Azərbaycanın və regionun enerji təhlükəsizliyi tarixində yeni dövr başlayır

Azərbaycanın və regionun enerji təhlükəsizliyi tarixində yeni dövr başlayır Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un sərgilərinin açılışı Azərbaycanın, bütövlükdə regionun enerji istehsalı və enerji təhlükəsizliyi tarixində yeni era deməkdir. Bu gün əsası qoyulan layihələr bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcıdır. Bu mənada Bakı Enerji Həftəsi çərçivəsində reallaşan tədbirlərdə 30-dan çox ölkədən 300-dək şirkət olmaqla, bütün dünyanın enerji sənayesində mövcud liderlərin bir araya gəlməsi, təbii ki, təsadüf hesab oluna bilməz. Prezident İlham Əliyevin tədbirdə çıxışı isə eyni zamanda, cari sferada Azərbaycan və müttəfiqləri üçün yeni reallıqda birgəfəaliyyət üçün yol xəritəsi hesab oluna bilər.
Hazırda Azərbaycan altısı Avropa ölkəsi olmaqla, 8 dövlətə qaz nəql edir. Baxmayaraq ki, müəyyən dairələr Azərbaycanın Avropanın artmaqda olan ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz ehtiyatlarının olmaması barədə ardıcıl şayiələr tirajlayırdı. Lakin Prezident İlham Əliyevin formalaşdırdığı konfiqurasiya həmin əsassız kampaniyalar seriyasına uğurlu cavab oldu. Xüsusən Azərbaycan Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar hesabına ölkəmiz bu gün faktiki olaraq Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısı rolunda çıxış etməkdədir. Amma başqa bir reallıq da var ki, Azərbaycan özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görür. Azərbaycan Prezidentinin Serbiya-Bolqarıstan İnterkonnektorunun açılışı zamanı bəyan etdiyi kimi, “Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır.
Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin Bakı iclasında da bəyan etmişdi ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz. Məhz bu reallığı rəhbər tutaraq Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkələrin enerji təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiqura çevrilməyi bacarıb. Bu məsələdə də Prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydındır - Azərbaycan enerji strategiyası və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu aydın müəyyən edib. Özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görməsi, beş milli prioritetdən biri kimi “təmiz ətraf mühit və yaşıl artım ölkəsi“ olmaq formasında müəyyən edilməsi, ölkənin Kioto protokolu ilə karbon qazlarının emissiyasının kəskin azaldılması üzrə çox cəsarətli hədəflər müəyyən etməsi ilə iqlim dəyişikliyi mövzusunda Azərbaycan faktiki olaraq BMT-nin müvafiq Çərçivə Konvensiyasının Şərqi Avropa Qrupu üzrə ən həssas praktik yanaşma nümayiş etdirən üzvü kimi seçilir. 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə də Prezident İlham Əliyev dünyaya bir daha sübut etdi ki, Azərbaycan qlobal məsuliyyətini dərk edən, əhəmiyyətli hərbi-siyasi gücə malik yeni beynəlxalq oyunçudur.
Süsən Qulamova-187 saylı orta məktəbin müəllimi

Oxşar xəbərlər