Güclü ordumuz sayəsində qırx dörd gün ərzində mənfur düşməni öz doğma torpaqlarımızdan qovduq və bayrağımızı ucaltdıq

Güclü ordumuz sayəsində qırx dörd gün ərzində mənfur düşməni öz doğma torpaqlarımızdan qovduq və bayrağımızı ucaltdıq
Azərbaycan çox qədim tarixə malik və öz milli adət-ənənələri ilə zəngin olan bir ölkədir. Tariximizdə önəmli günlər çoxdur, ancaq elə günlər varki hər il böyük sevinc, həvəs və səbrsizliklə gəlməsini gözləyirik. Belə günlərdən biri də, illərdir sevərək, böyük təmtəraqla qeyd etdiyimiz “Novruz” bayramıdır. Novruz adət-ənənələri çoxdur: küsülülər barışır, evlərdə şirniyyatlar bişirilir, tonqallar qalanır, bütün ailə üzvləri bir yerə toplanır və bayramı qeyd edir.
Artıq üçüncü ildir ki, biz bu bayramı daha fərqli, xüsusi bir sevinclə qarşılayırıq. Çünki, bu əziz bayramı doğma Qarabağımızda qeyd edirik. Həqiqətən də bu böyük xoşbəxtlikdir və hər zaman bu xoşbəxtliyi bizlərə yaşadan fədakar, igid oğullarımızın ruhu qarşısında baş əyir, onları dərin hüznlə anırıq. Biz onların sayəsində bu gün doğma torpaqlarımıza qayıtmış və sevinclə bayramı qeyd edirik.
Azərbaycan torpaqları otuz ilə yaxın işğal altında qaldı. Bu müddət ərzində yüz minlərlə vətəndaşımız öz doğma torpaqlarından didərgin düşdülər. Ermənistan tərəfindən xalqımıza qarşı soyqırım törədildi. Lakin, bütün bunlara baxmayaraq, Azərbaycan xalqı bu otuz il ərzində heç dayanmadı, öz səsini dünyaya çatdırdı. Güclü ordumuz sayəsində qırx dörd gün ərzində mənfur düşməni öz doğma torpaqlarımızdan qovduq və bayrağımızı ucaltdıq. Təəssüf ki, biz bu torpaqları qan tökərək azad etdik. Yüzlərlə igid oğullarımız şəhidlik zirvəsinə ucaldılar, lakin xalqımız hər zaman birlik oldu, ordumuzun arxasında yumruq kimi birləşdi.
Son zamanlar Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır. Görünür İkinci Qarabağ mübaribəsindəki məğlubiyyətləri onlara dərs olmayıb və yenidən torpaqlarımızı ələ keçirməyə can atırlar. Ancaq, Ermənistan xalqı və xüsusilə rəhbərliyi başa düşməlidir ki, Azərbaycan xalqının iradəsinə, əzminə heç bir kənar qüvvə təsir edə bilməz.
Aydın məsələdir ki, Ermənistanın arxasında dayanan bəzi ölkələr var, olub və olacaq. Otuz il ərzində Ermənistan və onun müttəfiqləri mənasız danışıqlar apararaq, bizi bu vəziyyəti qəbul etməyə, işğalla barışdırmağa çalışırdılar. Onların heç bir cəhdi nəticə vermədi. Azərbaycan dövlətinin tək bir amalı var və bunu hər zaman bəyan etmişdir: əgər məsələ sülh yolu ilə həll olunmazsa , müharibə yolu ilə öz torpaqlarımızı işğaldan azad edəcəyik. Nəticə etibariylə biz güc tətbiq edərək, öz qanımızla torpaqlarımızı geri qaytardıq.
İşğaldan azad olunmuş ərazilərimizdə sürətli şəkildə yenidənqurma və abadlıq işləri görülməkdədir. Otuz il ərzinda ermənilər bu ərziləri talan edib, dağıdıb, yararsız hala salıblar. Buna baxmayaraq, hələ bir il keçməmiş işğaldan azad olunmuş Talış kəndinə 20 ailə qayıdıb və 180-ə yaxın ailə qayıdacaqdır.
Bugün bəzi qüvvələr bu yaşanmışları, Qarabağ müharibəsini, otuz il torpaqlarımızın işğal altında qaldığını unutmaq və bizlərə unutdurmağa çalışırlar. Ancaq, əminliklə deyə bilərik ki, buna heçvaxt nail ola bilməyəcəklər!
Artıq iki il yarımdır ki, bizim hər birimiz, hətta xaricdə yaşayan azəzbaycanlılarda qürur hissi ilə yaşayırıq və ölkəmizlə, ordumuzla fəxr edirik. Bundan sonra da öz ərazi bütövlüyümüzü daim qorumağa çalışacaq, qarşımıza çıxan bütün maneələri dəf edəcək və ancaq irəliyə doğru gedəcəyik. Çünki, QARABAĞ AZƏRBAYCANDIR!

Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
informatika müəllimi Qönçə Rəhmətzadə

Oxşar xəbərlər