Putin qapıları bağladı: TIR şoferləri Bakıda çarəsiz qaldı...

Putin qapıları bağladı: TIR şoferləri Bakıda çarəsiz qaldı... Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasından sonra iki dövlət arasında münasibətlər xeyli gərginləşdi

Rusiya tərəfi təyyarənin vurulmasına cavab olaraq Türkiyəyə qarşı bir sıra iqtisadi cəza tədbirləri tətbiq etdi.

Türk TIR-larına, yəni beynəlxalq yükdaşımalarla məşğul olan ağırtonnajlı yük avtomobillərinə qapılarını bağladı. Nəticədə Türkiyədən Orta Asiya respubikalarına yük daşıyan TIR-ların Rusiyadan tranzit keçidi mümkün olmadı.

Belə vəziyyətdə türk TIR-ları və Türkiyə mallarını daşıyan digər yük maşınları Azərbaycan üzərindən keçən dəhlizə üz tutdular.

Azərbaycan tərəfi isə Orta Asiyaya tranzit yükdaşımalarını asanlaşdırmaq üçün bir sıra addımlar atıb. Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Türkiyə tərəfinin xahişi əsasında ölkənin gömrük xidmətinə türk TIR-larının Azərbaycan üzərindən maneəsiz keçidini təmin etmək üçün xüsusi göstəriş verib.

Bu təlimata əsasən Azərbaycan dəhlizindən istifadə edən türk sürücülərin vizası və keçid sənədi olmasa belə onlara qarşı cəza tədbirləri görülməyəcək.

Lakin Türkiyə nəqliyyatçıları neçə vaxdır Xəzər dənizindən keçməklə Orta Asiyaya yükdaşımaların tariflərinin yüksək olmasından şikayətlənirdi. Azərbaycan prezidenti bu problemi də aradan qaldırdı. Prezident İlham Əliyevin göstərişi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq etdi.

Beləliklə, bu tədbirlərdən sonra Azərbaycan üzərindən Orta Asiyaya tranzit yükdaşımaların həcminin kəskin artacağını gözləmək olardı.

Virtualaz.org saytının əməkdaşları Putinin türk TIR-larına qapıları bağlamasından sonra Azərbaycan üzərindən keçən dəhlizin necə işlədiyini araşdırmağı qərara aldı.

Türkiyə TIR-larının Bakı limanlarından istifadəsi ilə bağlı vəziyyət nə yerdədir? Yüzlərlə, minlərlə yük maşınının Bakı Beynəlxalq Dəniz Ticarət limanına üz tutması burada canlanma yaratdımı? Sürücülər yük apardıqları marşrutun dəyişməsindən razıdırmı?

Suallarımıza cavab almaq üçün Bakı Beynəlxalq Dəniz Ticarət limanına yollandıq.

Əvvəlcə liman əməkdaşları ilə söhbət zamanı öyrəndik ki, hazırda burada təxminən 160 yük maşını var. Əməkdaşların dediyinə görə, bəzən Xəzərdə hökm sürən pis hava şəraiti bərənin standart qrafikini pozur və o, limana yaxınlaşa bilmir, nəticədə isə iş ləngiyir.

Elə son günlərin fırtınası da Xəzər dənizindən yük daşıyan bərələrin qrafikinin pozulmasına səbəb olub. İşçilərin dediyinə görə, əsas problem bundan ibarətdir, başqa heç bir ciddi problem yoxdur.

TIR sürücüləri ilə söhbətimiz isə limanda vəziyyətin tamamilə fərqli, daha dəqiq desək heç də ürəkaçan olmadığını göstərdi. Sürücülər deyir ki, onların əksəriyyəti bir həftədən çoxdur ki, limandadır, amma bərə tapa bilmədiklərinə görə yükləri mənzil başına çatdıra bilmirlər.

Limana yan alan bərələr isə TIR-lar üçün çox az yer ayırır. Onlar əsasən konteynerləri yükləyib gedirlər. Ona görə də limanda gözləyən 200-ə yaxın yük maşınının sayı hər gün artır.

Limana jurnalist gəldiyini eşidən digər sürücülər də toplanır və hamısı bir ağızdan eyni problemdən - gəminin gəlməməyindən narazılıq edir. Belə məlum olur ki, bu problemi-türk TIR-larının Azərbaycan dəhlizinə yönəlməsindən sonra Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yaranmış vəziyyəti ilk dəfə biz araşdırırıq.

Sürücülər bildirdilər ki, limana hər gün 50-yə yaxın yük maşını daxil olur, burada isə onların məşəqqətli günləri başlayır.

Sürücü Sadun Tokayın sözlərinə görə, yeyib-içmək, yatmaq üçün yer kimi problemləri özləri çətinliklə də olsa həll edə bilirlər, əsas narahatlıq gəmi-bərənin vaxtında gəlib çıxmamasıdır.

“Azərbaycan dövlətindən xahiş edirik ki, bizə kömək etsin. Neçə gündür ki, burada qalmışıq. Qırğızıstanda məni 1 aydır gözləyirlər ki, yük gətirəcəm, amma gedib çıxa bilmirəm. Əgər mümkündürsə, gəmilərin gəlməyini tezləşdirsinlər”- türkiyəli TIR sürücüsü deyir.

