Biz cənab prezident İlham Əliyevin rəhbərliyi altında keçən bu 20 ildə dünya miqyasında çox layları tərpətdik, bizim zəfərimiz adi bir zəfər deyildi

Biz cənab prezident İlham Əliyevin rəhbərliyi altında keçən bu 20 ildə dünya miqyasında çox layları tərpətdik, bizim zəfərimiz adi bir zəfər deyildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibə vermişdir. O, nitqində bir çox vacib məqamlara toxunmuşdur. O, qeyd etmişdir ki, bu il müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Təbii ki, prezident seçkiləri ən önəmli seçkilər olduğuna görə bütün ərazilərdə keçiriləcək ilk seçkilər də prezident seçkiləri olmalıdır. Cənab İlham Əliyev artıq 20 ildən çoxdur ki, prezidentlik fəaliyyətini layiqincə təmsil edir. O, müsahibəsində 20 illik fəaliyyətini nəzərdən keçirmişdir. Məlum məsələdir ki, İlham Əliyevin hakimiyyətə gəldiyi illərdə Azərbaycan yenicə müstəqillik qazanmış, Qarabağ müharibəsi yaşanmış, torpaqlarımız itirilmiş, iqtisadiyyatımız zəifləmişdir. Bu gün isə Azərbaycan qalib ölkədir, dünya müstəvisində öz sözünü deməyi bacaran, iqtisadiyyatı güclənmiş dövlətdir.
XX əsrdə Azərbaycan torpaqları hissə-hissə qonşu ölkələrə paylanmışdır. “Torpaqdan pay olmaz”-deyiblər, amma hər qonşuda bir parçamız əsir qalmışdı. Əfsuslar olsun ki, verilən torpaqlardan biri də İrəvan şəhəri idi. Qədim Azərbaycan torpağını vermək tarixini satmaq demək idi. Hansı ki, Azərbaycan xalqı əsrlərlə o torpaqlarda yaşamış, qədim mədəniyyətini yaratmışdı. 1920-ci ildə sovetləşmədən sonra isə Qərbi Zəngəzurun böyük bir hissəsi Azərbaycandan qoparılaraq Ermənistana verilmişdir. Bu tarixi faktı XX əsrin əvvəllərinə aid xəritələr sübut edir. Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsində bütün Zəngəzur Azərbaycan torpağı olaraq göstərilmişdir. Sonuncu torpaq hədiyyəsi isə 1969-cu ilin may ayında verilmişdir. Nəticədə isə ərazimiz təxminən 100 min kvadratkilometrdən 86,6 min kvadratkilometrə düşdü. Ümummilli lider Heydər Əliyevin 1969-cu ilin iyul ayında rəhbər seçilməsi ilə bu torpaq hədiyyələri dayandırıldı.
Biz cənab prezident İlham Əliyevin rəhbərliyi altında keçən bu 20 ildə dünya miqyasında çox layları tərpətdik, bizim zəfərimiz adi bir zəfər deyildi. Bu zəfər sayəsində bu gün Azərbaycan xalqının hər bir nümayəndəsi alnı açıq, başı dik gəzir. Bu zəfərin nəticəsidir ki, biz dostumuz kim, düşmənimiz kim yaxşı tanıyırıq. Bizim gücümüz birliyimizdədir. Atalar doğru deyiblər ki, baş-başa verməyincə daş yerindən qalxmaz. Bu birliyin nəticəsində Qarabağı qaytardıq. Birliyi isə yaradan liderdir. Azərbaycanda onlarla xalq mövcuddur. Amma prezidentimizin uğurlu siyasəti nəticəsində hər birimiz tək ürək olmuşuq, bir amal uğrunda mübarizə aparırıq.
Xalqımız 2003-cü ildə ən doğru qərarı verərək prezident kimi cənab İlham Əliyevi prezident seçmişdir. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ideya İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Cənab prezident İlham Əliyevin rəhbər olduğu illərdə ədalət tam bərpa edilmişdir. Bu gün Azərbaycan bayrağı Xocalıda, Xankəndində dalğalanır. Bizim liderimiz verdiyi hər sözü tutmuşdur. Bu gün bir vətəndaş olaraq onun bütün çıxışlarını diqqətlə dinləyirik və əminik ki, heç bir kəlməni boşuna demir. O bu xalqın güvənini bir günə, bir aya, bir ilə yox, illər ərzində ilmək-ilmək toxuyaraq qazanmışdır. O, hər bir vətəndaşının könlündə taxt qurmağı bacarmışdır. Düşünürəm ki, bu qədər insanın sevgisini qazanmaq ən böyük uğurdur.

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva

Oxşar xəbərlər