Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın göstərdiyi dəstək

Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın göstərdiyi dəstək
Günümüzün reallığı onu göstərir ki, tarixi köklərlə bağlı olan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı həyat boyu davam edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!" deməsi tarixin və zamanın sınaqlarından hər zaman üzüağ çıxan bu iki qardaş ölkənin, Azərbaycan və Türkiyənin əbədi həmrəyliyini, dostluğunu, qardaşlığını, bütün çətinliklərin öhdəsindən gəlməyə qadir olduğunu, yaşanan fəlakətlərə, çətinliklərə birliklərinin gücü və əzmi ilə qalib gəldiklərini təcəssüm etdirir. Bu sarsılmaz qardaşlığın nəticəsidir ki, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra ölkəmiz qardaş Türkiyəyə dərhal dəstək olan ilk ölkə oldu. Fəlakət baş verən gün, fevralın 6-da Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi etmiş və Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirmişdir. Azərbaycan Prezidenti Xalqımızın Türkiyənin dərdinə şərik çıxdığını qeyd etməklə yanaşı hər zaman Türkiyənin yanında olduğumuzu da bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin dərhal verdiyi tapşırıqlara əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb.
Qeyd edək ki, fevralın 6-dan etibarən Azərbaycandan Türkiyəyə təyyarələr və avtomobil karvanları göndərilib. Ümumilikdə, faciə baş verdiyi dövrdən Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin yüzlərlə nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair mal-materiallar zərərçəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Bundan başqa Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər və sahibkarlıq qurumları “Qardaş köməyi” adlı platforma yaradıb. Fevralın 8-də Bakıdakı “KOB Evi”ndə təqdimatı keçirilən bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər də qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara çoxsaylı ləvazimatlar göndərir. Yardımlar davam edir. Yardımlar yalnız paytaxtda, Abşeron yarımadasında, Naxçıvanda, Gəncədə deyil, ümumrespublika miqyasında artan xətt üzrə davam edir.
Bəli, biz bu gün Xalq olaraq Qardaş Türkiyənin yanındayıq. Əminik ki, Türkiyəmiz bu ağır günləri də geridə qoyacaq və əvvəlki tək güclü olacaqdır.

Sabunçu qəsəbəsi, 68 nömrəli tam orta məktəbin
direktor müavini Asiman Paşayev

Oxşar xəbərlər