
Bank vətəndaşın razılığı olmadan maaş kartından pul tuta bilərmi? Kredit ödənişlərində gecikmələr nə ilə nəticələnir?
İqtisadçı Əkrəm Həsənov Globalinfo.az-a açıqlamasında deyib ki, istehlak kreditləri üzrə gecikmə illik 5 faizdən və 180 gündən çox hesablana bilməz:
“Bu, Mülki Məcəllədən irəli gəlir. Təbii ki, bir günə görə gecikmə məbləği müəyyənləşdirilə bilər. Paralel olaraq, maaş kartından xəbərdarlıq olmadan tutulmalar da mümkündür. Əgər vətəndaş krediti maaş və pensiya aldığı bankdan götürübsə, müqavilədə müvafiq maddələr qeyd olunur. Yəni ödənişlər vaxtında olmasa, həmin kartlardan pul tutulacaq.
Bir neçə gün əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) sədri ilə görüş zamanı bildirildi ki, insanlara sərbəstlik veriləcək. Yəni vətəndaşlar maaş və pensiya ödənişlərini istənilən bankdan əldə edə, yaxud mövcud bankı dəyişə biləcəklər. Belə olarsa, artıq bank kredit ödənişləri geciksə belə, həmin kartlardan pul tuta bilməyəcək. Tutaq ki, maaşımı “A” bankından alıram və ordan kredit götürmüşəm. Gecikməyə yol versəm, kartımdan tutulacaq. Amma başqa banka müraciət edirəm, iş yerimə də bildirirəm ki, əməkhaqqımı “B” bankına göndər. Beləliklə, bank mənim maaş kartımdan pul tuta bilmir”.