Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib.Müsahibəni təqdim edirik.
REAL Televiziyasından Mirşahin Ağayev: Hər vaxtınız xeyir, cənab Prezident. Sizə bugünkü görüşə görə təkcə müsahibədə iştirak edən həmkarlarımız adından deyil, bütün Azərbaycan mediası adından təşəkkürümüzü bildiririk.
Prezident İlham Əliyev: Sağ olun!
Mirşahin Ağayev: İnanırıq ki, həmişə olduğu kimi, bugünkü görüşdə də səsləndirdiyiniz fikirlər strateji gündəm yaradacaq və Azərbaycan mətbuatına, ictimai mühitə kifayət qədər mövzu verəcək.
2025-ci il masadakı nailiyyətlərinə görə, məncə, illərin 8 Noyabrı adlandırıla bilər və zirvə də yəqin ki, avqust ayında Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona tarixi səfərinizdir və heç şübhəsiz ki, BMT Baş Assambleyasındakı müraciətinizdir. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında imzalanmış sənədlər, əldə olunmuş razılaşmalar nəinki Azərbaycan, bütöv region üçün əhəmiyyətlidir. Mən bu baxımdan istərdim ki, həm BMT-nin ali tribunasından dünyaya səslənişiniz barədə danışaq, həm də Amerika Birləşmiş Ştatları ilə imzalanmış sənədlər haqqında. Beləliklə, 8 avqustun Ağ Ev və 21 sentyabrın BMT günləri barədə, buyurun.
Prezident İlham Əliyev: Sağ olun. Bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Hər ilin əvvəlində görüşərək Azərbaycan ictimaiyyətinə sizin vasitənizlə ilin yekunları ilə bağlı həm məlumat verilir, həm də ki, öz fikirlərimi bir də bölüşmək üçün imkan yaranır. Qeyd etdiyiniz kimi, keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.
Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər. Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi - Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır.
Bundan başqa, Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi imzalanmışdır. Bu işçi qrupunun əsas fəaliyyəti strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır və artıq bu istiqamətdə də fəal iş başlamışdır. Təbii ki, uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz həmin gün reallaşdı. Yəni Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə öz imzasını atdı. Bütün bunlar və digər önəmli hadisələr dediyiniz məsələyə bəlkə də daha geniş prizmadan aydınlıq gətirir.
Dediyim, sadaladığım bu məsələlər işlərin xronologiyasıdır. Bu, ictimaiyyətə açıq olan tərəfdir. Amma, eyni zamanda, bu gün çox fəal diplomatik hərəkət var. Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Oktyabr ayından bu yana mənim tərəfimdən Amerikaya nazirlərdən və özəl sektor nümayəndələrindən, digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət ezam edilmişdir. Demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili və münasibətlərimizin iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye istiqamətlərinin əhatə edilməsi məsələləri müzakirə olunur. Yəni ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir. Ona görə bu nöqteyi-nəzərdən 2025-ci ili təbii ki, çox uğurlu və tarixi il saymaq olar.
Azərbaycan Televiziyasından Mümtaz Xəlilzadə: Cənab Prezident, Siz 1992-ci ildə qəbul edilən həmin o ədalətsiz 907-ci düzəliş haqqında danışdınız. Əlbəttə ki, tarixi Amerika səfərinizdən sonra onun növbəti dəfə dondurulması haqqında da qərar qəbul edildi. Mən istərdim, onun birdəfəlik ləğvi perspektivləri haqqında Sizin fikirlərinizi öyrənək. Eyni zamanda, həmin 907-ci düzəlişin yalnız iqtisadi tərəflərini yox, siyasi və strateji tərəflərini də səciyyələndirəsiniz, əhəmiyyəti nöqteyi-nəzərdən.
Prezident İlham Əliyev: Əlbəttə ki, bu düzəliş bizə qarşı tətbiq olunanda bu, çox böyük ədalətsizlik, eyni zamanda, ovaxtkı Azərbaycan rəhbərliyinin buna laqeyd yanaşması idi. O vaxt Azərbaycan hakimiyyəti və onun diplomatiyası hansı səviyyədə idi, yəqin ki, bunu ancaq Mirşahin burada oturanlardan yaxşı bilir. Siz o vaxt çox gənc idiniz, bəlkə də uşaq idiniz. Əlbəttə ki, bu, biabırçı bir mənzərə idi. Azərbaycan diplomatiyasına rəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər, hətta Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər və heç bir təcrübəsi olmadan, yəni hansısa diplomatiyaya, siyasətə aid olmayan sahələrdən gətirilərək bu mühüm vəzifələrə təyin olundular. Ovaxtkı AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar. Ondan cəmi bir il sonra xalqın tələbi ilə hakimiyyətdən biabırcasına getməyə məcbur oldular. Ona görə bax, bu iki amil önəmli rol oynamışdır. Əgər Azərbaycan o vaxt öz haqq sözünü Amerika rəhbərliyinə çatdıra bilsəydi, əgər mübarizə aparsaydı, onda bəlkə də Konqresdə erməni lobbisi tərəfindən təşkil edilmiş bu məsələyə Amerika administrasiyası başqa prizmadan da baxa bilərdi. Hər halda Konqres müstəqil orqan olsa da, xarici siyasətlə bağlı olan məsələləri bir çox hallarda Prezident Administrasiyası ilə müzakirə edir. Məndə olan məlumata görə, o vaxt Azərbaycanda hakimiyyətdə olanlar heç bilmirdilər ki, gündəlikdə belə bir məsələ var, belə bir qanun qəbul olunacaq və Azərbaycana qarşı bu ədalətsiz düzəliş tətbiq ediləcək.
Məsələnin ikinci tərəfi o idi ki, bizə qarşı böyük ədalətsizlik olmuşdur. Çünki 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. O vaxt bizim torpaqlarımız artıq işğal altında idi, Şuşa, Laçın işğal altında idi. Ermənistan dövləti tərəfindən Xocalı soyqırımı törədilmişdi, xalqımıza qarşı hərbi cinayət törədilmişdi və Azərbaycanın torpaqlarının işğal altında olması, təbii ki, Ermənistanı blokadaya almaq imkanlarını da sıfra endirirdi. Yəni ki, hansı blokadadan söhbət gedə bilərdi?! Nəzərə alsaq ki, Ermənistanın Gürcüstanla, İranla sərhədləri açıq idi, hətta Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə bağlanmışdır. Ona görə hər hansı bir blokadadan söhbət gedə bilməzdi. Ancaq erməni lobbisi və onun əhatə dairəsində olan senator və konqresmenlər belə bir ədalətsiz düzəlişi qəbul etdilər.
