Azərbaycanın Avropaya yaşıl enerji ixracı ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsində aparıcı rolunu daha da artıracaqdır

Azərbaycanın Avropaya yaşıl enerji ixracı ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsində aparıcı rolunu daha da artıracaqdır

Cari ilin aprel ayının 25-də Sofiyada Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, eləcə də Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın dövlət enerji şirkətləri arasında əməkdaşlığın təşviqi ilə bağlı “Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirildi. Bu Memorandum regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcək. Təbii ki, bu layihədə Azərbaycanın rolu müstəsna əhəmiyyət kəsb edir. Diqqətəlayiq məqamdır ki, bu qış Avropa İttifaqının enerji təchizatının təhlükəsizliyinin təmin edilməsi üçün məhz Azərbaycan tərəfindən enerji təchizatının həlledici olduğunu Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson şəxsən etiraf edib. Həmçinin qeyd etmək lazımdır ki, “Anlaşma Memorandumu”nun imzalanması bu gün Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutunun formalaşması istiqamətində atılmış mühüm addımdır. Yeni layihə təbii qazın etibarlı və sabit enerji təchizatında strateji rol oynayan Azərbaycandan alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcək. Eyni zamanda da Mərkəzi Avropada ən yaxşı, ən real və ən səmərəli həll yolunun qazı məhz Azərbaycandan idxal etmək olduğunu region ölkələrinin hökumət təmsilçiləri də təsdiq edirlər.”
Bildiyimiz kimi Sofiyada keçirilmiş “Anlaşma Memorandumu”nun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev iştirak ediblər. Mərasimdə çıxış edən cənab Prezident İlham Əliyev ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun mövcud olduğunu qeyd etdi. Məlum olduğu kimi, 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın davamlılığını təmin edib. Ötən müddət ərzində bu sənəddə təsbit edilmiş bütün məsələlər gerçək həyatda reallaşmış və bu əsasla Azərbaycan-Bolqarıstan əlaqələri daha yüksək səviyyəyə qalxmışdır. Bu gün Azərbaycan-Bolqarıstan münasibətləri sözün əsl mənasında strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi isə təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü təsdiqləyib. Qeyd etmək lazımdır ki, hələ ötən ilin oktyabr ayında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edərkən, cənab Prezident İlham Əliyev öz çıxışında bu layihənin böyük tarixi əhəmiyyətə malik olduğunu xüsusi vurğulamışdı. Bu gün məhz həmin interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verir, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası gətirir.
Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşdır. Həmçinin neft-kimya məhsulları və elektrik enerjisi də ixracımızın bir hissəsidir. Əlbəttə ki, bütün bunlar 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində imzalanmış “Əsrin müqaviləsi”ndən irəli gələn imkanların reallaşması nəticəsində baş verib. Təsadüfi deyil ki, Azərbaycanın nəhəng neft-qaz layihələrinin reallaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətləri Avropanın hökumət və dövlət başçıları tərəfindən də xüsusi qeyd edilir. Bu gün isə üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır. Məlum olduğu kimi, Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bir müddət əvvəl aşkar olunmuş bu böyük potensial əlbəttə ki, ölkəmizin enerji təhlükəsizliyi məsələləri ilə bağlı mövqelərini daha da gücləndirir. Bu gün ölkəmizdə “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki investisiya layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Təxminən bir il və ya ilyarım ərzində Azərbaycan təxminən 710 meqavat həcmində bərpaolunan enerji istehsal edəcək. Bu, yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir. Perspektivdə isə həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir. Bu, həqiqətən də çox böyük potensialdır və Azərbaycan bu potensialı reallaşdırmaq üçün bütün imkanlara sahibdir. Beləliklə, yaxın gələcəkdə Azərbaycan Avropaya həmçinin yaşıl enerji ixrac edəcək. Bu isə, öz növbəsində ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsində aparıcı rolunu daha da artıracaq.


Aysel Əsədova,
Salyan şəhər 18 saylı uşaq bağçasının müdiri




Oxşar xəbərlər