Həftənin icmalı

Həftənin icmalı Azərbaycanda “donuz qripi” təhlükəsi

04.01.2016

Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində yerləşən Qoşatəpə sərhəd-keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib.

Buna səbəb Türkiyənin Adana əyalətində H1N1 virusuna (donuz qripi) yoluxduğu ehtimal olunan 3 nəfərin dünyasını dəyişməsidir.

Məntəqəyə xüsusi həkim briqadaları cəlb olunub. Türkiyəyə məxsus yük maşınları məntəqəyə daxil olarkən həkim briqadaları tərəfindən yoxlanılır və zəruri dezinfeksiya tədbirlərindən sonra Azərbaycan ərazisinə buraxılır.

Cəsədi tapılan neftçilərin kimlikləri açıqlandı

04.01.2016

Dünən Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilən iki Azərbaycan neftçisinin cəsədinin kimliyi müəyyən olunub.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidməti xəbər verir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və SOCAR-ın Azneft İB-nin işçiləri ilə birlikdə cəsədlərin tanınması və Respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.

Qeyd olunub ki, orada olan SOCAR əməkdaşları tərəfindən aparılmış ilkin baxış nəticəsində verilmiş məlumata əsasən tapılanlar “Günəşli” yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir.

Qida məhsullarında “Ekoloji təmiz” yazısı qadağan edildi

04.01.2016

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kollegiyası “Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər” standartını təsdiqləyib.

Sənədə əsasən, qida məhsulunun xüsusiyyətinə, eyniliyinə, tərkibinə, miqdarına, saxlanma və ya yararlılıq müddətinə, mənşəyinə, qida məhsulunun hazırlanma üsuluna dair istehlakçıları yanıldan ad verməyə, məhsulun malik olmadığı xüsusiyyətləri, həmçinin müalicəvi olduğunu qeyd etməyə, qida məhsullarının adlarında məhsulun tərkibində olmayan maddə və ya onun birləşməsinin adından istifadə etməyə yol verilməsi qadağandır.

Neftçilərin meyiti ailələrinə təhvil verildi

04.01.2016

Xəbər verdiyimiz kimi, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

Məlumat daxil olduqdan sonra cəsədlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi ölkəyə geri qayıdıb.

FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.

Güclü qar Qubada həyatı iflic etdi

04.01.2016

Yeni ilin ilk günlərindən başlayaraq şimal bölgəsinə yağan güclü qar nəqliyyatın işini iflic edib. Ən çox qar Qrız kəndinə düşüb - 84 sm. Xınalıq və Ləzə kəndlərində qarın qalınlığı 70 sm., Quba şəhərində isə 47 sm.-dir. Havanın temperaturu -21 dərəcəyə enib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, yağan qar bütün yollarda, o cümlədən Quba-Xınalıq, Quba-Qonaqkənd və Quba-Tüləkəran-Zeyid Buduq yollarında problemlər yaradıb. Bu yolların bağlı olması səbəbindən sözügedən kəndlər istiqamətində gedən avtomobillər geri qayıtmaq məcburiyyətində qalır.

Azərbaycan dərman istehsal edəcək

05.01.2016

“Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün danışıqlara yaxın vaxtlarda başlanacaq”.

Bunu Trend-ə müsahibəsində Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib. Baş nazirin müavini qeyd edib ki, uzun müddət Azərbaycanda dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb. Buna görə də yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin ciddi dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaqdır.

Bakı Beynəlxalq Avtovağzalı rekord vurdu

05.01.2016

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq, Bakı Beynəlxalq Avtovağzalı dekabrın 21-dən yanvarın 5-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, paytaxt avtovağzalından dekabrın 31-dən yanvarın 4-dək müxtəlif tutumlu avtobuslar vasitəsilə ümumilikdə 1 680 reyslə 42 849 sərnişin daşınıb.

Avtovağzalda ən çox sərnişin sıxlığı isə dekabrın 30-da müşahidə edilib. Belə ki, 30 dekabr tarixində 674 reyslə 18 mindən çox sərnişin daşınıb ki, bu da əvvəlki illərlə müqayisədə rekord göstəricidir.

Həbs olunmuş nardaranlılar azadlığa buraxıldı

05.01.2016

Nardaran hadisələrindən sonra inzibati qaydada həbs olunan 12 nəfər azadlığa buraxılıb.

Bu barədə Trend-ə Nardaran sakini Natiq Kərimov məlumat verib.

Onun sözlərinə görə, azadlığa buraxılanlar arasında özünü Nardaranın Ağa məhəlləsindəki Cümə məscidinin axundu kimi qələmə verən Ataməli Nur da var. Həmin şəxslər Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barələrində 15 və 30 sutkalıq inzibati qaydada həbs olunan Nardaran sakinləridir. Saxlanılan şəxslərin inzibati həbs müddətləri başa çatdığı üçün azadlığa buraxılıblar.

Səhiyyə Nazirliyi dərmanlarla bağlı xəbəri təkzib etdi


05.01.2016

Səhiyyə Nazirliyi Azərbaycanda dövriyyəsi qadağan olunan dərman siyahısı ilə bağlı mətbuatda yer alan yazılara münasibət bildirib.

Nazirlikdən daxil olan açıqlamada deyilir ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyi tərəfindən 844 dərman vasitəsinin dövriyyəsinin qadağan edilməsi ilə bağlı informasiyalar yayılıb:

“Bununla bağlı bildiririk ki, Səhiyyə Nazirliyi tərəfindən dövriyyəsinə qadağa dərman vasitələrinin adlarına deyil, ancaq siyahıda göstərilən seriyalarına qoyulub. Siyahıda adları qeyd edilən dərman vasitələrinin digər seriyaları açıq satışda var və vətəndaşlar həmin preparatları rahat şəkildə apteklərdən alıb istifadə edə bilərlər.

Bir daha qeyd edirik ki, dövriyyəsinə qadağa siyahıda göstərilən dərman vasitələrinin adlarına deyil, onların siyahıdakı seriyalarına aiddir”.

Nazir direktorları işə müsabiqə ilə götürəcək

05.01.2016

Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarında ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinin tutulması müsabiqə yolu ilə həyata keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu, “Ümumi təhsil müəssisələri rəhbərlərinin hazırlanması və seçimi üzrə müsabiqənin keçirilməsi barədə” Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə icra edilir.

Yeni müsabiqə mexanizminin tətbiqinə bu il yanvar ayından start verilir. Məktəb rəhbərlərinin hazırlanması üzrə təlimlər adları qeyd edilən rayonlar da əhatə edilməklə Sumqayıt və Gəncə şəhərlərində təşkil ediləcək.

Ukrayna “Azerspace-1”in xidmətlərindən imtina etdi

05.01.2016

Ukraynanın “Kultura” dövlət telekanalı proqramlarının Azərbaycanın “Azerspace-1” peyki vasitəsilə yayımlanmasını dayandırıb, bu barədə telekanalın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Telekanalın verilişləri “Amos-3” (4°W) peyki vasitəsilə yayımlanır.

Bununla yanaşı, “Azerspace-1”in yardımı ilə yayımlanan Ukraynanın “Mərkəzi kanalı” (KDRTRK), “Lviv TV”,“ОЕ”, “ChePe Info”, “Boutique TV”, “UТR” və “Radio Antoshka” “Amos-3”ün resursuna keçib.

Hal-hazırda “Azerspace-1” vasitəsilə Ukraynanın “UATV” kanalı yayımlanır.

“Azerspace-1” peyki ilə yayımlanan tele və radio kanalların ümumi sayı 140-a çatır. Peyk 46 dərəcə şərq uzunluğunda orbital mövqedə yerləşdirilib.

Orduya nə qədər pul yığılıb?

05.01.2016

Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləğini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna 1 yanvar 2016-cı il tarixədək 69.847.993,83 AZN, 211.791,88 ABŞ dolları və 1793,69 avro vəsait daxil olub.

Xatırladaq ki, Silahlı Qüvvələrə yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.

Əlillik yeni meyarlar əsasında müəyyən olunacaq

06.01.2016

Azərbaycanda əlillik və sağlamlıq imkanlarının məhdudluğu yeni meyarlar əsasında müəyyən olunacaq.

Nazirlər Kabineti bununla bağlı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”ni təsdiq edib.

Buna müvafiq olaraq Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” və 21 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları” qüvvədən düşüb.

Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsindən biridir

06.01.2016

Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsi sırasında yer alıb.

Bunu "Gallup" analitik şirkətinin keçirdiyi sorğu göstərir.

Sorğunun nəticələrinə görə, Kolumbiya dünyanın ən xoşbəxt ölkəsidir (rəyi soruşulanların 85 faizi bunu deyib).

Cənubi amerikalıları Fici və Səudiyyə Ərəbistanı ( hər ikisi 82 %), eləcə də Azərbaycan (81 %) izləyir. Sonrakı pillələrdə Vyetnam (80 %), Argentina və Panama (79 %) qərarlaşıb.

