Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi sarsılmaz və əbədidir

Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi sarsılmaz və əbədidir Vətən müharibəsində qələbə tariximizin ən şanlı səhifəsidir. 20 sentyabr 2023-cü il isə ərazi bütövlüyümüzün tam təmin olunduğu möhtəşəm tarixi gündür. Xalqımızın yüz illərdir davam edən vətən, demokratiya və firəvan gələcək uğrunda mübarizəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab prezident İlham Əliyevin liderliyi və xalqla, ordu ilə bir yumruq kimi bütünləşməsi sayəsində qələbəylə nəticələndi. Cənab Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü ildə Xankəndində üçrəngli bayrağımızı ucaltması və etdiyi çıxış Azərbaycan tarixinin ən əlamətdar günü kimi yaddaşlarda qalacaq. Məhz, xalqımızın Vətən Müharibəsindəki zəfərindən sonra qalib dövlət və qələbə anlayışı bütün dünya üçün yeni anlam, yeni məna qazandı, eyni zamanda dünya üçün yeni tarixi dövrün, yeni başlanğıc mərhələsinin də əsasını qoymuş oldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyində Azərbaycan ərazi bütövlüyünü öz Qüdrətli Ordusunun gücü ilə bərpa etməyi bacardı. Xalqımız və ordumuz mümkün olmayanı bacarmaqla eyni zamanda dünya müharibə tarixində yeni dönəmin başlanğıcını qoydu.
Haqqı, ədaləti, sülhü ön planda tutan Azərbaycan xalqının qazandığı qələbə təkcə xalqımıza deyil, həm də məzlumlara ilham və ümid nümunəsinə çevrildi. Azərbaycan dövlətinin əldə etdiyi uğurlar bütün bəşəriyyətə, regiona firavanlıq və əmin-amanlıq gətirməsi baxımından, həm Azərbaycan, həm də region dövlətlərinin siyasi, sosial və iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Qərb və digər dövlətlərin, onun təşkilatlarının 30 il boyunca işğalı legitimləşdirmək məqsədilə həyata keçirdikləri siyasi və diplomatik hücumlar 44 gündə Dövlət başçısının və ordumuzun qüdrəti, xalqın polad iradəsi qarşısında darmadağın edildi. Lakin həm Ermənistan, həm də onların “dəstəkçi” və “himayədarları” ilə mübarizə siyasi, diplomatik, sosial, iqtisadi sferalarda hələ də davam etməkdədir. Azərbaycana qarşı irəli sürülən bütün yersiz və əsassız iddialara, haqsızlıqlara, bəzi dövlətlərin ədalətsiz və birtərəfli mövqelərinin üstünlüyünə baxmayaraq, qalib xalqın lideri Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində qələbə və qalib dövlət anlayışı dünya siyasətinin gedişatında böyük dəyişikliklərə gətirib çıxardı və özünəməxsus yerini aldı. Tarixdəki nümunələr sübut edir ki, cəbhədə qələbə qazanmaq qədər, o qələbələri elmlə, incəsənətlə layiqli sivilizasiya dəyərlərinə çevirərək qorumaq, sosial, mədəni, siyasi və iqtisadi sahələrdə uğurlarla davamlı etmək, daha vacibdir.
Bunu milli dəyərlərə və tarix şüura sahib, azad, cəsur, düşünən, komanda işi ilə özünü yeni axtarışlara yönəldə bilən, dünyagörüşlü, mədəni insanlar yetişdirməyi qarşısına məqsəd qoyan təhsil sistemi ilə həyata keçirmək mümkündür. Bu qələbə ruhu hər bir azərbaycanlının qəlbində əbədi məşəl kimi alovlanıb daima şüurumuzu yolumuzu elm və biliklə işıqlandırmalıdır.
Dövlətin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Azərbaycanı inkişaf etdirib, onu regional və beynəlxalq miqyasda tanınan güclü və etibarlı dövlətə çevrilməsində xüsusi rol oynadı. Məhz uğurlu xarici siyasət nəticəsində Vətən müharibəsində misilsiz qələbə qazanıldı. Bu qələbə ordu-xalq-dövlət birilliyini möhkəmləndirməklə yanaşı, Azərbaycanın beynəlxalq arenada nüfuzunu daha da artırdı.
Azərbaycan artıq hər birimizin görmək istədiyi, arzuladığı qüdrətli və qalib Azərbaycandır!

Bilgəh qəsəbəsi, 142 saylı tam orta məktəbin
direktor əvəzi Təhminə Mahmudova

Oxşar xəbərlər