Əslən Qərbi Azərbaycanın Pəmbək mahalının Hamamlı bölgəsinin Qursalı kəndindən olan Avstriyanın Vyana şəhərində yaşayan Dünya Şairlər və Yazıçılar İttifaqının Prezidenti, dəyərli dostum Qaraxan Yaqubovun FACEBOOK-da bir şeirini oxudum. Şeirə aşıqlar dilincə desək bir QABAQ yazdım. Qaraxan Yaqubov: Etibar eylədim qohum-qardaşa, Özüm öz başıma döyürəm indi. Atama, anama, doğma yurduma Yuxuda baş çəkib dəyirəm indi. Yusif Ağbulaqlı: Əgər etibarsız olarsa ətraf Keçənə güzəşt de, döz, eybi yoxdu. Ata, ana, yurd sevgisi çin olsun, Hələlik yuxuda gəz, eybi yoxdu. Qaraxan Yaqubov: Çörək verdiklərim qəlbimi üzdü, Ürəyim möhkəmmiş acıya dözdü. Ürək o ürəkdi, göz də o gözdü, Əvvəlki gülərüz deyiləm indi. Yusif Ağbulaqlı: Çörək itirəni gəz nə soraqla, Qəlbini ədəbə, ərkana bağla. Sən təmiz duyduğun yolunu saxla, Pozular hərdənbir iz, eybi yoxdu. Qaraxan Yaqubov: Vaxt var idi mən dağlarda gəzərdim, Doğma el-obamda yox idi dərdim. Yoxuşa qalxanda dik yeriyərdim, Düz yolda belimi əyirəm indi. Yusif Ağbulaqlı: Sevinci soraqla, kədəri unut, İnşallah qovuşar doğma oba, yurd. Pak vicdan önündə başını dik tut, Yol olsun yoxuş, ya düz, eybi yoxdu. Qaraxan Yaqubov: Çay üstündən hoppanaraq keçərdim, Bulaqlardan suyu soyuq içərdim. Ayda neçə dəfə kabab çəkərdim, Şorba, borşu zorla yeyirəm indi. Yusif Ağbulaqlı: Baxma bizə qara əllər sədd çəkib, Sevinəsən türk dünyası birləşib. Bir gün olar ana yurdda əyləşib, Yeyərsən bal, qaymaq--üz, eybi yoxdu. Qaraxan Yaqubov: Bilməzdin qəm-qüssə nədir, Qaraxan?-- Neçə ki var idi atanla, anan. Nə şeir yazmazdım, nə də ki roman, Dərdimi şeirlə deyirəm indi. Yusif Ağbulaqlı: Yusif Ağbulaqlı dedi: qulaq as, Bütün varlığınla gülərsən, qardaş. Sevincdən yazacan bir vaxt başabaş, Hələlik kədərli söz eybi yoxdu.