Yük maşını ilə ölkədən yarım milyon dollar çıxaran şəxs tutuldu

06.01.2016

Dağıstan prokurorluğu Azərbaycandan Rusiyaya qeyri-leqal yolla, yük maşınının kuzovunda 424 min ABŞ dolları keçirməyə cəhd edərkən yaxalanan K.Əliyevin işinə dair rəsmi məlumat yayıb.

Məlumata əsasən 2015-ci ilin sentyabrında K.Əliyev ona məxsus yük avtomobilinin kuzovunda gizlədərək 424 min ABŞ dollarını və 4.5 milyon rublu sərhəddən Rusiya ərazisinə keçirib. Lakin həmin şəxs Dağıstanla Azərbaycan sərhədindəki “Tahirkənd-Qazmalar” sərhəd-keçid məntəqəsində saxlanılıb və barəsində cinayət işi qaldırılıb. Yeni il ərəfəsində prokurorluq ona qarşı yekun ittihamı təsdiq edərək işi məhkəməyə göndərib. Cinayət işinə Məhərrəmkənd rayon məhkəməsi baxacaq. Həmin şəxs Dağıstan sakinidir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı milyardlarla dolların ölkədən çıxarılması nəticəsində yaranan ajiotaja görə ötən ilin dekabrında manatın ikinci kəskin devalvasiyasını elan edib.

Bakıda ana ölümü ilə bağlı cinayət işi açıldı

06.01.2016

Bakıda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-ya Yasamal rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, başlanan cinayət işi Respublika Klinik Xəstəxanasında baş verən ölüm faktı ilə bağlıdır.

Yanvarın 2-də saat 23 radələrində Göygöl şəhər Mərkəzi Xəstəxanasının 16 dekabr 2015-ci il tarixli göndərişinə əsasən “35-36 həftəlik hamiləlik, ölü döl, ciftin hissəvi ayrılması, hipoqlemekiya, anemiya, loporotomiya, aşağı seqmentdə qeysəriyyə əməliyyatı, birinci cərrahi doğuş, endogen intaksikasiya, qaraciyər hepotozu” diaqnozu ilə paytaxtın Yasamal rayon ərazisində yerləşən Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilməklə orada müalicədə alan, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Ülviyyə Abbasovanın ölməsi faktına görə Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha bir dövlət qurumu ləğv olundu

07.01.2016

Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi ləğv olunduğunu elan edir.

Bu barədə Vergilər Nazirliyindən xəbər verilib.

Bildirilib ki, kreditorlar 2 ay ərzində tələblərini Dövlət Statistika Komitəsinə bildirə bilərlər.

“Qızıl Məryəmi” kimin öldürdüyü bilindi

07.01.2016

Bakıda qızıl alverçisini xüsusi amansızlıqla qətə yetirən şəxslər tutulub.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin mərhumun qızı Günel Hüseynova olması müəyyən edilib. G. Hüseynova saxlanılıb. Araşdırmalar zamanı o da məlum olub ki, G. Hüseynova hadisəni tək törətməyib. Qətldə G. Hüseynov ilə birgə onların daha bir neçə qohumu iştirak edib. Həmin şəxslər də artıq saxlanılıb.

Ən isti və ən soyuq keçən yanvarlar

07.01.2016

Çoxillik meteoroloji müşahidələrə görə, Azərbaycanda ən isti yanvar ayı 1966-cı ildə olub.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, həmin il yanvar ayının orta aylıq temperaturu müsbət 7,5 dərəcə təşkil edib. Bu da çoxillik qiymətlərdən 3,1 dərəcə yüksək olub.

G.Məmmədova qeyd edib ki, Bakıda yanvar ayında ən yüksək temperatur 1979-cu ildə yanvarın 4-də qeydə alınıb. Həmin gün Bakıda havanın temperaturu müsbət 22,3 dərəcə olub.

G.Məmmədovanın sözlərinə görə, arktik soyuq hava kütlələrinin müdaxiləsi tez-tez baş verdiyindən yanvar ayı çox soyuq keçir. Yanvarın ilin ən soyuq ayı olduğunu, bu ayda şaxtalı günlərin sayının çoxaldığını deyən direktor əvəzi qeyd edib ki, çoxillik meteoroloji müşahidələrə görə, Bakıda yanvar ayında ən soyuq hava 1907-ci ildə yanvarın 24-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu mənfi 11 dərəcə təşkil edib.

