
Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.
O qeyd edib ki, Ermənistan Konstitusiyasının bir neçə maddəsi Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını özündə ehtiva edir:
“1992-ci ilin 12 iyulunda Ermənistan parlamaneti tərəfindən qəbul edilmiş “qərar” ləğv edilməlidir. Həmin “qərar”a görə, Ermənistanın heç bir vəzifəli şəxsi Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan hansısa sənədə imza ata bilməz. Bu baxımdan Ermənistan qanunvericiliyində olan absurd iddialar dəyişdirilməyincə, Azərbaycan haqlı olaraq iki ölkə arasında sülhün bərqərar olacağını mümkünsüz hesab edir”.
Politoloq bildirib ki, Ermənistan tərəfindən ilk reaksiya olaraq parlamentinin spikeri Alen Simonyan Minsk qrupunun buraxılması üçün sülh müqaviləsinin imzalanmasının lazımlılığını qeyd edib:
“Sözsüz ki, bu növbəti manipuliyasiya cəhdidir. Çünki sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi əsas şərtdir”.
Oqtay Qasımova görə, erməni tərəfinin davranışları prosesləri uzatmağa edilən növbəti cəhddir:
“Bu aydın şəkildə müşahidə edilir. Eyni zamanda yaxın bir neçə ayda bu təklifə adekvat reaksiya veriləcəyini və irəli sürülən tələblərin icra olunacağı real görünmür. Ermənistan konstitusiya dəyişikliliyi ilə bağlı müxtəlif bəhanələr irəli sürür. Daxili siyasi vəziyyəti daha çox önə çəkilir. Referendumun keçirilməsi üçün vaxt lazım olduğu, cəmiyyətinin hazırlanmasının vacibliyi qeyd edilərək prosesi uzatmağa çalışılacaq. Bu halda sülhün əldə edilməsi gecikəcək”.