Polad Həşimov şəhid olanda Xudayar dedi ki... - Şəhidimizin anası

Polad Həşimov şəhid olanda Xudayar dedi ki... - Şəhidimizin anası Polad Həşimovun şəhadət xəbəri Xudayara çox pis təsir etmişdi. Mənə yığıb onun şəhid olma xəbərini deyəndə ona şəhidliyin əlçatmaz zirvə olduğunu, hər adamın həmin mərtəbəyə ucala bilmədiyini dedim. Dedi ki, "başa düşürsən, ana, əsgərin generalını şəhid etmək evindəki atasını öldürmək kimidir. Onun intiqamı yerdə qalmayacaq". Xudayar Dövlət Sərhəd Xidmətinin kiçik giziri idi. Vətən müharibəsi başlayanda Polad Həşimovun qisasını almaq və ərazi bütövlüyümüzü bərpa etmək üçün könülü olaraq döyüşə yollandı. Zəngilan istiqamətində döyüşlərdə şəhid oldu.

Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova deyib.

“Şəhid olan oğulların şəkillərinə baxdıqda, həyat hekayələrini dinlədikdə açıq-aydın görmək olar ki, o gözəl məqamın nuru şəhadət şərbətini içəcək oğulların üzünə, əməllərinə yansıyıb. Polad Həşimovun da simasından, davranışlarından sanki cənnətin sorağı gəlirdi. Daşkəsən, Tovuz, Murovdağda xidmət edənlər, onunla ünsiyyətdə olanlar bilirlər ki, o, necə zabit olub. Şəhid general-mayor digər oğlum Məhəmmədin Daşkəsəndə komandiri olub. Onun necə bir komandir olduğu hər kəsə bəlli idi. Oğlum deyirdi ki, Polad Həşimov əsgərlərinə öz övladı kimi baxır. Polad kimi generallar neçə əsrdən bir yetişir. Onun kimi generalın da belə qəhrəman əsgərləri olmalı idi. Ərazi bütövlüyümüzü bərpa edənlər də məhz onun açdığı cığırla gedənlər oldular. Çox şükür ki, torpaqlarımız düşmən tapdağından xilas edilib. Azad olunmuş torpaqlara ayaq basanda generalımız başda olmaqla bütün şəhidlərin ruhuna dualar oxuyuruq. Nə onun, nə də onun qəhrəman əsgərlərinin qisası qiyamətə qalmadı”, - deyə şəhid anası vurğulayıb.

Oxşar xəbərlər