Onu da deməliyəm ki, onların bir çoxu artıq həyatda deyil, amma həyatda olanlar arasında çox maraqlı adlar da var. Onları siz tapa bilərsiniz, amma bir ad çəkməklə kifayətlənəcəyəm, o da ovaxtkı keçmiş senator, ondan sonra vitse-prezident, ondan sonra Prezident Co Bayden. Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərmişdir. Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim, həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz istənilən səviyyədə deyildi. Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı.
O vaxt bu düzəlişin təbii ki, böyük təsiri var idi. Çünki Azərbaycan çox kasıb ölkə idi, xəzinə boş idi, valyuta ehtiyatlarımız yox idi. Bizi yardımdan məhrum etmək, əlbəttə ki, bizə böyük bir zərbə idi. Nəzərə alsaq ki, o vaxt minlərlə, on minlərlə köçkün artıq ağır şəraitdə yaşayırdı və bu, həm siyasi cəhətdən ədalətsiz idi, həm praktik nöqteyi-nəzərdən çox təsirli idi. Biz uzun illər çalışırdıq ki, bu 907-ci düzəlişi ləğv etdirək. Ancaq bu, çox çətin proses idi və sadəcə olaraq, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi. Çünki Əfqanıstandakı əməliyyatlarda Azərbaycan Amerikaya lazım idi, həm nəqliyyat, logistika, həm də digər məsələlərlə əlaqədar. Ancaq əfsuslar olsun ki, Amerikanın Əfqanıstandakı missiyası başa çatandan sonra, - hamımız onu xatırlayırıq necə başa çatıb, bu, Bayden-Blinken administrasiyasının növbəti rəzaləti sayıla bilər, onların Əfqanıstandan belə xaotik qaçışı və öz yaxın müttəfiqlərini orada faktiki olaraq, taleyin ümidinə buraxması, - Bayden administrasiyası bu düzəlişin aradan qaldırılmasını dayandırdı. Yəni artıq Azərbaycan onlara lazım deyildi, Əfqanıstandakı missiya başa çatmışdı və beləliklə, bu düzəliş yenidən tətbiq edilmişdi. Əlbəttə, bunun bizim iqtisadi inkişafımıza heç bir təsiri yoxdur və ola da bilməz. Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir. O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq. Amma onda bizim qapımızı döyməyin. Əgər o administrasiya və onun nümayəndələri bu gün hakimiyyətdə qalsaydı, biz onların bir xahişini də yerinə yetirməyəcəkdik.
Tramp administrasiyası hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi. Təbii ki, qeyd etdiyim kimi, indi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxmışdır və əlbəttə, biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq. Çünki nə o vaxt blokada var idi, nə bu gün blokada var. Əksinə, bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklər gedir, yollar açıldı və hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir. Hansı blokadadan söhbət gedə bilər?! Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu yoxdur bu gün. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var. Bu gün bu, yenə də simvolik xarakter daşısa da, necə deyərlər, masanı tamamilə keçmişin bu qalıqlarından təmizləmək üçün Konqres bunu birdəfəlik ləğv etməlidir.
İctimai Televiziyadan Murad Hüseynov: Cənab Prezident, Birləşmiş Ştatlarla münasibətlərdən, - artıq toxundunuz, - burada əldə olunan uğurlardan danışdınız. Azərbaycanın xarici siyasəti üçün 2025-ci ildə uğur gətirən digər hadisə və prosesləri xarakterizə etməyinizi xahiş edərdim.
Prezident İlham Əliyev: Mən hesab edirdim ki, böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər.
Digər tərəfdən, biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir. Yeganə yeni üzv Azərbaycan olmuşdur. Nəzərə alsaq ki, bu təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir, Azərbaycanı dəvət etmək və bizi seçmək, əgər belə demək mümkündürsə, əlbəttə ki, böyük uğur sayıla bilər. Təkcə onu demək kifayətdir ki, bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq. Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır - media, iqlim, ekologiya, energetika, nəqliyyat və biz də təbii ki, bu təşkilatda fəal üzv kimi iştirak edəcəyik.
Xarici siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Hesab edirəm ki, bu da nadir hadisə sayıla bilər. Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik. Mən Prezident kimi artıq iki il ardıcıllıqla fəxri qonaq kimi Zirvə görüşlərinə dəvət olunurdum. Amma iştirakımla keçirilən üçüncü Zirvə Görüşündə artıq tamhüquqlu üzv seçildik. Əlbəttə ki, bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi böyük əhəmiyyət daşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. Təbii ki, coğrafi nöqteyi-nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, Qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz, yəni canlı körpü və etibarlı tərəfdaş kimi, artıq böyük layihələri icra edə bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük. Ərazimizdən keçən yüklərin sayı artır. İlk dəfə olaraq artıq 100 min konteyner Azərbaycan ərazisindən keçib. Bu ancaq başlanğıcdır, onların sayı dəfələrlə artacaq və hazırda biz öz nəqliyyat infrastrukturumuzu genişləndirmək üçün fəal işləyirik. Halbuki hesab edirdik ki, yaratdığımız infrastruktur uzun illər ərzində bizə kifayət edəcək, ancaq görürük ki, yox. Ona görə əlavə vəsait qoyulur və qoyulacaq, burada təkcə yüklərdən söhbət getmir. Bildiyiniz kimi, 2024-cü ilin noyabrında Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri Bakıda enerji kabelinin tikintisi ilə bağlı müqavilə bağlamışlar. Yəni bu bağlantılar da olacaq - fiber-optik kabelin Xəzərin dibi ilə çəkilməsi və bir çox digər layihələr. Ona görə Azərbaycanı bu qrupa rəsmən qəbul etməklə Mərkəzi Asiya ölkələri, onların rəhbərləri həm bizə böyük hörmət göstərmiş oldular, həm də ki, öz uzaqgörənliklərini nümayiş etdirdilər. Çünki bu, bölgədə olan geosiyasi vəziyyəti tamamilə dəyişir.
Bir çox xarici səfərlərim olub, səhv etmirəmsə, 20-yə yaxın, bəlkə də çox. Bir çox xarici dövlət, hökumət başçıları Azərbaycana gəlmişlər. Ölkəmizdə beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında təbii ki, Xankəndidə keçirilən ECO Zirvə Görüşünü qeyd etməliyəm. Əsas tədbir orada - Xankəndidə keçirilmişdir, amma işğaldan azad edilmiş digər şəhərlərdə - Şuşada, Laçında, Ağdamda bizim təşəbbüsümüzlə üç forum keçirilmişdir: Biznes Forum, Gənclər Forumu, Qadınlar Forumu. Yəni biz istəyirdik ki, gələn qonaqlar azad edilmiş torpaqların bütün olmasa da, böyük hissəsini görsünlər və biz buna hazır idik. Doqquz dövlət və hökumət başçısını biz Xankəndidə, Ağdamda, Şuşada qəbul etməyə hazır idik. Mövcud olan infrastruktur, konfrans zalları, hotellər və digər lazım olan amillər bu imkanı bizə yaratmışdır.
Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü də xüsusilə qeyd etməliyəm. Bu, bir daha Türk dünyasının birliyini əks etdirən bir Zirvə idi və bildiyiniz kimi, bizim təşəbbüsümüzlə qeyri-rəsmi Zirvə görüşləri də keçirilməyə başlamışdır. Birinci qeyri-rəsmi Zirvə Şuşada keçirilmişdir, rəsmi Zirvə Qəbələdə və bu ənənəni indi digər ölkələr də davam etdirirlər. Artıq qeyri-rəsmi Zirvə Görüşü Macarıstanda keçirilmişdir. Yəqin ki, bu il də keçiriləcək. Yəni xarici siyasət istiqamətində yekunlarla bağlı çox danışmaq olar. Bu yaxınlarda xarici işlər naziri mətbuat konfransı keçirmişdir, daha geniş məlumat vermişdir. Mən isə sadəcə olaraq, əsasən vacib hesab etdiyim məqamları işıqlandırmaq istədim.
Murad Hüseynov: Daha bir sual verim, Qəbələdə Türk Dövlətləri Təşkilatının Sammitində Sizin çıxışınızda türk dövlətləri arasında hərbi əməkdaşlıq elementi xüsusilə hiss olundu. Bu, Sizin təklif idi?
Prezident İlham Əliyev: Bəli.
Murad Hüseynov: Yaşadığımız müasir dünyada bu əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?
Prezident İlham Əliyev: Bəli, tamamilə haqlısınız. Mən bunu qeyd etdim. Birinci dəfə deyil ki, mən bu Zirvə görüşlərində bu məsələyə toxunuram. Çünki bilirəm və görürəm, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir. Hətta Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir. Qəbələdəki Zirvə Görüşündə mən bu tezisdən daha da irəli gedərək təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var. Çünki yenə də deyirəm, mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm. Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir. Bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda, məsuliyyətimiz göz önündədir. Biz həm 2020-ci ildə, həm 2023-cü ildə, həm də bu illər arasındakı olan hadisələr zamanı güc tətbiq edərək Ermənistana, yəni onlara layiq olan cavabı verə bilərdik. Necə ki, bizim xalqımız əzab-əziyyət içində yaşayıb, necə ki, bizim ərazilərimiz viran olunub, necə ki, bizə qarşı hərbi cinayətlər törədilib, biz də onların şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdik. Tam rahatlıqla və əminliklə deyə bilərəm ki, heç kim bizi dayandıra bilməzdi. Biz bunu etmədik. Çünki birincisi, bu, nahaq iş olardı. İkincisi, mən tam əmin idim və bilirdim ki, gec-tez müharibə, hərbi qarşıdurma dayanmalıdır və bunu biz dayandırmasaq, bu dayanmayacaq. Bunu güclü tərəf dayandırmalıydı və hətta bu artıq mətbuata da getmişdir, Prezident Trampın müşaviri cənab Vitkof müsahibəsinin birində demişdi ki, Ağ Evdə Prezident Tramp da məndən də soruşdu "Niyə siz dayandınız? Siz güclüydünüz". Mənim cavabımı da yəqin ki, eşitmisiniz. Ona görə, buna baxmayaraq, hərbi gücün olmalıdır ki, heç kim sənə xor baxmasın, heç kim sənə ziyan vurmasın. Hətta heç kim düşünməsin ki, sənə ziyan vura bilər və bunun cavabını ödəməyəcək.
Ona görə biz gücümüzü artırırıq, o cümlədən hərbi gücümüzü. Biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edirik, o cümlədən hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozurlar. Yox, bu, tamamilə əsassızdır. Biz indi sadəcə olaraq, energetika sahəsində, nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu, bir çox sahələrdə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək? Nəzərə alsaq ki, bu gün bütün ölkələr üçün bu, bir nömrəli məsələdir, ona görə təklifim qüvvədədir. Biz indi mesajlarımızı müxtəlif diplomatik kanallarla göndəririk. Əgər ümumi razılıq olarsa, onda biz bu il bu təlimləri görəcəyik. Əgər görsək ki, təlim keçirilmədi, deməli, gərək sual verəsiniz "Kim bunu dəstəkləmədi?". Amma mən ümid edirəm ki, bütün üzv ölkələr bunu dəstəkləyəcək.
CBC Televiziyasından Elmira Musazadə: Cənab Prezident, CBC rus dilində yayımlanan beynəlxalq kanaldır. İcazənizlə sualımı rus dilində verəcəyəm.
Prezident İlham Əliyev: Buyurun.
Elmira Musazadə: Cənab Prezident, xarici siyasətdə prioritetlərdən danışarkən, Siz Çin Xalq Respublikasının əhəmiyyətini qeyd etdiniz və həqiqətən də son illərdə bizim ikitərəfli münasibətlərimiz xeyli güclənib. Bu, həm ən yüksək səviyyədə səfərlər, həm də müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, nəqliyyat, logistika və texnologiyalar üzrə razılaşmalarda özünü göstərir. Siz bu razılaşmaların əhəmiyyətini necə qiymətləndirirsiniz və onların Azərbaycanın regional və qlobal proseslərdə roluna təsiri nədən ibarətdir?
Prezident İlham Əliyev: Zənnimcə, bizim aramızda imzalanan həmin siyasi sənədlər, - onların sayı isə ikidir və biri haqqında artıq danışmışam, - bu, hərtərəfli strateji tərəfdaşlıqdır, bundan bir il əvvəl isə biz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul etmişik. Yəni bir il ərzində strateji, sonra isə hərtərəfli strateji tərəfdaşlıq haqqında iki sənəd imzalanıb, bu, ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verib. İstər bizim tərəfimizdən, istərsə də Çin Xalq Respublikası tərəfindən biznes strukturlarına, dövlət strukturlarına əlaqələrimizi maksimum fəallaşdırmaq üzrə ciddi impuls verilib və biz bunu hətta qarşılıqlı səfərlərin, nümayəndələrin, artıq imzalanmış müqavilələrin sayında, o cümlədən investisiyaların nümunəsində də görürük.
Biz əmtəə dövriyyəsinin artdığını görürük. O, rekord həddə - 4 milyard dollara çatıb, hətta 20 faiz artaraq 4 milyard dolları da keçib. Bu, yəqin ki, bizim hər hansı bir ölkə ilə əmtəə dövriyyəmizdə ən böyük artımdır. Biz imzalanmış investisiya xarakterli müqavilələri görürük, Çin şirkətləri Azərbaycana fəal şəkildə investisiya qoymağa başlayıb, əvvəllər bu yox idi. Ayrıca investisiya layihələri var idi, amma belə böyük sayda və dövlət strukturları ilə bu cür koordinasiya şəraitində biz bunu müşahidə etmirdik. Yəni bu ondan xəbər verir ki, qarşılıqlı fəaliyyəti genişləndirmək üçün çox ciddi siqnal və impuls verilib.
Artıq indi Çin şirkətləri bərpaolunan enerji mənbələrinə investisiyalar qoyur. Elektrik, Günəş, külək stansiyalarının tikintisinə başlanılır və bu stansiyaların sayının artırılması üzrə müraciətlər var.
Günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə başlanılıb, elektrik avtobuslarının yığılmasına başlanılıb. Bununla bağlı deməliyəm ki, bu, Azərbaycan tərəfinin strateji qərarı olub, çünki biz təkcə yaşıl energetikanı deyil, həm də yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə, gündəmdə strateji tərəfdaş seçmək məsələsi dayandı və Çin şirkətlərini seçdik.
Bu seçim, həmçinin artıq qeyd etdiyim razılaşmaların nəticəsi idi və təbii ki, layihənin icrasının peşəkarlığı, keyfiyyəti və sürəti bu seçimin düzgünlüyünü təsdiqlədi. Buna görə də Bakıda gördüyümüz yaşıl avtobusların bəziləri satın alındı və onların yığılmasına bu il başlanacaq, gələcəkdə isə lokallaşdırma artacaq.
Nəqliyyat sektorunda artıq bəhs etdiyim fəal əməkdaşlıq fonunda yükdaşımaların əsas artım mənbəyi təbii ki, Çin olacaq. Çin Xalq Respublikası hazırda Xəzər dənizinə dəmir yolunun, Qırğızıstan və Özbəkistan vasitəsilə daha bir dəmir yolunun tikintisini maliyyələşdirir, milyardlarla dollar sərmayə qoyur. Orada relyef çox mürəkkəbdir və çoxsaylı tunellər və körpülər tikilməlidir. Bu fakt onu göstərir ki, onlar bu layihəni maliyyələşdirmək qərarına gəldikləri üçün həmin dəmir yolu boş qalmayacaq. Xəzər dənizinə və deməli, Azərbaycana yükdaşımaların həcmi artacaq. Mərkəzi Asiya ölkələri ilə yanaşı, Çindən əlavə yükdaşımalar təbii ki, Şərq-Qərb marşrutunu, Orta Dəhlizi tam işlək vəziyyətə gətirəcək.
Sözsüz ki, Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii ki, biz buna ilk növbədə Naxçıvan Muxtar Respublikası ilə əlaqə kimi, həm də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq. Bu gün Azərbaycandan Qərbə doğru bir dəmir yolu marşrutu var, onların sayı iki olacaq. İki həmişə birdən yaxşıdır, xüsusilə açıq okeana çıxışınız olmadığı və qonşu ölkələrdən keçməli olduğunuz bir şəraitdə. Həmişə həcm üçün, rəqabətqabiliyyətlilik üçün, tranzit marşrutunun inhisarlaşdırılmasının qarşısını almaq və təbii ki, daha rəqabətli tariflər təmin etmək üçün alternativə sahib olmaq daha yaxşıdır.
Bu, bizim qarşılıqlı fəaliyyətimizin çox böyük sektorudur və təbii ki, belə olan halda düşünürəm, həm əmtəə dövriyyəsinin həcmi nöqteyi-nəzərindən, potensial baxımdan və belə demək mümkünsə, həm də Cənubi Qafqazdan axını sonrakı istiqamətlər üzrə bölüşdürəcək ölkə kimi, Çin Xalq Respublikası üçün burada, bu regionda Azərbaycan prioritet tərəfdaşdır.
Bu axınlar isə hamımızın bildiyi kimi, bir çox istiqamətdə hərəkət edə bilər. Buradan iki istiqamətdə qərbə, bir istiqamətdə və daha sonra iki istiqamətdə - yenidən Zəngəzur dəhlizi vasitəsilə cənuba, Yaxın Şərqə, Fars körfəzinə və əlbəttə ki, şimal istiqamətinə doğru axın olacaq ki, bu istiqamət də tam istifadəyə veriləcək.
Buna görə də Azərbaycan, belə demək mümkünsə, kommersiya səmərəliliyinə və bir çox digər amillərə əsaslanaraq, yükdaşımaların artmasına kömək edən, özünün və qonşu ölkələrin infrastrukturuna investisiya qoyan, axınların təminedicisi olacaq ölkə rolunu oynamalıdır. Bu səbəbdən də xüsusən də açıq dənizə çıxışı olmayan Azərbaycanın nəqliyyat mərkəzi kimi rolu təbii olaraq artacaq.
Əlbəttə ki, burada daha bir yeni əməkdaşlıq istiqamətini qeyd etməyə bilmərəm. Bu, hərbi-texniki əməkdaşlıqdır. Ona da, həmçinin əldə olunmuş siyasi razılaşmalar çərçivəsində başlanılıb. Bu, Çin və Azərbaycan arasında yeni bir qarşılıqlı fəaliyyət sahəsidir. Bu əməkdaşlığın bir hissəsi hərbi paradda nümayiş etdirilib, amma bu, yalnız başlanğıcdır.
Biz bu halda böyük qarşılıqlı maraq görürük. Bundan əlavə, hərbi texnikanın əldə olunması ilə kifayətlənməyərək, biz müştərək müəssisələrin yaradılması üzərində işləyirik və bu sahədə işlər artıq başlayıb. Bu, ümumiyyətlə, ictimaiyyətin diqqətindən gizli saxlanılır, necə ki, belə də olmalıdır, amma həm də hər iki ölkə tərəfindən verilən strateji xarakterli ciddi siyasi qərardır və böyük potensiala malikdir. Əminəm ki, yaxın gələcəkdə həm yeni müqavilələrin, həm də artıq prosesdəki layihələrin həyata keçirilməsinin şahidi olacağıq. Bu, təbii ki, Azərbaycana böyük fayda gətirəcək.
AnewZ Televiziyasından Nadia Cani: Cənab Prezident. Mən beynəlxalq ingilisdilli AnewZ kanalını təmsil edirəm. Ona görə bu sualı Sizə ingilis dilində ünvanlayacağam.
Azərbaycanın iqtisadi və regional inkişafından, xüsusilə Ermənistanla yeni sülh müqaviləsi kontekstində danışa bilərsinizmi? Bu, gələcək illərdə ölkə üçün nə məna kəsb edir? Azərbaycanın Cənubi Qafqazda əsas iqtisadi lider kimi mövqe tutmasına kömək etmiş bəzi nailiyyətlərini sadalaya bilərsinizmi?
