
Ötən həftəsonu beynəlxalq medianın diqqəti Papa Fransiskin dəfn mərasiminə yönəlmişdi. Dünyanın ən güclü dövlətlərinin əsas fiqurları Papa ilə son dəfə vidalaşmaq üçün Vatikanda idi.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan da mərasimdə iştirak edib. Lakin bu ölkənin tənqidçi mətbuatı onun səfərini həm lüzumsuz xərc adlandırıb, həm də erməni prezidentini heç kəsin saymadığını yazıb. Üstəlik, Ermənistan liderinin mərasimdə iştirakı “milli maraqlara zidd” qiymətləndirilib.
Erməni mediası bunu onunla “əlaqələndirib” ki, Azərbaycan dövlətinin Vatikanda xristianlığın tarixi haqda beynəlxalq konfrans təşkil etməsinə Papanın icazə verməsi “artsaxın erməni mədəni-mənəvi irsinin təhqir olunması”na şərait yaratmaq imiş. Yəni buna görə də Ermənistan prezidenti dəfnə getməməli idi.
Onu da deyək ki, Xaçaturyanın mərasimdə Fransa prezidenti Emmanuel Makronun əlini sıxması fotosu yayılıb. Həmçinin deyilir ki, dünya liderlərinin qrup fotolarında Ermənistan prezidentini tapmaq mümkün olmayıb.
“Ermənistan prezidentini hansı sırada oturtduqlarını təxmin etmək çətin deyil. Və əgər Papanın dəfnindən yeganə foto Makronla əl sıxışmasıdırsa, əlbəttə ki, bu barədə Vaaqn Xaçaturyanın Vatikana xərclərini saymaqdan daha çox düşünməliyik”.
Bəs ermənilər yeni Roma Papasından hansı mövqeyi gözləyir?
Deputat Ceyhun Məmmədovun atası vəfat etdi
Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın Vatikanda konfrans keçirməsi çox önəmli hadisədir. Deputatın sözlərinə görə, bu, Azərbaycanın uğurudur: “Azərbaycan bütün dini mərkəzlərlə çox sıx əlaqələr qurub. Ölkəmiz bu əlaqələri hər zaman inkişaf etdirib. Vatikanla Azərbaycanın münasibətləri hər zaman yaxşı olub, bundan sonra da belə olacaq. O ki qaldı Ermənistanın yanaşmasına, Ermənistan Vatikanla əlaqələri yüksək səviyyəyə qaldırmağa çalışır. Bunun üçün dəstək almağa səy göstərir. Hətta illər öncə Sərkisyan öz kürəkənini Vatikana səfir təyin etmişdi, məqsəd Vatikanın tam dəstəyini əldə etmək idi. Bu gün Ermənistanı qıcıqlandıran odur ki, bütün cəhdlərə baxmayaraq, Azərbaycan-Vatikan münasibətləri daha güclüdür. Ermənistan isə nə qədər çalışsa da, Vatikanın dəstəyini ala bilmir. Bu, əslində Azərbaycanın uğurlu siyasətinin göstəricisidir”.
C.Məmmədovun fikrincə, Ermənistan qlobal güc, qlobal dini mərkəz kimi Vatikandan dəstək gözləyir: “Ermənistan buna nail ola bilmədiyi üçün qıcıqlanır. Yeni Roma Papasının da Ermənistanın haqsız mövqeyini dəstəkləyəcəyini gözləmirəm. Azərbaycanın Vatikanla qurduğu sağlam, möhkəm münasibətlər sayəsində bu qeyri-mümkündür. Odur ki, Ermənistanın narahatlığı anlaşılandır. Ermənistan birmənalı şəkildə hədəflərinə nail ola bilməyəcək”.
Siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, erməni prezidenti Vatikanda sayan olmadı: “Onun ən böyük "sevinci" Makronla görüş idi. Ümumiyyətlə, müharibədən sonra İrəvan əlini hara atırsa, boşa çıxır. Ona görə də bu səyləri də nəticəsiz qalacaq. Bundan əlavə, müharibədən sonra ermənilər xristianlıq faktorunu tez-tez qabartmağa çalışırlar. Bu minvalla daha böyük dəstək alacaqlarını gözləyirlər. Ancaq Ermənistan yeni yollar axtarmalıdır. Bu da sülhə xidmət etməlidir. Yəni Vatikana, Makrona üz tutmaqla hansısa pis niyyətlərini reallaşdıra bilməyəcəklər".
Ekspertin fikrincə, Vatikan dünyanın həm də siyasi mərkəzidir: “Burada bir sıra siyasi məsələlər danışılır. Yəni təkcə dini məbəd deyil. Biz Tramp-Zelenski görüşündə də buna şahid olduq. Ancaq Ermənistan Vatikana pənah apara bilməzdi. Onların nicatı Türkiyə və Azərbaycandan asılıdır. O baxımdan İrəvan tələbləri və götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.
Xatırladaq ki, Roma Papası Fransisk ölümündən bir gün əvvəl Pasxa bayramı münasibətilə yaydığı təbrikdə Azərbaycan və Ermənistanı sülhə çağırıb. O bu sülhün əbədiliyi üçün dua edib: “Bu bayram günündə gəlin Cənubi Qafqazı da xatırlayaq və dua edək ki, Ermənistan və Azərbaycan arasında yekun sülh razılaşması tezliklə imzalansın. Gəlin, dua edək ki, bu razılaşma imzalandıqdan sonra yerinə yetirilsin və regionda çoxdan gözlənilən əmin-amanlığa gətirib çıxarsın”.
Qeyd edək ki, aprelin 26-da Vatikanda, Müqəddəs Pyotr meydanında Roma Papası Fransiskin dəfn mərasimi keçirilib. Dövlət, hökumət başçılarının, parlament sədrlərinin və digər rəsmilərin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Spiker Sahibə Qafarova Müqəddəs Taxt-Tacın dövlət katibi, kardinal Pietro Parolin və Müqəddəs Taxt-Tacın xarici işlər naziri, arxiyepiskop Paul Qalagerlə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından başsağlığını çatdırıb. Xatırladaq ki, Papa Fransisk 2013-cü ildə Vatikanda Müqəddəs Taxt-Taca yüksəlib. O, dünyanın müxtəlif yerlərinə 30-dan çox missioner səfəri edib, burada sadə insanlarla şəxsən ünsiyyətdə olub və qəbulların hədsiz təmtəraq və xüsusi təhlükəsizlik tədbirləri olmadan keçirilməsini tələb edib.