Bu dünyaya vida deyib sənətindən, peşəsindən asılı olmayaraq, xatirələrdə yaşayan insanları zaman-zaman xatırlamaq adəti, nə yaxşı ki, hələ qalıb

Bu dünyaya vida deyib sənətindən, peşəsindən asılı olmayaraq, xatirələrdə yaşayan insanları zaman-zaman xatırlamaq adəti, nə yaxşı ki, hələ qalıb
Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 23-cü ilin yazı dövrünün görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində onilliklər sonra ailənin adını daha da ucalıqlara qaldıracaq, Vətənə layiqli övlad olacaq, xalqına xidməti hər şeydən ümdə biləcək parlaq bir simanın gəlişi ilə yaddaqalan olmuşdu. Bəşər tarixində dövlət xadiminin övladı, həyat yoldaşı və anası kimi şöhrətin ən uca mərtəbəsinə yüksəlsə də, özünün qazandığı insanlıq zirvəsini bütün şan-şöhrətlərdən uca tutmağı bacarmaq hər adama qismət olmayan mənəvi keyfiyyətdir.
Zərifə xanım Əliyeva məhz belə bir mənəvi keyfiyyətin daşıyıcısı olmuş nadir şəxsiyyətlərdən biridir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu “əla” qiymətlərlə bitirir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və həyata keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkimoftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.
Zərifə xanım nursuz gözlərə işıq paylamaq insanlara həyat eşqini qaytarmaq arzusunda idi. Bu arzu onu Moskva şəhərinə aparır və Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdır. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını davam etdirir. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edir. Beləliklə, Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi» mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır. 1979-cu ildə Oftalmoloqlar Cəmiyyətinin Moskvada keçirilmiş iclasında Zərifə xanımın möhtəşəm çıxışı həmin illərdə mətbuatda çox yazıldı. Zərifə Əliyeva peşəkar bir natiq kimi həkimin mənəvi tərbiyəsi, dövrün ən müasir tibb etikası və mənəviyyatı məsələləri haqqında çox maraqlı məruzə ilə çıxış edib. Onun bu məruzəsi o vaxt dünya mətbuatında, tibbi məcmularda böyük-əks səda doğurub. Həmin çıxışdan sonra Sovet oftalmologiyasının patriarxı, akademik M.M.Krasnov ona yaxınlaşaraq qarşısında baş əyib və onun əlindən öpüb: “Mənim sadəcə sözüm yoxdur! Sizə heyranam!” – deyib. Görkəmli alim Nadejda Puçkovskaya da öz xatirələrində Zərifə xanımı böyük ehtiramla yad edir. O yazır ki, Zərifə Əliyevanın fəal təşkilatçısı olduğu oftalmoloq qurultaylarının birində iştirak edən nümayəndələrdən birinin ayağı sınır. Puçkovskaya onun müalicəsinə Zərifə xanımın necə can yandırdığını yaxşı xatırlayır: “O, hər gün xəstəxanaya gəlir, xəstənin halına qəlbən yanır, hətta lazım olan şeyləri öz evindən gətirirdi ki, müalicəyə xeyri dəysin. Zərifə xanım xəstəyə bir-iki gün deyil, bütün müalicə müddətində istisnasız hər gün baş çəkdi”. Rusiyalı məşhur oftalmoloq, tibb elmləri doktoru, professor Z.M.Skripçenko Zərifə xanım Əliyeva haqqında xatirələrində onu “Qoruyucu mələk” adlandırır:
Ümummilli Lider Heydər Əliyev öz ömür-gün yoldaşı haqqında danışanda həmişə ondan güc aldığını, enerji qaynağının məhz Zərifə xanım olduğunu deyirdi. O, Zərifə xanımın ömrünün axırına qədər ləyaqətli ömürgün yoldaşı, arxa-dayaq olmasından, həm işini, həm ailəsini hər şeydən uca tutduğunu qeyd edirdi. Zərifə xanımın vəfatından uzun illər sonra belə Heydər Əliyev onunla bağlı danışanda hər dəfə kövrəlir, göz yaşlarını boğa bilmirdi. Bir qadının dəyərini bundan artıq necə ifadə etmək olar ki? Ulu Öndər Heydər Əliyevin onun haqqında xatirələrindən: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti hamıya məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar”. Bütün anaların ortaq dəyəri övladıdır. Bütün anaların ortaq sevinci tərbiyə etdiyi övladının böyüyüb vətəninə, xalqına faydalı insan olmasıdır. Analar bu zaman öz əsəri ilə qürur duyur. Zərifə xanım bu gün haqq dünyasında olsa da övladının – müzəffər liderin nailiyyətlərini görür, yetişdirdiyi övladı ilə fəxr edir. Prezident İlham Əliyev anası haqqında hər zaman böyük ehtiram və məhəbbətlə danışıb. O Zərifə xanımın xüsusiyyətlərinə, mehribanlığına, təvazökarlığına həmişə heyran olduğunu deyir: “Anam, atamın yalnız ömürgün yoldaşı deyildi, eyni zamanda bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərimizin bir-birinə münasibətlərini görərək alırdıq.” Müzəffər lider adı çəkilmişkən bir də bu faktı qeyd etməmək böyük qüsur olardı: Sevil Əliyeva, Prezident İlham Əliyevin 8 noyabrda Şuşanın azad edilməsi münasibətilə Azərbaycan xalqına müraciətini heyranlıqla dinlədiyini bildirib: “Mən də inanılmaz Sevinc yaşayıram, çünki bu gün Ailəmiz üçün xüsusidir – bu, Valideynlərimizin – Zərifə və Heydər Əliyevin toy günüdür. Qardaşım – Azərbaycan Prezidenti İlham Əliyevə bu müqəddəs tarixi bizim üçün belə böyük bir hadisə – Şuşanın azad edilməsi ilə qeyd etdiyinə görə hədsiz dərəcədə minnətdaram...”

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix fənn müəllimi Həsən Xələfov

Oxşar xəbərlər