Prezident İlham Əliyev: Bəli, keçən ilin avqustunda Vaşinqtonda paraflanmış sülh sazişi, əlbəttə ki, investisiyalar üçün, xüsusilə Amerika Birləşmiş Ştatlarından gələn investisiyalardan danışdıqda, böyük imkanlar açır. Biz bunun üzərində fəal işləyirik. Eyni zamanda, Azərbaycanın Birləşmiş Ştatlara yatırdığı investisiyaların artıq müəyyən tarixi var. Biz əsasən qiymətli kağızlara investisiya yatırmışdıq. Lakin indi, iki ölkə arasında olan münasibətlərin bu yeni mərhələsindən sonra biz real iqtisadiyyatın layihələrinə investisiya yatırmaq üçün müxtəlif seçimləri nəzərdən keçiririk. Eyni zamanda, Azərbaycanın hədəflərindən biri də regional süni zəka qovşağına, IT mərkəzinə çevrilməkdir və hesab edirəm ki, bizim buna nail olmaq üçün potensialımız var. Biz indi tərəfdaşlarımızla məlumat mərkəzlərinin yaradılması üzərində çalışırıq. Bildiyiniz kimi, məlumat mərkəzlərinin çoxlu elektrik enerjisinə ehtiyacı var. Bu gün daha geniş regionda elektrik enerjisi üzrə əlavə imkanı olan yeganə ölkə Azərbaycandır. Beləliklə bu gün daxili məqsədlər üçün istifadə etmədiyimiz ixrac və ya burada istehlak oluna bilən əlavə 2000 meqavat və ya 2 giqavat həcm varımızdır.
Kibertəhlükəsizlik mərkəzinin yaradılması, mütəxəssislərimizin təlimi ilə bağlı planlarımız və artıq icra olunmuş layihələrimiz var - biz bir çox mütəxəssislərimizi xaricə təlimlərə göndəririk və eyni zamanda, Azərbaycanda təlimlər təşkil edirik - hədəfimiz, bağlılıqla yanaşı, süni zəka və IT üçün bir haba çevrilməkdir. Potensial mövcuddur. Güclü siyasi iradə mövcuddur. Əlbəttə ki, biz Amerika şirkətlərini əsas tərəfdaşlarımız hesab edirik. Qeyd etmək istəyirəm ki, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması üzrə Prezident Trampla Anlaşma Memorandumunu imzaladıqdan sonra Avropanın bir neçə aparıcı ölkəsi bizimlə strateji tərəfdaşlıq münasibətləri qurmaq üçün müraciət etmişdir. Beləliklə, müəyyən mənada bu, Vaşinqtondan daxil olan siqnal idi. Buna baxmayaraq, bu vaxtadək biz demək olar ki, 30 ölkə ilə strateji tərəfdaşlıq üzrə bəyanat və müqavilə imzalayıb və bağlamışıq, – bu ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür, – lakin Vaşinqtondan daxil olmuş bu güclü mesaj ABŞ-ın müttəfiqi olduğu ölkələrdə yaxşı qarşılanmışdır.
İqtisadi fəaliyyətimizlə bağlı, ölkəmiz iqtisadi cəhətdən tamamilə müstəqil olduğuna və hər hansı bir dəstəkdən, istənilən kreditdən və ya nədənsə asılı olmadığına görə bugünkü vəziyyət bizi qane edir. Bir neçə il bundan əvvəl mən xarici borcumuzu azaltmaq üçün hökumətin qarşısına vəzifə qoydum və buna nail olduq. Biz borc götürməyi tamamilə dayandırdıq və beynəlxalq maliyyə təsisatları ilə bütün münasibətlərimizi, aktiv münasibətlərimizi bitirdik. İndi bizim xarici borcumuz ÜDM-in 6+ faizini təşkil edərək tarixdə ən aşağı səviyyədədir. Biz yenə də məhdud məbləğlərdə borc götürməyə başladıq. Lakin biz maliyyələşdirməyə ehtiyacı olan layihələri dəstəkləmək üçün yenə də 2-3, bəlkə də 4 milyard ABŞ dolları məbləğində borc götürməyə qərar vermişdik. Biz sosial sahəyə maliyyələşməni kəsmək istəmirik. Biz müdafiə sahəsinə, Qarabağın yenidən qurulmasına maliyyələşməni kəsmək istəmirik. Lakin bizə nəqliyyat layihələrimiz, su-kanalizasiya sistemi üçün və əsasən bağlılıq məsələlərində maliyyələşmə lazımdır. Bunun üçün biz borc götürəcəyik. Lakin bu gün bizim xarici borcumuz tarixdə ən aşağı səviyyədədir, hesablamalardan asılı olaraq ÜDM-in 6,3-6,4 faizini təşkil edir. Bizim ehtiyatlarımız xarici borcu 16 və ya 17 dəfə üstələdiyinə görə xarici borcumuzu geri ödəyə bilərik. Nəyə görə bir rəqəmi qeyd etmirəm, çünki ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qərar qəbul etdik. Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı. Beləliklə, bu qərar bizə çoxlu pul qazandırdı. Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı. Lakin qızılın qiyməti aşağı düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq. Beləliklə, bu gün bizim ehtiyatlarımız hər gün dəyişir. Bu gün ola bilsin 84 və ya 83 milyarddır. Sabah 85 olacaq. Buna baxmayaraq, bu, dünyada adambaşına düşən ehtiyatlar nöqteyi-nəzərindən istənilən ölkədə olan ən yüksək göstəricilərdən biridir, 83-84 milyard ABŞ dolları.
Nəhəng investisiya layihələrini və Qarabağın yenidən qurulmasını nəzərə alsaq, bu, həqiqətən iqtisadiyyatımızın güclü dayanıqlılığını nümayiş etdirir. İki aparıcı reytinq şirkəti bizim kredit reytinqimizi yenilədi. Bunlar "Moody"s" və "Fitch" şirkətləri idi və burada reytinq investisiya səviyyəsi yenilənərək, proqnoz da sabitdən müsbətə doğru yenilənmişdir. Mən tamamilə əminəm ki, bizim kredit reytinqi üzrə göstəricimiz olduğundan daha aşağı qiymətləndirilir, çünki bizim böyük ehtiyatlarımız var, aşağı xarici borcumuz var, özünü təmin edən iqtisadiyyatımız var və hesab edirəm ki, bir çox digər amillər bizə daha yüksək reytinqə malik olmağa imkan verir. Bizim müvafiq dövlət təsisatları fəaliyyətimiz haqqında daha çox məlumat vermək üçün bu reytinq agentlikləri ilə çalışır ki, Azərbaycanın həqiqi reytinqi lazımi şəkildə əks olunsun. Çünki bu, təkcə prestij məsələsi deyil, baxmayaraq ki, belədir. Bu, həm də bizə, xüsusilə indi borc götürməyə qərar verdiyimiz bir dönəmdə daha yaxşı şərtlərlə borc götürməyə imkan verir. Odur ki, mən hökumətə borc götürməyi dayandırmağı tapşıranda hədəfim xarici borcu ÜDM-in 10 faizindən daha aşağı səviyyəyə gətirmək idi və indi o, ÜDM-in 6,3-6,4 faizini təşkil edir.
