Paşinyan "Qarabağ Azərbaycandır" deməyə məcbur oldu: Ermənistana təhlükəni anladı

Paşinyan Ermənistanın Laçın yolu ilə bağlı prosesdə gücsüz olduğuna eyham vuran baş nazir Nikol Paşinyan Azərbaycanın Xankəndi və ətraf bölgəsinin gələcək taleyinə rəsmi İrəvanın müdaxilə imkanlarından məhrum olduğunu da etiraf edib...

Erməni baş nazir açıq mətnlə xatırladıb ki, beynəlxalq ictimaiyyət əvvəlki kimi, indi də "Dağlıq Qarabağı" Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq, qəbul edir...

Musavat.com bildirir ki, Cənubi Qafqazda təhlükəli situasiyanın yarandığı artıq tam şəkildə dəqiqləşməyə başlayıb. Mövcud vəziyyətin Ermənistan üçün hansı faciəvi nəticələri vəd etdiyini rəsmi İrəvan da anlamış kimi görünür. Hər halda, Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamasında müəyyən narahatlıq nəzərə çarpır. Və rəsmi İrəvan artıq bu təhlükədən yayınmağın mümkün yollarını axtarır.

Halbuki, son günlərə qədər Ermənistan birmənalı şəkildə qarşıdurma və gərginliyin artmasına yönəlik siyasi kursa üstünlük verirdi. Böyük ehtimalla rəsmi İrəvan Ermənistanın beynəlxalq himayədarlarının Cənubi Qafqazdakı geopolitik proseslərə daha aktiv və birbaşa müdaxilə edəcəyinə ümid bəsləyirdi. Ancaq bu ümidlər doğrultmadı. Və beynəlxalq siyasi iradə mərkəzləri Ermənistan ucbatından Azərbaycanla problemlər yaşamağa, Cənubi Qafqazda maraqlarını riskə atmağa həvəs göstərmədi.

Paşinyan "Qarabağ Azərbaycandır" deməyə məcbur oldu: Ermənistana təhlükəni anladı


Əksinə, Ermənistan mətbuatına hakim siyasi dairələrdən sızan məlumatlara görə, rəsmi İrəvana müəyyən xəbərdarlıqlar edilib. Paşinyan hakimiyyətinə bildirilib ki, əgər, Azərbaycan hərbi əməliyyatlara başlayarsa, ABŞ, Fransa və ya hər hansı xarici ölkə, beynəlxalq qurum regionda baş verənlərə müdaxilə etməyəcək. Yəni, yeni savaş vəziyyətində Ermənistanı ümid bəslədiyi heç kim müdafiə edə bilməyəcək. Və Ermənistan Azərbaycanın qat-qat üstün hərbi potensialı qarşısında təkbaşına qalmalı olacaq.

Göründüyü kimi, kifayət qədər ciddi situasiyadır. Ermənistanın indiki mövqeyi ilə bu vəziyyətdən çıxması o qədər də asan deyil. Ona görə də, rəsmi İrəvan istər-istəməz yenidən sülh prosesinə geri dönmək məcburiyyətində qalıb. Ən azından, Ermənistan sülh danışıqlarına başlamağa daha meyilli olduğunun açıq mesajını verməli oldu.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan növbəti dəfə Ermənistan cəmiyyətinə təhlükəsizliyi təmin edə biləcək yeganə faktorun məhz sülh sazişinin imzalanması ilə bağlı olduğuna dolayısı eyhamlar vurub. Onun dediyinə görə, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması olduqca vacibdir. Yalnız bu halda, Ermənistan həm inkişaf edə, həm də xarici hərbi müdaxilə ehtimalından sığortalana bilər: "Türkiyə, Azərbaycan və Gürcüstanla münasibətləri inkişaf etdirərək, sülhə çata bilərik”.

Paşinyan "Qarabağ Azərbaycandır" deməyə məcbur oldu: Ermənistana təhlükəni anladı


Baş nazir Nikol Paşinyan Ermənistanın təhlükəsizliyinin Rusiya ilə bağlı olduğunu iddia edən radikal-revanşist siyasi müxalifətə konkret mesajlar ünvanlayıb. Erməni baş nazir vurğulayıb ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu təkcə təhlükəsizliyə zəmanət vermir, əksinə, həm də ölkə üçün real təhlükələr yaradır. Yəni, N.Paşinyan revanşistlərə anlatmaq istəyir ki, Rusiyaya bəslənən ümidlər praqmatik məzmun daşımır. Kreml Ermənistanı müdafiə etmək imkanında və hətta niyyətində belə, deyil.

Ona görə də, erməni baş nazir revanşist müxalifətə Rusiyaya güvənib, ənənəvi radikal millətçilik mövqeyində israr etməyin təhlükəli olduğunu xatırladır. Üstəlik, bu mövqedən mümkün qədər tez bir zamanda uzaqlaşıb, yeni şərhlərə uyğunlaşmağı məsləhət görür: ”Bizim hazırkı vətənpərvərlik modelimiz erməni millətçiliyinin sovet modelidir. Bu vətənpərvərlik modeli Ermənistan dövləti, erməni dövlətçiliyi ilə kəskin və dərin münaqişədədir”.

Maraqlıdır ki, erməni baş nazir hələlik revanşist çağırışlar ucbatından reallaşmayan Ermənistan üçün fərqli inkişaf perspektivlərinin ön plana çıxarılmasının vacibliyini də vurğulayıb. Onun dediyinə görə, Ermənistan nəqliyyat qovşağına çevrilməkdə olduqca maraqlıdır: "Əgər, Ermənistanla Azərbaycan arasında nəqliyyat-kommunikasiya əlaqələri açılarsa, Şimal-Cənub marşrutu üzrə yük daşımaları xeyli intensivləşə bilər. Bu imkanlara indiyə qədər qorxu və ehtiyatla yanaşılıb. Ancaq bəlkə də buna daha fərqli rakursdan yanaşmağın da vaxtı artıq çatıb. Əgər, biz Ermənistanı təhlükəsiz və imkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, onda regionda münasibətlərin keyfiyyətini də dəyişməliyik”.

Paşinyan "Qarabağ Azərbaycandır" deməyə məcbur oldu: Ermənistana təhlükəni anladı


Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətinə ölkənin inkişaf perspektivlərini təbliğ etməyə çalışır. Erməni baş nazir ölkənin inkişaf perspektivləri qarşısında duran əsas əngəllərin məhz Ermənistan daxilində olduğuna da dolayısı eyhamlar vurur. Onun ”Ermənistanın Laçın yolunun rahat işləməsini təmin etmək öhdəliyi yoxdur” deməsi, həm də rəsmi İrəvanın siyasi iradəsinin belə məsələləri həll etmək üçün yetərli olmadığınının etirafıdır. Çünki o, bildirib ki, üçtərəfli anlaşmalara görə, bu məsələni məhz Rusiya və Azərbaycan öz üzərinə götürüb. Yəni, Ermənistanın Azərbaycanın daxili işi sayılan heç bir mövzunun müzakirəsinə qatılmaq hüququ yoxdur.

Maraqlıdır ki, Laçın yolu ilə bağlı Ermənistanın gücsüz olduğuna eyham vurduqdan sonra, baş nazir Nikol Paşinyan Azərbaycanın Xankəndi və ətraf bölgəsinin gələcək taleyinə rəsmi İrəvanın müdaxilə imkanlarından məhrum olduğunu da etiraf etməli olub. O, açıq mətnlə xatırladıb ki, beynəlxalq ictimaiyyət əvvəlki kimi, indi də "Dağlıq Qarabağı" Azərbaycanın bir hissəsi olaraq, qəbul edir: "Biz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin sadəcə, kağız üzərində yazılmış mətnlər olduğunu düşünəndə bəlkə də praqmatik olmamışıq. Artıq anlamaq lazımdır ki, Ermənistanın "Dağlıq Qarabağ"ın və onun xalqının taleyini həll etmək hüququ yoxdur. Bunu yalnız "Stepanakert"in özü etməlidir”.

Göründüyü kimi, baş nazir Nikol Paşinyan əsas reallığı Ermənistan cəmiyyəti qarşısında açıq şəkildə etiraf etmək məcburiyyətində qalıb. Böyük ehtimalla rəsmi İrəvan Ermənistan üçün yaxınlaşan daha faciəvi təhlükəni artıq anlamağa başlayıb. Ona görə də, erməni radikal-revanşizminin Ermənistanı böyük fəlakətlərə apardığını açıq mətnlə gündəmə gətirməyə çalışır. Və rəsmi İrəvan bu mərhələdə "Dağlıq Qarabağ" iddiaları ucbatından ümumiyyətlə, Ermənistanın itirilə biləcəyindən ciddi şəkildə narahatdır.

Oxşar xəbərlər