G.Məmmədova qeyd edib ki, 1972-ci ildə də yanvar ayında Bakıda ən soyuq hava qeydə alınıb. Orta aylıq temperatur normadan 4,8 dərəcə aşağı olub. Həmin il yanvarın 23-də minimal temperatur mənfi 9,1 dərəcə olub.

Sülhməramlılarımız Əfqanıstana göndərildi

07.01.2016

ATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Nardaran Ağsaqqalar Şurasının sədri saxlanıldı

07.01.2016

Azərbaycanın hüquq-mühafizə orqanları Nardaran Ağsaqqalar Şurasının sədri Natiq Kərimovu saxlayıblar.

Onun barəsində cinayət işi açılıb. N.Kərimov Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə şübhəli bilinir. Hazırda N.Kərimovu Səbail Rayon Məhkəməsinə aparırlar. O, məhkəmə qarşısına çıxarılacaq və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilən təqdimata baxılacaq.

Nazirlik: Müəllimlər yanvar maaşlarını artımla alacaq

07.01.2016

Azərbaycanın 12 bölgəsində - 9 rayon və 3 şəhərinin diaqnostik qiymətləndirmədən keçən və yanvarın 1-dən maaşları artırılan müəllimlər əmək haqlarına artımlarını yanvarın sonunda əldə edə biləcəklər.

Bunu Trend-ə Təhsil Nazirliyinin (TN) İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Onun sözlərinə görə, ötən ilin noyabr-dekabr aylarında ölkənin 12 rayon və şəhərində keçirilən diaqnostik qiymətləndirmədə 25693 müəllim iştirak edib. Onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilmədikləri üçün qiymətləndrimədən keçə bilməyib. Buna görə də həmin müəllimlərin əmək haqları yanvar ayından artırılmayacaq.

Siqaret yenidən bahalaşdı

08.01.2016

Azərbaycanda bütün növ siqaretlərin qiymətləri yenidən bahalaşıb.

Belə ki, ikinci devalvasiyadan sonra təxminən 50 faiz bahalaşan siqaretləri, bu gün səhər saatlarından alıcılar daha 50-70 qəpik bahasına alıblar. Bu artım bütün növ siqaretlərdə müşahidə olunub.

Xatırladaq ki, bir neçə gün idi siqaret qıtlığı müşahidə olunurdu.

Pensiya alanların sayı açıqlandı


08.01.2016

Bu il yanvarın 1-nə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 295 min 900 nəfərdir.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Məlumata əsasən, ötən ilin yanvar-dekabr aylarında ölkə üzrə əmək pensiyaçılarının sayı 5 min nəfər və ya 0,4 faiz artıb.

Bu ilin əvvəlinə əmək pensiyalarının orta aylıq məbləği 176,03 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,08 manat təşkil edib.

Azərbaycan universitetlərindən birində 19 kafedra bağlanacaq

08.01.2016

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) struktur dəyişikliyi aparılacaq və 19 kafedra bağlanacaq.

ADNSU-nun rektoru Mustafa Babanlı bildirib ki, universitetdə kafedraların birləşdirilməsi işləri gedir: "Hazırda universitetdə 47 kafedra var. Fevral ayında kafedraları birləşdirib 28 edəcəyik".

Onun sözlərinə görə, hazırda universitetin laboratoriyaları da yenilənir.

Mikayıl Cabbarov 66 direktoru işdən çıxardı

08.01.2016

Ötən il ərzində Azərbaycanda iş fəaliyyətinin son yaş həddinə çatmış 66 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib, 76 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinin müddəti isə 1 il uzadılıb.

Bu barədə Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

ANS-in şikayəti təmin olunmadı

08.01.201

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı pul tələbi qarşılıqlı iddia ilə bağlı apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

"Report" xəbər verir ki, apellyasiya şikayətinə hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılıb. MTRŞ-nın nümayəndəsi məhkəmədə iştirak etməyib. ANS-in nümayəndəsi Muxtar Mustafayev apellyasiya şikayətinin təmin edilməsini istəyib.

Məhkəmənin qərarına əsasən, ANS-in apellyasiya şikayəti təmin edilməyib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

AZAL yüklərin qiymətini qaldırdı

08.01.2016

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2016-cı il fevralın 1-dən etibarən Azərbaycanın hava limanlarından olan uçuşlarda aviabilet qiymətlərinin formalaşdırılmasında tam yeni siyasət tətbiq edəcək.

AZAL-dan daxil olan xəbərə görə, yeni konsepsiya çərçivəsində "Azərbaycan Hava Yolları"nın daha çox tələbat olan reyslərində "ekonom" sinfinin üç tarif kateqoriyası - “Budget”, “Discount” və “Comfort” mövcud olacaq. Artıq yanvarın 15-dən etibarən bu tariflər üzrə aviabilet əldə etmək mümkündür.

Piyada keçidindən istifadə etməyənlər üçün cərimələr artırılır

08.01.2016

Azərbaycanda piyada keçidindən kənarda yolu keçən piyadalar üçün cərimələr artırılır.

Yol hərəkəti üzrə ekspert, Digesta hüquq firmasının direktoru Ərşad Hüseynov Oxu.Az-a bildirib ki, bu, Milli Məclis tərəfindən yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsində “Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması” maddəsində öz əksini tapıb.

Ekspert bildirib ki, hazırda qüvvədə olan qanunvericiliyə görə piyada keçidindən kənarda yolu keçən piyadalar üçün 20 manat cərimə nəzərdə tutulur:

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə xəbərdarlıq etdi

08.01.2016

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və Cəlilabad rayon Baytarlıq İdarəsinin əməkdaşları Cəlilabad rayonunun Adnalı kəndində və rayonda araşdırma aparıblar. Araşdırma zamanı Adnalı kəndində bir həyətdə bir neçə baş ev quşunun tələf olması müəyyən edilib.

Bu barədə DBNX-dən daxil olan məlumatda bildirilir.

Quşlardan nümunələr götürülərək laboratoriyada müayinə edilib. Müayinə zamanı quşların askaridoz (qurd) xəstəliyindən tələf olması aşkar olunub. Tələf olmuş quşlar xəstəliyin təlimatına uyğun olaraq zərərsizləşdirilib və dezinfeksiya işləri aparılıb.

DBNX əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Ermənistan MN: 35 əsgərimiz məhv edilib

09.01.2016

Qoşunların təmas xəttində 35 erməni əsgəri məhv edilib.

Ermənistanın Müdafiə Nazirliyi 2015-ci il üçün hesabat dərc edib.

Hesabatda ermənilərin Azərbaycan Milli Ordusu ilə təmas xəttində məhv edilmiş əsgərləri haqda da məlumat dərc edilib.

Erməni nazirliyinin məlumatına görə, keçən il ərzində döyüş xəttində 35 erməni əsgəri Azərbaycan ordusu tərəfindən məhv edilib.

Nazirliyin hesabatında bildirilir ki, ermənilər onları "bitməmiş müharibədə ölmüş əsgərlər" kimi yadda saxlayacaqlar.

Azərbaycanlı səyyahı Afrikada vəhşicəsinə döydülər

09.01.2016

Azərbaycanlı velosəyyah və veloblogger Yaşar Xudiyev Afrika turu zamanı ölümlə üz-üzə gəlib.

"Azadlıq üçün pedalla" adı ilə Bakıdan başlayan tur Afrikanın içiylə keçib bitməli imiş. Ancaq Keniya sərhəddinə 50 kilometr qalmış bir qrup şəxs Xudiyevə hücum edib. Həmyerlimiz baş verənləri belə xatırlayır:

"Onlar məni cəngəlliyin dərinliyinə öldürmək məqsədiylə apardılar, ölümcül döydülər və başıma ən azı on daş zərbəsi vurdular. Başımı qan içində görüb öldüyümü sandılar... Bir gün sonra növbəti gün səhər yarı huşsuz , ac və başı qanlı yabanı giləmeyvələrdən yeyərək , çirkli sudan içərək sağ qaldım. Cəngəllikdən yol tapıb çıxdım və özümü ilk gələn maşının qabağına atdım. Həmin maşın məni qəsəbə hospitalına çatdırdı. Mənim qəhrəmanlarım , 2 gənc həkim köməkçiləri Simon və Felix o dəqiqə cərrahiyyə otağına apardılar. Yaralarımı yudular, başıma 10 tikiş qoydular. O vaxtdan bəri hospitaldayam. Həmin gündən Güney Sudan dövlətinin, özəlliklə Kapoeta qəsəbəsinin sakinləri qayğımı çəkirlər. İnsanlar pul gətirirlər. Məktəbli qızlar belə bir hadisənin baş verdiyini eşidəndə mənə toyuq ətiylə kartof qızartması, makaronla ət gətirirdilər. Həkimlərim Simon və Feliks mənim otağımda yatırdılar və yaxşıca qayğıma qalırdılar. Məni küçədə görəndə kədərimi ağrılarımı paylaşırdılar. Sanki onların başına gəlib. Mən necə sevməyim Afrikanı, hə?"

Oxşar xəbərlər