Əlbəttə ki, bu baxımdan daha çox vəsait regional inkişafa ayrılacaq. Bu gün bizim iki investisiya proqramımız var - biri ənənəvi proqramdır, digəri isə Qarabağ və Şərqi Zəngəzur üçündür. Hər ikisi yüksək səviyyədə icra olunaraq uğurla həyata keçirilir. Biz bağlılıq, nəqliyyat məsələlərində daha çox iş görməliyik. Artıq qeyd etdiyim kimi, mən düşünürdüm ki, dəniz limanları və dəmir yolları ilə bağlı gördüyümüz işlər bir çox illər üçün kifayət edəcək. İndi isə görürəm ki, artan yükdaşımaların həcminə görə bunlar kifayət etməyəcək.
Biz tezliklə Bakı, Sumqayıt və Xırdalanın, bütün Abşeron yarımadasının su-kanalizasiya sistemləri üzrə irimiqyaslı proqram qəbul edəcəyik, çünki buna tələbat böyükdür. Bir çox iş görülüb, lakin hələ də çatışmazlıqlar var. Hələ də güclü yağışlar olanda problemlərlə üzləşirik. Beləliklə kanalizasiya-su sistemlərinin idarə olunması və içməli su, o cümlədən Azərbaycanda ilk dəfə qurulacaq duzsuzlaşdırma qurğusu içməli suya olan böyük tələbatı qarşılayacaq. Kənd təsərrüfatını daha çox su ilə təmin etmək məqsədilə yeni kanalların tikintisi, həmçinin, əlbəttə ki, Bakının nəqliyyat problemləri həll olunacaq.
Hamımız yaxşı bilirik ki, - bəlkə siz bunu məndən də yaxşı bilirsiniz, - yol hərəkəti bu gün həqiqətən də ciddi problemdir. Əvvəlki illərdə biz çox iş görmüşük, 50 tunel, 50-yə yaxın körpü inşa etmişik, yolları genişləndirmişik. Təkcə Bakıda 2500 kilometr yol salınmışdır. Təsəvvür edin, şəhərin daxilində 2500 kilometr yol. Hamımız, - bəlkə hamımız yox, - amma Mirşahin və mən buradan Bakı şəhərinə gedən yolun necə olduğunu çox yaxşı xatırlayırıq. O vaxt cəmi bir yol var idi. Bu sahədə görüləcək işlər hələ çoxdur. Biz artıq Bakıda əlavə 10 metro stansiyasının tikintisini nəzərdə tutan proqram qəbul etmişik. Mənim səlahiyyət müddətim ərzində yeddi stansiya tikilib, lakin bu, kifayət deyil. Buna görə də daha 10 metro stansiyası, eləcə də yeni körpülər və tunellər tikiləcək. Bütün bunlar üçün vəsait cəlb etməliyik, çünki bu, bizə xeyli maliyyə qənaəti edəcək və həmin vəsaiti Qarabağ üçün istifadə edə biləcəyik.
Mən, ümumilikdə, iqtisadi inkişafdan razıyam. Bəli, bizim bir problemimiz var, bu da neft hasilatının təbii azalmasıdır. Bu amil ÜDM göstəricilərinə müəyyən mənfi təsir göstərir. Lakin əgər qeyri-neft və qeyri-qaz sektorunda ÜDM-ə baxsaq görərik ki, 11 ay ərzində 3,2 faiz artım qeydə alınıb, bu da pis göstərici deyil. Bu artım daha yüksək ola bilər və böyük ehtimalla olacaq. Eyni zamanda, biz neft hasilatının sabitləşdirilməsi üzərində işləyirik, - bu, mümkündür, - və təbii qaz hasilatının artırılması istiqamətində də addımlar atırıq. Bu da iqtisadiyyatımıza əlavə dinamika verəcək və onun böyüməsinə töhfə olacaq. Lakin artım təbii olmalıdır.
Bilirsiniz, mən dəfələrlə Ermənistanı güclü şəkildə dəstəkləyən və daim Ermənistan üçün geosiyasi baxımdan çətinliklərdən, guya bəzi ölkələrin onun maraqlarına zərər vurmaq istəməsindən şikayət edən bir qrup ölkənin liderləri ilə görüşərkən həmişə deyirəm: "ÜDM-ə baxın və Rusiya ilə ticarət dövriyyəsinə baxın". Rusiya–Ukrayna müharibəsi başlayanda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təxminən 2 milyard ABŞ dolları idi. İki il sonra isə bu rəqəm 12 milyard dollara çatdı. Bu, artıq hər şeyi açıq şəkildə göstərir.
Bu, sanksiyalardan yayınma mexanizmidir - onların dediyi kimi, paralel idxal və ya "boz zona" idxalıdır. Lakin nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası Parlament Assambleyasında heç kim bu barədə bir söz belə demədi, nə Ermənistanı qınadı, nə də ümumiyyətlə, sanksiyalar mövzusuna toxundu. Çünki onlar üçün sanksiyalardan yayınma kanalı olmaq qəbulediləndir. Bizim ÜDM-in artması isə kiməsə sanksiyalardan yayınmağa kömək etdiyimizə görə deyil, - biz bunu etmirik, - o, iqtisadi fəaliyyətimizin real nəticələri hesabına artır.
Rəqəmlərlə bağlı daha bir məqamı da qeyd etmək istərdim. Rəqəmlər, əlbəttə ki, vacibdir, lakin ən önəmlisi insanların gündəlik həyatı və ölkənin iqtisadi imkanlarıdır. Həmçinin aydındır ki, iqtisadiyyat nə qədər böyükdürsə, hər bir faiz artımının dəyəri də bir o qədər yüksək olur. Belə ki, iqtisadiyyatın həcmi təxminən 70–80 milyard ABŞ dolları olduqda, hər bir faiz artımı demək olar ki, 1 milyard dollar edir. Bu 1 milyard dolları cəmi bir il ərzində əldə etmək isə asan məsələ deyil. Bununla belə, mən hesab edirəm ki, göstəricilər daha yaxşı ola bilər. Neft hasilatı sabitləşdikdən sonra ÜDM üzrə daha yüksək rəqəmləri görəcəyimizi düşünürəm. Amma yenə də mənim üçün bu, nə rəqabətdir, nə də yarış. Əsas odur ki, iqtisadiyyatımız bizə inkişaf etməyə, əhali üçün daha yaxşı yaşayış şəraiti yaratmağa, azad edilmiş əraziləri bərpa etməyə, müdafiə qabiliyyətinə investisiya qoymağa və ümumilikdə, iqtisadiyyatımızı daha da gücləndirməyə imkan versin.