Sürücülər deyir ki, 8 gün ərzində limana cəmi bir gəmi-bərə yan alıb. O da dəmiryol vaqonlarını, ya da konteynerləri yükləyib, boş qalan yerə cəmi 10-15 TIR götürüb və gedib.

Gürcüstan sərhədindən Azərbaycana Türkiyə rəsmi şəxslərinin göstərişi ilə qayıtdıqlarını deyən TIR sürücüləri əlavə edir ki, onların hazırkı vəziyyətləri ilə bağlı maraqlanan yoxdur. Rəsmilər onlara heç nə demir.

“Bizə ancaq onu dedilər ki, bir-iki günə keçib gedəcəyik. Amma bizə elə gəlir ki, bu gedişlə hələ 10 gün də gözləməli olacağıq. Düzdür, hava şəraitinə görə ləngimələr ola bilər, biz havanı dəyişdirə bilmərik, sadəcə xahiş edirik ki, imkan varsa, bir bərə yox, iki bərə göndərsinlər” - deyə əlavə edən Mehmet adlı sürücü söhbətə qoşulur.

Onların təklifi də var...

Sürücülər hesab edir ki, bərələr gələndə heç olmasa bir-iki dəfə vaqonları yox, TIR-ları yükləsə, burada günlərdir gözləyənlərin hamısı mənzilbaşına çatar.

Sürücü Rəsulun sözlərinə görə, gəmi-bərələr bəzən Qırğızıstana zəlzələdən zərərçəkənlərə humanitar yardım aparır və bunu əsas gətirərək TIR-ları yükləmirlər: “Dedilər humanitar yardım aparırlar, ona görə də bizim yük maşınlarından cəmi 5-nə yer ayırdılar və getdilər. Əksəriyyəti isə vaqonlar aparır, TIR-lara çox az yer ayırılır. Türkiyədəki yükdaşıma şirkətləri də vəziyyətdən xəbərdardır, amma əllərindən heç nə gəlmir”.

Limanın ətrafında hər yer yük maşınları ilə doludur. Soyuqda çöldə gəzişən sürücülərin oturub yemək yeyə biləcəyi, qızına biləcəyi kafe, hər hansı tikili, başqa sığınacaq gözə dəymir.

Yük maşınlarından birinin yanında qoyulan kiçik masada 3 sürücünün yemək hazırladığını görürük. Qışın, dəniz küləyinin soyuğunda çöldə oturan sürücülərə yaxınlaşırıq.

Məlum olur ki, limanın yeganə çətinliyi bərələrin azlığı deyil, burada sürücülər üçün nəzərdə tutulmuş kafe, mağaza, restoran - heç nə yoxdur.

Nahar etməyə hazırlaşan sürücü Mehmet Özcanın sözlərinə görə, limanda 250-yə yaxın sürücü üçün cəmi iki tualet var: “İki tualetdən biri bağlı idi, iki gün əvvəl açdılar. Arxa tərəfdə iki hamam var, amma qapıları bağlıdır. Niyə bağlı olduğunu soruşuruq, heç kim tutarlı cavab vermir. Tək narahatlıq bu da deyil, oturub istirahət edə biləcəyimiz kafe, isti bir yer yoxdur, hamımız öz maşınlarımızda qapanıb qalmışıq”.

Süfrə arxasında əyləşənlər yerbəyerdən taksi qiymətlərindən də narazılıq edirlər. Deyirlər ərzaq almaq üçün yaxınlıqdakı qəsəbələrdən birinə getməli olurlar ki, bu da onlara sözün əsl mənasında baha başa gəlir. Qəsəbəyə getmək üçün taksilər ən azı 5 manat istəyir: “Bura avtobus xətti açsalar, heç olmasa işimiz qismən asanlaşar”.

Günlərdir gəmi gözləyən, mənzilbaşına çatmaq istəyən sürücülər həm də sözün əsl mənasında dünyadan xəbərsizdirlər: “Nə televizora baxmaq imkanımız var, nə də xəbər ala biləcəyimiz başqa bir vasitə. Türkiyədə bu yükü çiynimizə bir ay əvvəl yükləmişik. Bu qədər vaxt ərzində yollardayıq, çətin şəraitdəyik. Burada isə vəziyyətimiz lap pisləşib”.

Bir sözlə, belə görünür ki, prezident İlham Əliyevin regionda yaranmış yeni geosiyasi vəziyyətdə Azərbaycan üzərindən tranzit yükdaşımalarının həcmini artırmaq üçün ortaya qoyduğu siyasi iradə, verdiyi qərarlar bu qərarları icra etməli olan səlahiyyətli şəxslərə hələ təsir etməyib.

Əks halda necə ola bilərdi ki, gəmi-bərələrin azlığı bir yana, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı heç sürücülərin tualet ehtiyaclarını da ödəyə bilməsin?...

Oxşar xəbərlər