Dil millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur

Dil millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur Bir dövlətin dövlət olması üçün onun torpağının, dilinin, xalqının, prezidentinin, bayrağının, ordusunun olması vacib amillərdəndir. Azərbaycan dilini digər dillərdən fərqləndirən özəllikləri onun sadəliyi, ahəngi, anlaşıqlı, diləuyğun tələffüzü, gözəlliyinin olmasıdır. Dil millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Məhz buna görə də, xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə Ana dilində öz əksini tapır. Dilini itirən xalq məhvə məhkumdur. Dil yoxdursa xalq da yoxdur! Hər bir xalq öz dilinə hörmət etməli yaşatmalıdır.
Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə Ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də Ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirirdi və doğma dilimizin nüfuzunu qaldırmaq, ona işləklik qazandırmaq, onun dövlət dili kimi yüksək bir statusa sahib olmasını təmin etmək istiqamətində hakimiyyətə gəldiyi ilk günlərdən məqsədyönlü şəkildə fədakarlıqla çalışmağa başladı. Belə ki, ilk dəfə 1970-ci ildə Heydər Əliyevin o zamankı Azərbaycan Dövlət Universitetinin yaranmasının 50 illiyi münasibətilə keçirilmiş geniş partiya konfransında doğma Ana dilində məruzə etməsi insanların böyük heyrətinə səbəb oldu. Çünki əvvəlki respublika rəhbərləri adətən rus dilində məruzə etsələr də Heydər Əliyev yalnız doğma Ana dilində çıxış etməyə üstünlük verirdi. Hətta Ulu Öndər bu hadisəni belə qiymətləndirirdi: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu, təəccüb doğurdu, - nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr edilmiş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyaya vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dili Azərbaycan dilidir”.
2001-ci il 25 iyun 113 saylı sərəncamı ölkənin təhsil sistemində dövlət dilinin Azərbaycan dilinin tədrisi və latın qrafikasının tətbiqi sahəsində icra üçün direktiv hüquqlu normativ sənəd kimi qəbul edilmişdir.
2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. 2003-cü il yanvarın 2-də isə Ulu Öndərin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi.
Öz doğma Ana dilini sevən lider deyirdi: “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı olan Cənab İlham Əliyev dahi rəhbərimizin yaratdığı dil siyasətini uğurla davam etdirir, dilimizə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı möhtərəm Prezidentimiz İlham Əliyevlə yeni-yeni müvəfəqiyyətlə uğurlara nail olacaq. Dövlətçiliyimizin inkişafı milli – mənəvi dəyərlərin möhkəmləndirilməsi istiqamətində irəliləyəcəkdir.

Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
İbtidai sinif müəllimi Vəfa Sadıqova


Oxşar xəbərlər