44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra da, bu Zəfərlə fəxr edəcək

44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra da,  bu Zəfərlə fəxr edəcək Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün diplomatik danışıqlar apardı. Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, "yeni ərazilər uğrunda yeni müharibə” çağırışı 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın geniş miqyaslı hücuma hazırlaşdığını göstərirdi. 25 sentyabr 2020-ci ildə İlham Əliyev BMT Baş Assambleyasının ümumi debatlarında çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbiçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması qeyd olunmuşdur. 2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananlar olduğundan Azərbaycan Respublika bu situasiyanın qarşını almaq üçün əks-hücum əməliyyatlarına başlamışdır. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük magistral yol idi. Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının qarşısını alacaqdı. Azərbaycan ənənəvi olaraq, gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan, birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi .Şuşanı almağın iki variantı vardı. Birinci halda düşmən qüvvələrinin hava zərbələrinə top atəşləri ilə məhv etmək olardı. Lakin bu bölgənin dağılmasına səbəb ola bilərdi. İkici alternativ isə əlbəyaxa döyüş taktikasını seçmək idi. Bu daha məqsədəuyğun idi. Dağlar aşılaraq, düşmən üzbəüz döyüşdə məhv edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi.
Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata, əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. 2021-ci ilin iyun ayında Cənubi Qafqazın yeni geosiyasi mərhələsinin əsasını qoyan tarixi hadisə baş verdi. İyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi"ni imzaladlar. "Bəyannamə"nin Preambula hissəsində tərəflər, "İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bəyan edərək" bu müqavilənin siyasi əhəmiyyətini önə çəkmişdir. Müqvilənin digər bir bölməsində deyilirdi ki, tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bəyannamədə hər iki dövlətin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı, II Qarabağ savaşının doğurduğu geosiyasi reallıqlar, Rusiya Türkiyə Birgə Mərkəzinin əhəmiyyəti, beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstək, Qarabağın bərpası prosesi, minalanmış ərazilərin təmizlənməsi, xüsusilə də Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması kimi məsələlərdə birgə əməkdaşlı xüsusi qeyd olunurdu.
44 günlük müharibədə Azərbaycan xalqı öz gücünü nəinki Ermənistana, bütün dünyaya göstərdi. Bu zəfəri taclandıran əsas qələbə isə Şuşanın azad edilməsi idi. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Bu torpaq Natəvan , Vaqif, Bülbül kimi dahilər yetirmişdir.
İnsan qəlbinin ən böyük nəğməsi vətən nəğməsidir. Sonsuz ənginliklərə, doğma torpağa dikilmiş bütün məhəbbətli gözlər, hələ beşikdə çırpınan balaca körpələrimizin ürkək qəlbləri ancaq bu nəğməni zümzümə edir. Bu nəğməni hərə bir cür oxuyur. Onu döyüş harayı, Koroğlu nərəsi, qılınc zərbəsi ilə oxuyanlar da olub, bulaq pıçıltısı, qadın isməti, Nigar vəfası, Həcər sədaqəti ilə oxuyanlar da. Mənim də qəlbimdə doğma yurduma həsr etdiyim öz nəğməm var. Bu nəğmənin hər kəlməsi vətəndir, hər notu, hər səsi vətən sevgisi ilə yoğrulmuş əzəli ilə əbədi bir musiqidir. Mən öz Vətənimi doğma Azərbaycanımı hədsiz bir məhəbbətlə sevirəm.

Zabrat qəsəbəsi, 75 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Əntiqə Şərifova

Oxşar xəbərlər