmiş prezidenti və Belçikanın keçmiş baş naziri Şarl Mişel, Afrika İttifaqı Komissiyasının keçmiş sədri və Çadın keçmiş baş naziri Musa Faki Məhəmməd, UNICEF-in icraçı direktoru Ketrin Rassel, Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, Müqəddəs Taxt-tac Dikasteri prefekti Kardinal Xose Tolentino de Mendonsa və Zayed Mükafatının baş katibi Hakim Məhəmməd Əbdülsəlam yer alıb.

Münsiflər Komitəsinin baş katibi Hakim Məhəmməd Əbdülsəlam bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi qlobal barışın inkişafında mühüm mərhələdir və Qafqazda onilliklərdir davam edən gərginlikdən sonra yeni səhifəsini açaraq hər iki xalq üçün daha təhlükəsiz gələcək naminə möhkəm təməl qoyur.

2026-cı ilin mükafatlandırma mərasimi 4 fevral 2026-cı ildə, Beynəlxalq İnsan Qardaşlığı Günü ilə eyni vaxtda keçiriləcək. Əbu-Dabidə təşkil olunacaq mərasim YouTube vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Zayed İnsan Qardaşlığı Mükafatı 2019-cu ildən bəri 19 ölkədən 19 laureatı təltif edib. Onlar arasında Papa Fransisk (fəxri), Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayeb (fəxri), BMT Baş katibi Antonio Quterreş, İordaniya kralı II Abdullah və kraliça Rania, keniyalı sülh qurucusu Şəmsa Abubakar Fadhil, misirli ürək cərrahı professor Magdi Yacoub, Çili QHT qurucusu Nelly León Correa, Barbados Baş naziri Mia Amor Mottley də var.

Oxşar xəbərlər