“Siyasi partiyalar haqqında” yeni Qanun dövrün tələblərinin zərurətidir

“Siyasi partiyalar haqqında” yeni Qanun dövrün tələblərinin zərurətidir
Parlamentdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər. Həmin müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapmışdı. 50-yə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim etdilər. Sənədin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınmaqla, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirildi. Hər bir ölkənin inkişafında, beynəlxalq mövqeyinin möhkəmləndirilməsində, dünyaya təqdimatında siyasi partiyaların rolunu önə çəkən dövlətimiz daim siyasi partiyaların fəaliyyəti üçün bütün imkanların yaradılmasına səy göstərir. Yeni Qanunda partiyaların dövlət büdcəsindən maliyyələşməsinin prioritet məsələ kimi öndə saxlanılması da bu diqqət və qayğının bariz nümunəsidir. Bu diqqət və qayğının əyani təzahürlərini görmək üçün “Siyasi partiyalar haqqında” Qanunda yer alan məqamlara diqqət yetirmək kifayətdir.
Yeni sənədin tələblərinə uyğun olaraq hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Yeni Qanunda hansı hallarda siyasi partiyaların təsis edilməsinə və fəaliyyətinə yol verilmədiyi də öz əksini tapıb. Əvvəlki Qanundan fərqli olaraq bundan sonra siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Qanuna uyğun olaraq çap mediasını təsis etmək üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər. Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Qanunda siyasi partiyanın maliyyələşdirilməsində əsas məqamlar da yer alır. Ümumilikdə yeni Qanun müasir dövrün bütün reallıqlarını, tələblərini özündə əks etdirir.
Nəbi Hacıyev - YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər