Çörək UCUZLAŞDI – Qiymətlər daha da ENƏCƏK?

Çörək UCUZLAŞDI – Qiymətlər daha da ENƏCƏK? Bu gündən etibarən pərakəndə satış məntəqələrində 650 qramlıq çörək 65 qəpiyə yox, 60 qəpiyə satılacaq.

Bu barədə Bizim.Media-ya Binə çörək zavodundan məlumat verilib.

Yəni zavod çörəyinin qiyməti iyunun 22-dən başlayaraq 5 qəpik aşağı salınır.

Məsələ ilə bağlı danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya bildirib ki, çörəyinin qiymətinin ucuzlaşması gözlənilən idi:

“Çünki, dünya bazarında ərzaqlıq buğdanın qiyməti iki dəfəyə yaxın ucuzlaşıb. Ötən ilin mayında dünya bazarında ərzaqlıq buğdanın bir tonu 400-450 dollara təklif olunurdusa, hazırda bu qiymət 200-250 dollar arasında dəyişir.

Təsadüfi deyil ki, son aylar Azərbaycanda unun da qiyməti xeyli aşağı düşüb. Əvvəllər 41 manata təklif olunan bir un kisəsi indi 32-33 manata satılır. Bununla belə unun qiyməti ölkəmizdə kifayət qədər yüksək olaraq qalır.

Belə ki, hazırda ölkəmizdə bir ton unun qiyməti 650-700 manat arasında dəyişir. Halbuki, ərzaqlıq buğdanın bir tonunun qiyməti 350-450 manat arasındadır. Bu da onu göstərir ki, un və çörək real qiymətindən ən azı 2 dəfə baha satılır.

Belə ki, son endirimdən sonra çörəyin qiyməti kiloqramına görə 1 manata satılır. Halbuki, indiki real qiymətlərlə götürsək “zavod çörəyi”nin bir kiloqramının maksimum qiyməti 45-50 qəpik olmalıdır”.

Oxşar xəbərlər