
Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan birgə bəyannamə regionun xilasıdır. Bu, cənab Prezidentin sülh prosesində liderliyi sayəsində mümkün oldu. 2020-ci il 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan dayanıqlı sülh istiqamətində fəal iş apardı. Təbii ki, sülh regionun rifahı olmaqla yanaşı, həm də itkilərə son qoyulması deməkdir. Cənubi Qafqazda eskalasiyada maraqlı olan qüvvələr vardı. Onların əsas amalı regionu yeni müharibələrə sürükləmək idi. Amma Prezident İlham Əliyev müharibədə qələbəni təmin edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək, uğurla sülh gündəliyini də reallaşdırdı. Azərbaycanla təzyiq dilində danışmağa çalışanlar bu gün reallığı qəbul etmək məcburiyyətindədirlər. Bu, qalib Prezident, regiona sülh gətirən İlham Əliyevin, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycan Prezidenti dövlət maraqlarını qorumaqda ardıcıl və qətiyyətli siyasət həyata keçirmişdir. O, təhlükəli vəziyyətlərdə belə dövlətin maraqlarından geri çəkilməyəcəyini nümayiş etdirmiş, diplomatiyanın tələb olunduğu sahələrdə uğurlu addımlar atmışdır. Diplomatiya və siyasi gücün paralel şəkildə tətbiqi nəticəsində əldə olunan balans, sülh prosesində Azərbaycanın mövqeyini möhkəmləndirmişdir.
Siyasi və diplomatik təzyiqlərə, beynəlxalq mediada təşkil olunan qarayaxma kampaniyasına, sanksiya hədələrinə baxmayaraq, Prezident İlham Əliyev bir addım belə geri çəkilmədi, əsl Liderə xas olan qətiyyət və prinsipiallıq nümayiş etdirdi, siyasi strategiyasını uğurla reallaşdırdı. Nəticədə, Azərbaycan Prezidenti həm ABŞ və digər Qərb liderləri, həm də region dövlətləri qarşısında təşəbbüsü ələ alaraq, Ermənistan qarşısında müəyyən şərtlər irəli sürmüş və bu şərtlərin qəbul edilməsinə nail olmuşdur. Bu yanaşma rəqabət deyil, milli maraqların təmin olunması kimi qiymətləndirilməlidir.
Beləliklə, yekun sülh müqaviləsinin imzalanması üçün heç bir maneə yoxdur. Ermənistan vaxt itirməməli, prosesi yubatmamalı, öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. Əks təqdirdə, Prezident İlham Əliyevin də söylədiyi kimi, bu, ilk növbədə ABŞ-a və şəxsən Prezident Trampa hörmətsizlik olacaq. Odur ki, Ermənistan öz məsuliyyətini anlamalıdır.