Bakı ilə İrəvanın araçıya ehtiyacı yoxdur... - Kiyevlə Moskvaya vasitəçi lazımdır...

Bakı ilə İrəvanın araçıya ehtiyacı yoxdur... - Kiyevlə Moskvaya vasitəçi lazımdır... Əliyevlə Putinin mətbuata bəyanatlarında diqqətçəkən əsas məqamlardan biri Azərbaycan-Ermənistan danışıqları ilə bağlı idi. Azərbaycan Prezidenti bəyanatında bu məsələyə toxunmadı, çünki rəsmi Bakı İrəvanla danışıqlarda ikitərəfli formata üstünlük verir.
Rusiya isə Bakı-İrəvan xəttindəki bütün danışıqlara – sülh sazişinin imzalanmasına, uzunmüddətli proses olan delimitasiya prosesinə, kommunikasiyanın açılmasına və digər humanitar məsələlərə qoşulmaq istəyir. Putin bəyanatında bunu dilə gətirdi.
Bunun Moskvanın regional maraqlarından qaynaqlandığı bəllidir, lakin Rusiya da daxil olmaqla istənilən üçüncü tərəfin müdaxiləsi bölgədə maraqlı olan bütün oyunçuların prosesə qoşulmasına, nəticədə sülh danışıqlarının geosiyasi mübarizəyə çevrilməsinə səbəb olur. Son 4 ilin təcrübəsi bunu təsdiq edib. Və bu, Bakının maraqlarına uyğun deyil. Əliyevin məsələyə toxunmaması və üzərindən səssiz keçməsi də bununla bağlı idi.
Mövcud vəziyyətdə Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur, əksinə, bu gün Azərbaycanın özü Rusiya və Ukrayna arasında vasitəçilik edə, danışıqlar üçün platforma rolunu üzərinə götürə bilər. Bunun üçün lazım olan hər şeyə - hər iki tərəflə münasibətlərə, tərəflər arasında körpü olmaq potensialına və qlobal danışıqlara ev sahibliyi etmək təcrübəsinə malikdir.

Asif Nərimanlı

Oxşar xəbərlər