Mümtaz Xəlilzadə: Təşəkkür edirik, cənab Prezident. Siz Azərbaycan dövlətinin xarici siyasəti, regional inkişafı, iqtisadi göstəriciləri haqqında fikirlərinizi bölüşdünüz. Mənim növbəti sualım dövlətin sosial siyasətinin nəticələri ilə bağlı olacaq. Xahişim odur ki, həm 2025-ci ildə dövlətin sosial siyasətinin nəticələri, eyni zamanda, bu ildən tətbiqi nəzərdə tutulan, xüsusən də cəmiyyətin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək layihələr barədə məlumat verəsiniz.
Prezident İlham Əliyev: Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz, bu birincisi. İkincisi, həmişə çalışmışam və bu gün də çalışıram populizmdən uzaq olum və mümkün olmayan vədləri verməyim. Mümkün olan inkişafla bağlı Azərbaycan ictimaiyyətini müntəzəm olaraq məlumatlandırıram. Əgər son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb. Düzdür, ilkin baza çox aşağı idi, amma bu artım da əldə edilmiş vəsait hesabına mümkün olmuşdur. Yəni biz iqtisadi islahatları apararaq, neft-qaz layihələrini icra edərək, ilk növbədə əldə edilən gəlirləri sosial sahəyə yönəldirdik və bu gün də belədir. İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Yəni biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur. Yəni bu, niyyətimizi əyani şəkildə göstərir və bu gün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır. Yəni vaxtilə bu sahədə olan pozuntular aradan qaldırılır, ədalətsizliklər aradan qaldırılır, şəffaf mexanizm tətbiq olunur. Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.
Əlbəttə, istərdik ki, daha da çox olsun. Amma bir atalar sözü var: "Gərək ayağını yorğanına görə uzadasan". Yenə də deyirəm, biz heç vaxt populizmlə məşğul olmamışıq, heç vaxt həlli mümkün olmayan vədlər verməmişik, heç vaxt gələcək nəsilləri borca salmaq üçün haradansa böyük məbləğdə pul alıb onu paylamamışıq. Biz strateji inkişafla bağlı tam, necə deyərlər, aydın mənzərəyə sahibik. Ona görə ölkə iqtisadiyyatı inkişaf etdikcə, ölkənin valyuta ehtiyatları artdıqca, əlbəttə ki, sosial sahəyə daha da böyük vəsait ayrılacaq.
Biz bir neçə ildir ki, özünüməşğulluq proqramı ilə məşğuluq, əgər belə demək mümkündürsə və 100 mindən çox insan bu proqramla əhatə olunub. Yəni cəmiyyətdə ələbaxımlılıq olmamalıdır. Bunu tam aradan qaldırmışıq? Yox, yenə də var. İş yerləri yaradılır, o cümlədən Qarabağ və Şərqi Zəngəzur da böyük tikinti meydançasıdır. Yəni işləmək istəyən Azərbaycanda özü üçün iş tapa bilər, ya inşaatda, ya kənd təsərrüfatında, ya başqa sahələrdə. İşsizlik aşağı səviyyədədir, ancaq işsizlər var və bu, hər bir ölkədə var. İnkişaf etmiş ölkələrdə bizdən də böyük faizlə ölçülən işsizlik var. Amma mənim sözüm odur ki, bu gün Azərbaycan kimi ölkədə, geniş imkanları olan ölkədə iş tapmaq o qədər də çətin məsələ deyil. Sadəcə olaraq, bəziləri bəlkə də onlara təklif olunan işlərlə razı deyillər, ona görə iş axtarmağa davam edirlər. Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər.
Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilmişdir. Burada da Azərbaycan qədər bu sahəyə diqqət yetirən ikinci ölkə yoxdur. Müharibələr olub, İkinci Dünya müharibəsi, ondan sonrakı müharibələr. Mən bilmirəm hansı ölkədə şəhid olanlara dövlət tərəfindən mənzillər verilir, bəlkə verilir, amma mən bilmirəm, eşitməmişəm. Minik avtomobilləri verilir. Biz müharibə zamanı əlil olmuş hərbçiləri dövlət tərəfindən ən müasir protezlərlə təmin etmişik. Beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Bu, ən son model protezlərdir. Müntəzəm olaraq onlara xidmət göstərilməlidir, dəyişdirilməlidir. Çünki bunu fizioloji nöqteyi-nəzərdən dəyişməyə ehtiyac var. Əlbəttə, biz bunu edirik, o insanlar qarşısında bizim vətəndaşlıq borcumuzdur. Bir sözlə, bu istiqamətdə mən hələ sosial infrastruktur layihələrini qeyd etmirəm. Son 20 il ərzində Azərbaycanda 3 min 600 məktəb, yüzlərlə xəstəxana tikilib və əsaslı təmir edilib. Yəni bu, bizim siyasətimizin, o cümlədən iqtisadi siyasətin ayrılmaz hissəsidir və yenə də deyirəm, iqtisadiyyatımız nə qədər artsa, ilk növbədə o qədər də sosial məsələlərə diqqət yetiriləcək və maliyyə ayrılacaq.
Murad Hüseynov: Cənab Prezident, Siz Qarabağın və Şərqi Zəngəzurun bərpasını Azərbaycan dövlətinin ən prioritet istiqamətlərindən biri elan etmisiniz. Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının icrasını necə qiymətləndirirsiniz? İşğaldan azad edilən ərazilərin Azərbaycanın iqtisadi zəncirinə cəlb olunması üçün yeni institusional addımların atılması planlaşdırılırmı?
