
Hazırda Ukrayna üzərində Rusiya ilə taqətdənsalma savaşı aparan Qərb üçün Türkiyədəki 14 may seçkiləri fövqəladə dərəcədə əhəmiyyət daşıyır. Onlar hesab edirlər ki, Ərdoğan yenidən prezident seçilməzsə və onu Qərbin müdafiə etdiyi şəxs əvəzləyərsə, bu, 2016-cı ildən etibarən daha açıq şəkildə müşahidə olunan Rusiya-Türkiyə əməkdaşlığına da son verə, beləliklə, Rusiyaya qarşı Qara dəniz hövzəsi - Cənubi Qafqaz - Mərkəzi Asiya xətti boyunca yeni bir cəbhə açıla bilər.
Şübhəsiz ki, bunu Rusiya da bilir və indi Putin üçün Ərdoğanın hakimiyyətdə qorunub saxlanması öz hakimiyyətinin qorunub saxlanması qədər önəmlidir. Bir qədər də dəqiq desək, 2024-cü ildə Rusiya, Ukrayna və ABŞ-da gözlənilən prezident seçkilərinin qədəri daha çox elə Türkiyədəki may seçkilərində yazılacaq.
Bu baxımdan, qarşıdakı 3 ayda Türkiyəyə qarşı Qərbin basqılarının xeyli artacağı, hətta bunun ölkə daxilində davamlı kütləvi iğtişaşlara, toqquşma və etirazlara çevrilməsi üçün cəhdlərə çevriləcəyi proqnozlaşdırılsa da, eyni zamanda antqərb bloku, xüsusən də Çin və Rusiya tərəfindən Ərdoğan hakimiyyətinin sonadək dəstəklənəcəyini də gözləyə bilərik.
Son 20 ildəki fəaliyyətiylə Ərdoğan hamıya sübut edib ki, o, xaraktercə təhlükə qarşısında özünü itirməyən, toparlanan, səfərbər olunan və kritik situasiyalarda daha çevik, effektli davranan, böhranı imkana çevirməyi bacaran Liderdir. İnşallah, o, qardaş Türkiyənin bu faciəsindən yararlanmaq istəyənləri növbəti dəfə məyus edərək, ölkəsinə uzanan yad əlləri kəsəcək, bütün finəkarlıqların qarşısını alacaq və öz xalqını arxasında yenidən toparlamaqla, onu yeni hədəflərə götürməyi bacaracaq!
Biz bu savaşda da, seçimdə də bir əlində “Quran”, dilində azan, Türkiyəni yenidən quran və ümmətini birləşdirərək, onu daha təhlükəsiz bir dünyaya aparmağa çalışan Ərdoğanın yanında, cinahındayıq!
Allah onun və Türkiyəmizin köməyi olsun!
Elxan Şükürlü