Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaltmışdıq

Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda  öz haqq səsimizi ucaltmışdıq
Hər il olduğu kimi bu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, artıq üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. İkinci Qarabağ müharibəsi zamanı bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bütün Azərbaycan xalqını bir daha salamlayıram. Bütün Azərbaycan xalqına yeni-yeni uğurlar, yeni qələbələr arzulayıram. Otuz ilə yaxın Azərbaycan torpaqları işğal altında idi. Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti aparırdı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmış, qaçqın və köçkün vəziyyətinə düşmüşdür.
Xalqımıza qarşı soyqırım və hərbi cinayətlər törədilmişdir. Biz bu ədalətsizlikləri heç vaxt unutmayacağıq və unutmamalıyıq. Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaltmışdıq. Ancaq əfsuslar olsun ki, bizim sözümüzə reaksiya verən qurum tapılmadı. Əksinə, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etməyə yox,dondurmaq üçün səylər göstərirdilər. Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistan yenə də Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan-azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. İşğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün nə qədər səylər göstərilmişdir. Çünki bizim işimiz haqq işidir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, əgər məsələ sülh yolu ilə həll olunmazsa, biz müharibə yolu ilə öz torpaqlarımızı işğalçılardan azad edəcəyik. Görün, Ermənistan rəhbərliyi nə qədər azğınlaşmışdır ki, "Qarabağ Ermənistandır və nöqtə" sözlərini deyərək, Azərbaycan xalqının haqlı hüququnu əlindən almaq istəyirdi.
İkinci Qarabağ müharibəsi zamanı bizə qarşı nə qədər təzyiqlər oldu. Ermənistana nə qədər yardımlar göndərildi. Ermənistanın müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar. Heç kim bizim qabağımızda dura bilmədi. Mən demişdim ki, öldü var, döndü yoxdu, ya Qarabağın azadlığı ya ölüm!
Biz nə qədər riyakarlıqla üzləşməliyik? İndi biz öz torpağımızı, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərini güc tətbiq edərək azad etmişik, BMT Nizamnaməsinə uyğun şəkildə öz ərazi bütövlüyümüzü təmin etmişik, Ermənistan ordusunu məhv edib və diz çökdürmüşük. Bu gün biz qurub – yaradırıq. O cümlədən burada Talış kəndində, Suqovuşan qəsəbəsində, Hadrutda, Şuşada, bütün başqa azad edilmiş torpaqlarda qurub-yaradırıq. Görün, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndində 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq. Bu gün "Qarabağ Ermənistandır və nöqtə" deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın. İndi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Bunun heç bir xeyri olmayacaq. Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var-bizim şərtlərimizi qəbul etməlidir. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər.
Talış kəndi 2020-ci il oktyabrın 3-də azad edilmişdir. İkinci Qarabağ müharibəsi başlayandan bir həftə sonra qan tökərək biz artıq Talış kəndini azad etdik, eyni zamanda Suqovuşan qəsəbəsini azad etdik. Biz 44 gün ərzində ancaq irəli gedirdik, bir gün belə geri addım atmadıq. Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur. Biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Azərbaycan xalqı haqlı qürur hissi ilə yaşayır. Sonda Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə bir daha təbrik etdi və öz çıxışını qələbə şüarı ilə tamamladı." Qarabağ Azərbaycandır!".

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Tarix müəllimi Rumiyyə Səfərova

Oxşar xəbərlər