30 il ərzində düşmən tərəfindən tamamilə dağıdılmış, viran qoyulmuş şəhər və kəndlərimiz bərpa edilməyə başlandı

30 il ərzində düşmən tərəfindən tamamilə dağıdılmış, viran qoyulmuş şəhər və kəndlərimiz bərpa edilməyə başlandı
Tarixən böyük dövlətçilik ənənələrinə sahib olan xalqımız 90-cı illərdə 70 illik Sovet hakimiyyətindən sonra azadlıq eşqi ilə alışıb yanırdı. Cəsarətli və fadakar qəhrəmanlarımızın canı-qanı bahasına qazandığı müstəqillik bizə ucuz başa gəlmədi. Azərbaycanın müstəqilliyini həzm edə bilməyən düşmənlər 20 Yanvar və Xocalı faciələri kimi qırğınlar törətdi və torpaqlarımızın 20 faizinin erməni işğalı altına düşməsinə havadarlıq etdi. Ulu Öndərimiz Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev həmişə torpaqlarımızı istər danışıqlar masasında istərsə də hərbi yolla geri qaytaracağımızı əminliklə söyləmişdir.
Nəhayət 2020-ci il 27 sentyabr günü mənfur düşmənin növbəti təxribatının qarşısını alan Azərbaycan ordusuna əks-hücum əmri verildi. Bu 30 ildə yüksək nizam intizamla qurulmuş və ən müasir silahlarla təchizatlanmış ordumuz 44 gün ərzində işğal altında olan torpaqlarımızın böyük hissəsini, o cümlədən Qarabağın gözü və Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərini azad etdi.
Nə xalqımız, nə ordumuz nə də prezidentimiz daha çox qan tökülməsində maraqlı olmadığı üçün 2020-ci il noyabrın 10-da Ermənistan tərəfinin kapitulyasiya istəyi dövlət başçımız tərəfindən qəbul edildi.
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri ve Rusiya Federasiyasının Prezidenti birgə Bəyənat imzalamaqla Dağlıq arabağ münaqişəsi zonasında hərbi əməliyyatlar tam dayandırıldı.
44 günlük İkinci Qarabağ müharibəsinə son qoyan, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatın əhəmiyyəti münaqişə ocaqlarında qanlı döyüşlərin saxlanılması, Azərbaycanın öz qələbəsini qanuniləşdirmək, hərbi yolla işğaldan azad olunmamış digər ərzailərin (Ağdam, Kəlbəcər, Laçın) Azərbaycana qaytarılması, Azərbaycanın əsas quru hissəsi ilə Naxçıvan MR arasında yerüstü nəqliyyat və kommunikasiya imkanlarının yaradılması oldu.
2-ci Qarabağ müharibəsindəki şanlı qələbəmiz ən başda şəhidlərimiz,qazilərimiz olmaqla dövlətimizin və xalqımızın həmrəyliyi hesabına əldə edilərək ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələndi və dünyaya elan edildi. Həmçinin qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi bu qələbədə önəmli rol oynadı.
10 noyabr bəyanatının imzalanmasının ardından 30 il ərzində barbar düşmən tərəfindən tamamilə dağıdılmış, viran qoyulmuş şəhər və kəndlərimiz bərpa edilməyə başlandı. Qələbədən cəmi 2 il keçməsinə baxmayaraq artıq böyük iqtisadi layihələr həyata keçirilmişdir. Fizuli və Zəngilanda hava limanları istifadəyə verilmiş, Laçın hava limanının isə təməli qoyulmuşdur. Tamamilə dağıdılmış yol infrastrukturunun bərpası istiqamətində işlər aparılmış, Füzulidən Şuşaya qədər uzanan Zəfər yolu inşa edilmişdir.
Zəngilanın Ağalı kəndində ən müasir standartlara uyğun ağıllı kənd layihəsi həyata keçirilmiş və vətən həsrəti ilə yaşayan soydaşlarımız öz dədə-baba yurdlarına köçürülmüşdür.
Böyük tikinti-quruculuq işləri davam edəcək və tezliklə bütün məcburi köçkünlər öz doğma yurdlarına, evlərinə geri dönəcəklər.
Hər kəs bir daha şahid oldu ki Azərbaycan xalqı milli kimliyindən, dini inancından və sosial vəziyyətindən asılı olmayaraq dövlətimizin bütövlüyü uğrunda vahid yumruq kimi birlikdir. Bu, Qarabağda yaşayan erməni əsilli əhaliyə tutarlı bir mesaj olub onlara Azərbaycan vətəndaşlığı altında güvən vəd edir.

Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Tünzalə Məmmədova

Oxşar xəbərlər