Prezident İlham Əliyev: Bəli, təbii. Çünki, ilk növbədə, biz gərək bu bölgələr arasında bağlantılar yaradaydıq. Çünki işğal dövründə oradakı vəziyyət acınacaqlı idi. Siz hamınız - Azərbaycan vətəndaşları o bölgələrdə olarkən, xüsusilə işğaldan azad ediləndən sonrakı ilk aylar ərzində görürdük ki, vəziyyət çox acınacaqlı idi. Hətta mən özüm də dəfələrlə orada olarkən özümə sual verirdim: bəs bu qədər milyonlar, yüz milyonlarla telemarafonlar, - ermənilər hər il yüz milyonlarla pul yığırdılar, - bu pul hara gedirdi? Mən onu orada görmədim. Ancaq bəlkə də orada separatçıların villalarını saymaq olar, amma nə ictimai binalar, nə də hansısa yaşayış binaları var idi. Faktiki olaraq, orada həyat sanki XX əsrin 70-ci illərində dayanıb. Məndə belə təəssürat var idi. Mən 1970-ci illərdə dəfələrlə Azərbaycanın bölgələrində olmuşam və sanki o xatirələr qayıtmış oldu.
Ona görə biz bu bölgələri canlandırmaq üçün gərək bağlantılar, enerji təminatı yaradaydıq. Bu işlə məşğul olduq və azad edilmiş bütün bölgələri mərkəzlə, mərkəzi infrastrukturla faktiki olaraq birləşdirdik. Enerji sistemi - dairəvi enerji sistemi quruldu və bu gün mərkəzdən oraya yox, oradan mərkəzə enerji daxil olur. Çünki biz beş il ərzində 307 meqavat gücündə su elektrik stansiyaları yaratmışıq və əlbəttə ki, azad edilmiş bölgələrdə istehlak qat-qat aşağıdır. Ona görə biz bu dairəvi sistemi yaratmaqla bu gün enerji axınını ölkə üzrə lazımi səviyyədə bölə bilərik.
Su təchizatı olmadan heç kim oraya köçməz, orada yaşamaz. Bu məsələ də öz həllini tapır və su anbarları - bir neçə su anbarını yenidən qurmuşuq, sıfırdan qurulan, məsələn, Zabuxçay su anbarı, əsaslı təmir olunan Sərsəng, Suqovuşan, Köndələnçayda üç, Xaçınçay. Bütün bunlar həm böyük vəsait, həm də işçi qüvvəsi tələb edir və onu da deməliyəm, bu işlər, əlbəttə ki, vəsait hesabına görülür. Əgər vəsait olsa, amma işçi qüvvəsi, yaxud da ki, hazırlıqlı kadrlar olmasa, biz bu işi görə bilməzdik. Bax, indi Kəlbəcər dağlarından elektrik xətləri çəkmək özlüyündə bir qəhrəmanlıqdır, özü də ağır hava şəraitində yollar, körpülər, misalçün, 70 kilometr uzunluğunda tunellər inşa edilir. Onların böyük əksəriyyəti başa çatıb. İlk növbədə, bu bölgə dəmir yolları - Bərdə-Ağdam, indi Ağdam-Xankəndi, avtomobil yolları, magistral, - yəni Zəngəzur dəhlizi öz yerində, - amma, eyni zamanda, Cəbrayıl, Hadrut, Laçın, Kəlbəcər bir-biri ilə bağlı olmalı idi. Mən birinci dəfə Kəlbəcərdən Laçına gedəndə həyatımda belə təhlükəli yol görməmişdim. Uzun illərdir ki, avtomobil sürürəm, o cümlədən vaxtilə müxtəlif ölkələrdə də olanda sürmüşdüm, təbii ki, Azərbaycanın hər bir yerində, amma mən elə təhlükəli yol görməmişdim. Bəlkə də Göygöl-Kəlbəcər yolu, Murov aşırımı, - tunel tikilənə qədər o yoldan istifadə edirdik, - ona bənzər ola bilər. Yəni indi bu dördzolaqlı körpülərlə, tunellərlə təmin olunan yollar - bütün bunlar imkan verəcək ki, bir yerdə yaşayan insan o biri yerdə işləyə bilsin. Misalçün, Xankəndi-Şuşa məsafəsi o qədər də böyük deyil. Amma yenə də bu məsafəni daha da qısaltmaq üçün o yol boyunca tunel tikirik. Ya da ki, Şuşa-Laçın, o məsafəni də indi 40 dəqiqəyə getmək olar. Amma bu, yeni tunellərlə, yolların genişləndirilməsi ilə 20-25 dəqiqəyə düşəcək. Yəni imkan verəcək ki, mobillik artsın, o cümlədən Ağdamda yaşayan Şuşada gedib işləyəcək və əksinə.
Bütün o bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir. Bu bölgəni Azərbaycanın digər bölgələri ilə, - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti ilə əlaqələndirməklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf olunan vaxt qısalacaq. Hamımız yaxşı bilirik ki, insanlar adətən yaşadıqları bölgələrdə yaşayırlar. Ancaq o bağlantılar - dəmir yolu, avtomobil yolları olan zaman, gələcəkdə hava yollarının istifadəsi ilə insanlar da ölkə daxilində miqrasiya edə bilərlər. Şərt deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün, məsələn Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq.
Bu mobillik cəmiyyətə yeni bir mədəniyyət gətirəcək. Yəni xüsusilə bugünkü internet dövründə harada iş var gedirəm, orada işləyirəm, orada yaşayıram, orada şərait olmalıdır. Bakıdakı kimi olmasa da, heç olmasa, Bakıya yaxın olan şərait olmalıdır. Yəni məqsəd budur. Bu, deyə bilərəm ki, bir yan məqsəddir. Təbii ki, əsas məqsəd keçmiş köçkünləri oraya qaytarmaqdır. Bu gün artıq 70 min insan orada yaşayır. Təbii ki, onların hamısı köçkün deyil. Ancaq işləyənlər və əksəriyyət köçkün deyil. Otuz iki şəhər və kənddə. Bu il biz orada yaşayanların sayını bir neçə dəfə artıra bilərik. Amma hələ ki, heç bir rəqəm demək istəmirəm. Çünki ola bilir, bəzi hallarda işin icrası uzanır. Amma hesab edirəm ki, ən azı 30-50 kənddə biz insanları yerləşdirə bilərik və beləliklə, ola bilər 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq.
İnfrastruktur layihələri icra edildikcə təbii ki, evlərin tikintisinə daha böyük vəsait veriləcək. Amma hər şey ardıcıllıqla, Baş plan əsasında edilir. Biz həm tələsirik, həm də tələsməməliyik. Çünki bəzi hallarda tələskənliyə yol verərkən keyfiyyət uduzur. Yaxud da ki, hansısa işi keyfiyyətsiz edənlər deyirlər ki, bəs tələsmişəm, mən bunu filan tarixdə təhvil verməli idim. Mən hamıya dedim, bax, ictimaiyyətə də deyə bilərəm ki, heç vaxt heç bir tarix qoymamışam. Bu il üçün də heç bir tarix qoymamışam. Nə vaxt hazır olacaq, o vaxt hazır olacaq. Amma hər şey gərək keyfiyyətli olsun və təbii ki, ictimai nəzarət də olmalıdır.