
Ötən il dekabrın 20-də də Ermənistan oxşar məsələ ilə BMT Təhlükəsizlik Şurasına müraciət etmişdir. Təhlükəsizlik Şurası ermənilərin təklifini müzakirə etsə də irəli sürdüyü iddiaların əsassız olduğu öz təsdiqini tapmışdır: “Görünür, işğalçı dövlət bundan nəticə çıxarmadı, ən əsası dərs almadı. Yenidən BMT Təhlükəsizlik Şurasına müraciət etməklə “humanitar vəziyyət”, “blokada” şousundan öz çirkin məqsədləri üçün bəhrələnmək cəhdini aydın şəkildə nümayiş etdirdi. Azərbaycan Xarici İşlər Nazirliyinin sözügedən müzakirələrlə bağlı bəyanatında qeyd edildiyi kimi, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir. O da bildirildi ki, Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüququn normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır.”
Belə bir müzakirənin aparılacağı gözlənilən idi: “Bu baxımdan ki, BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil eksperti guya Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığı və “Dağlıq Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı barədə bəyanat qəbul etmişdir. Son dövrdə baş verən hadisələrə diqqət yetirsək görərik ki, Ermənistan sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün nə dərəcədə cəhdlər edir, ssenarilər hazırlayır. BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrin nəticəsi Ermənistana növbəti dərs oldu. Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə olundu, Ağdam yolunun açılmasının vacibliyi bildirildi. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında bir daha qeyd etdi ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır. Məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymadı. Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.”
Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycanın diplomatik uğurlarının davamlılığında real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı əhəmiyyətli rol oynayır. Ermənistan illərdir yalanları ilə həqiqət üzərində qələbə çalacağına ümid etsə də daim fakt qarşısında acizdir.