
“Qafqazinfo”nun məlumatına görə, rəsmi açıqlamada bir sıra maraqlı məqamlar var.
Qeyd edilib ki, Elgün İbrahimov mayın 12-si saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarıb.
Bundan sonra E.İbrahimov Gəncə şəhərində yerləşən “Naxış” çay evində tanışları ilə görüşüb birlikdə spirtli içki qəbul edib, saat 19:40-da həmin yeri onlarla birgə tərk edib Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının qarşısına qədər gələrək orada tanışlarından ayrılıb, həmin vaxt E.İbrahimovun üzərində hər hansı xəsarət izləri müşahidə edilməyib.
Daha sonra E.İbrahimov saat 20:17-də marketdən 2 qutu siqaret alıb əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhəri, M.Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda gedib. Yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq, orada bir neçə siqaret çəkmiş və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər alıb, saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım avtomaşını vasitəsilə xəstəxanaya təxliyə edilib, may ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.