Şuşadakı quruculuq işləri prezident İlham Əliyevin gərgin əməyi sahəsində davam edir

Şuşadakı quruculuq işləri  prezident İlham Əliyevin gərgin əməyi sahəsində davam edir Cari ilin may ayının 10-da Cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verildi. Bildirildi ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.Sonra dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısı şuşalılarla görüşdə çıxış edib və bildirib ki : “Əziz şuşalılar, Şuşaya xoş gəlmisiniz. Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim. Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”
Şuşadakı quruculuq işlərinə öz çıxışında toxunan prezident İlham Əliyev qeyd edib ki: “Şuşada quruculuq işləri, əslində, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra başlamışdır. İlk növbədə, Şuşaya yol çəkilməli idi. Çünki siz yaxşı bilirsiniz ki, işğala qədər olan dövrdə yol Xankəndi ərazisindən keçirdi. Ona görə Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir və yəqin ki, gələn ilin sonuna qədər o da hazır olacaq. Şuşanın tarixi abidələrinin bərpası dərhal başlanılmışdır. Birinci, Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Ondan sonra Yuxarı Gövhər Ağa məscidi, daha sonra Saatlı məscidi bərpa olundu. Bu gün Mamayı məscidinin bərpadan sonra açılışını etdik. Çöl Qala məscidində artıq bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Amma yenə o mehmanxana da ənənəvi Şuşa memarlığı üslubunda inşa edilmişdir. Bu gün, eyni zamanda, Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü yenə də əvvəlki görkəmdə, formada bərpa edildi, yenidən hazırlandı. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur, bu il hazır olacaq.”
Görüş zamanı cənab İlham Əliyev Qazax rayonunun işğaldan azad edilən kəndləri məsələsinə də toxunaraq qeyd edib ki: “Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir.”
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov

Oxşar xəbərlər